"Bu gün həmkarlarımla birlikdə müstəqil dövlətimizin ərazi bütövlüyünün qorunması kimi müqəddəs amal və məqsəd uğrunda qəhrəmancasına həlak olmuş general-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucalmasının birinci ildönümü ərəfəsində ailəsini ziyarət etdik".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım özünün feysbuk səhifəsində bildirib.
"Vətən yolunda böyük şücaət və rəşadət nümunəsi ortaya qoyan qəhrəman generalımızın ailəsinə bir daha başsağlığı verdik, dərdlərinə şərik olduq, Azərbaycan xalqının Polad Həşimovla fəxr etdiyini qürurla ifadə etdik. Qətiyyətlə vurğuladıq ki, onun adı şanlı tariximizin əbədiyyət səhifələrinə qızıl hərflərlə yazılıb!
General-mayor Polad Həşimovun anası Səmayə ananı dinlədikcə bir daha qəhrəmanlarımızın yetişməsində, şəxsiyyət kimi formalaşmasında analarımızın böyük rolu olduğunu gördük.
Bu gün həmçinin Sumqayıt Şəhidlər Xiyabanını ziyarət etdik. 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun, qəhrəman əsgərlərimizin torpaqlarımızı işğaldan azad etməsi ilə bütün şəhidlərimizin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun da qısası alınmış oldu. Ürəyi vətən sevgisi ilə döyünən polad iradəli generalımız qələbə gününü görməsə də, bu gün onun ruhu şaddır!
Vətən qəhrəman övladları ilə hər zaman qürur duyur! Bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!", - deyə deputat yazıb.