Modern.az

Eldəniz Səlimovu hansı cəza gözləyir?

Eldəniz Səlimovu hansı cəza gözləyir?

Aktual

30 İyul 2021, 12:27

Xəbər verdiyimiz kimi, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimov polis əməkdaşını döyüb. 

 

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata görə, iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimov qohumuna məxsus iaşə obyektində sərxoş vəziyyətdə Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.

 

Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Fakt üzrə araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.

 

Ötən gündən geniş rezonans doğuran hadisəyə hüquqi qiymət necə verilməlidir? Deputatı hansı cəza gözləyir?

 

Hüquqşünas Fariz Namazlı Modern.az-a bildirib ki, deputatla bağlı fakt öz təsdiqini taparsa, onun toxunulmazlığına xitam verilə bilər.

 

“Öncə deputatın toxunulmazlıq hüququna xitam verilməlidir. Daha sonra cinayət hüququ ilə bağlı tədbirlər görülə bilər. Polisə yetirilən xəsarətin dərəcəsinə, onun peşə fəaliyyətini həyata keçirərkən döyülüb-döyülməməsinə uyğun maddələr əsasında cinayət işi açılacaq. İttihama müvafiq olaraq, məhkəmə həbs cəzası və digər tədbirlərlə bağlı qərarlar verməlidir”.

 

Qeyd edək ki, deputat Eldəniz Səlimovun polisi döyməsi məsələsi Milli Məclisin İntizam Komissiyasında müzakirə olunacaq.

 

Humay İsgəndərova

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?