Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının fizioterapiya və reabilitasiya şöbəsində bir çox xəstəliklərin profilaktikasında fizioterapiya effektiv üsul kimi tətbiq olunur. Fizioterapik müalicə təhlükəsiz üsul olduğu üçün bir çox xəstəliklərdən əziyyət çəkənlər ona üstünlük verirlər. Şöbənin 10 ilə yaxın fəaliyyəti dövründə minlərlə pasiyent tibbi personalın xidmətindən yararlanıb və onların sağlamlığı bərpa olunub.
Modern.az xəbər verir ki, şöbə müdiri Nurlana Əliyeva fizioterapiyanın ən çox oynaq, dayaq-hərəkət sisteminin bərpası zamanı istifadə olunduğunu bildirib. O qeyd edib ki, fizioterapiya fiziki üsullarla müalicə deməkdir. Pasiyentlərin müalicəsi zamanı elektrik, maqnit və ultrasəs dalğalarından istifadə olunur.
N.Əliyeva neyrocərrahiyyə, nevrologiya, travmatologiya və ortopediya şöbəsində müalicə alanların əksəriyyətinin bərpa prosesində onun rəhbərlik etdiyi şöbənin müstəsna xidmətləri olduğunu vurğulayıb. Bildirib ki, pasiyentlər əməliyyata qədər və əməliyyatdan sonra fizioterapiya müalicəsi alıblar: “Bəzi xəstələrə əməliyyata göstəriş olsa da, şöbəmizdə müalicə aldıqdan sonra buna ehtiyac qalmayıb və sağalıb gediblər”.
Şöbə müdiri, həmçinin Vətən müharibəsində yaralanan 700-dən çox qazinin fizioterapiya və reabilitasiya şöbəsində müalicə aldığını, onların böyük əksəriyyətinin sağaldığını qeyd edib: “Şöbəmizdə aparılan müalicələrdən sonra ayağa qalxmayan qazı olmadı. Peşəkar həkim personalımız böyük həvəslə qazilərimizi müalicə etdi, onların qulluğunda durdu. Üç qazimiz ağır onurğa, kəllə-beyin travması aldığına görə müalicə üçün Türkiyəyə göndərildi. Onlar da sağalaraq Vətənə döndülər”.
Mütəxəssis, həmçinin insult xəstələrinin həmin şöbədə müalicə kursu keçdiyini və aparılmış müalicənin əksər hallarda effekt verdiyini də diqqətə çatdırıb.