Modern.az

Canından keçməyi bacara bilən jurnalist

Canından keçməyi bacara bilən jurnalist

Aktual

20 Avqust 2021, 11:35

Ömrünün 43 ilini jurnalistikaya həsr edən Faiq Sadıqov 65 illik yubileyini qeyd edir. Jurnalistika ixtisasdır və hər bir ixtisasın arxasında insan faktoru dayanır. İnsanlar isə müxtəlifdir, qorxağı da var, cəsarətlisi də. Ola bilsin ki, başqa ixtisas sahiblərinə cəsarət anlamı elə də vacib deyil, amma jurnalistikada bu keyfiyyət kəm olanda qabarıq nəzərə çarpır.


Əməkdar jurnalist Faiq Sadıqov da Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq, peşəkar yazar olmaqla yanaşı, həm də cəsarətli jurnalist kimi onu tanıyanların böyük hörmətini qazanıb. Faiq müəllimi tanıyan dostları, tanışları, tələbələri onun necə bir vətənpərvər, təvazökar, səmimi insan onduğunu yaxşı bilirlər.


1956-cı ilin avqustunda Ağdaş rayonun Ləki qəsəbəsində anadan olan Faiq Sadıqov, 12 uşaqlı ailənin ilk oğlan övladı olub. Məhz buna görə də hələ uşaq və yeniyetmə yaşlarından zəhmətkeşliyinə görə yaşıdlarından fərqlənib.


Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistrika fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra Dövlət Tele-Radio Komitəsinin Yevlax radio verilişləri redaksiyasında redaktor kimi əmək fəaliyyətinə başlayıb. Qarabağda erməni separatizmi və terrorizmi baş qaldıran ilk günlərdən isə bir vətənpərvər kimi bu vəşiliyə qarşı mübarizənin ön sıralarında yer alıb, 4 il həyatını təhlükəyə ataraq “Ədalət” qəzetinin cəbhə müxbiri kimi  birinci Qarabağ savaşının ən qaynar nöqtələrindən xəbərlər, reportajlar hazırlayıb. Müharibə başlayandan atəşkəsə qədər döyüş nöqtələrindən qəzetə operativ xəbərlər verib, müharibənin dəhşətlərini əks etdirən yazılar göndərib.


Yaşadığı Yevlax rayonundan avtobusla, yaxud da təsadüfi avtomobillərlə Ağdama, Füzuliyə, Goranboya, Tərətərə və digər döyüş bölgələrinə yollanan, Faiq Sadıqov oradan lap ön xəttə getməkdə çətinlik çəkdiyi üçün Qarabağdakı hərbi hissələrin birinə döyüşçü kimi üzv yazılıb, səngərlərdə gecələyib, ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayıb.


Təəssüf ki, məğlubiyyətimizlə bitən bu müharibə onun da xatirələrində dəhşətli izlər qoyub. O izlər ki, son 30 ildə Faiq Sadıqov yuxularında da həmin ağrı-acıları yayaşıb.


Müharibə zamanı gördüyü dəhşətlərdən hazırladığı materillar, cəbhə xatirələri onun “Qarabağdan xəbər var” adlı kitabında toplanıb və həmin kitab bir növ birinci Qarabağ müharibəsinin  tarixidir. Təsadüfi deyil ki, millət vəkili, yazıçı-pulisist Aqil Abbas həmin kitaba yazdığı ön sözdə bu cəfakeş insanı  “canından keçməyi bacaran jurnalist”  kimi xarakterizə edib. Faiq müəllim  mətbuata verdiyi müsahibələrin birində  belə deyib:

“30 il idi ki,şəxsən mən heç bir bayramı xüsusi sevinclə, şövqlə qeyd edə bilmirdim. Şəxsən mən belə hesab edirdim ki, - ifadəmə görə üzr istəyirəm- biz şərəfsiz bir ömür yaşayırdıq. Qəddimiz əyilmiş, ləyaqətimiz tapdanmışdı. Azadlığımızı, suverenliyimizi yarımçıq hesab edirdim. Bu dəfəki ad günümü  çox böyük sevinclə qeyd edirəm. Çünki bu, Vətən müharibəsindəki misilsiz qələbəmizdən sonra keçirdiyim ilk yubileydir. Ali Baş Komandan İlham Əliyev və onun qəhrəman əsgərləri 44 günlük müharibədə Azərbaycanın dövlətçilik tarixində nadir təsadüf olunan bir zəfərə imza atdılar -haqq-halal torpaqlarımızla birlikdə şərəfimizi, ləyaqətimizi, mənliyimizi, bütövlüyümüzü bizə qaytardılar. Mən bu möcüzəni yaradan dövlət başçısı və hərbçilərimiz qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Həyatımda 2 dəfə hönkürtü ilə ağlamışam- bir 1993-cü Qarabağdakı sonuncu yaşayış məntəqəsini tərk edərkən dönüb geriyə baxdığım zaman, bir də Ali Baş Komandan Şəhidlər Xiyabanında Şuşanın azad edilməsini elan edəndə”.


Faiq Sadıqov birinci Qarabağ müharibəsi dayandıqdan sonra yenidən Azərbaycan Televiziyasına qayıdaraq ən məsul işlə məşğul olub- Ümumilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xarici səfərlərindən, bölgələrdə vətəndaşlarla görüşlərindən və digər rəsmi dövlət tədbirlərindən reportajlar və videomateriallar hazırlayıb.


Faiq Sadıqovun jurnalist kimi məhsuldar yaradıcı fəaliyyəti, fədakar əməyi  Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirlilib. O, dövlət başçısı tərəfindən “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb.


Qayğıkeş ailə başçısı olan Faiq Sadıqovun iki övladı, 5 nəvəsi var. Övladlarından  biri mənəm - Pərvin SADIQOV, jurnalist.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı