Azərbaycan silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsi zamanı verdiyi şəhid sayı sonuncu rəsmi statistikada 2906 nəfər qeyd edilib. Müdafiə Nazirliyi Vətən müharibəsi şəhidlərinin sonuncu siyahısını 30 iyun 2021-ci il tarixində dəyişib. Həmin siyahıda 8 hərbi qulluqçumuz itkin düşmüş sayılır.
Şəhidlərimizin arasında dünyaya gələcək övladlarını görmədən bu dünyadan köçənləri var.
Modern.az-ın məlumatına görə, Vətən müharibəsindən sonra 100 şəhid övladı dünyaya gəlib. Bu körpələrin ayrı-ayrılıqda təqdimatına davam edirik.
Dünyaya gələcək körpəsini görmədən şəhid olan qəhrəmanlarımızdan biri də Şəhriyar Əvəz oğlu Ağamalıyevdir.
Arayış: Şəhriyar Ağamalıyev 1989-cu il sentyabrın 28-də Hacıqabul şəhərində anadan olub. Hacıqabul şəhər 1 saylı tam orta məktəbi bitirib. Bakı İslam Universitetində ali təhsil alıb. Vətən müharibəsi zamanı xüsusi təyinatlı həmlə qrupunun komandiri olub. Oktyabrın 30-da Tərtərin Suqovuşan qəsəbəsinin azdlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidin qəhramanlığı haqqında ömür-gün yoldaşı Nərminə Ağamalıyeva Modern.az-a danışıb.
N.Ağamalıyeva şəhidimizin “Vətən müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyir:
“Hərbi sahədən öncə yoldaşım bir müddət SOCAR-da çalışıb. 2017-ci ildə sənəndlərini hərbi hissəyə təqdim edib və kurs keçərək, leytenant rütbəsi ilə xidmətə başlayıb. Onda hərbiyə maraq uşaqlıqdan olub. Qəhrəmanlıq həyat yoldaşımın canında, qanında idi. Ailəsi, yaxınları hərbçidir.
Şəhriyar İkinci Qarabağ müharibəsi zamanı Murovdağın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Suqovuşan döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. Ancaq mən bununla razı deyiləm çünki yoldaşımın müharibə zamanı igidliyindən, cəsurluğundan bütün hərbi hissə danışır.
Ona “Vətən müharibəsi Qəhrəmanı” fəxri adının verilməsini istəyirəm və dəfələrlə prezidentə də müraciətlər ünvanlamışam”.
Nərminə xanım söyləyib ki, həyat yoldaşının övladlarına olan arzularını əlindən gələn qədər həyata keçirəcək:
“Universitetdə oxuyan zaman tanış olmuşduq. 2017-ci il sentyabrın 6-da ailə qurmuşuq. Şəhriyarın 2-ci övladımızın doğulacağından xəbəri var idi. Amma ad qoymamışdı. Mən onun adına uyğun olaraq qızımıza Şəhrinur adını verdim. Həyat yoldaşımın övladlarına olan arzularını əlimdən gələn qədər həyata keçirəcəm.
Şəhriyarın aviasiya sahəsinə marağı var idi. Oğlumun hərbi pilot, qızımın isə hərbi həkim olmağını istəyərəm. Çalışacam ki, onun ad-sanına layiq övladlar yetişdirim”.
Humay isgəndərova