Avqustun 20-də Modern.az İnformasiya Agentliyinə dərc olunan “Ermənişünas alim: “Arazdəyən tarixi Azərbaycan torpağıdır”” başlıqlı məqalə deputat Əziz Ələkbərli ilə alim Qafar Çaxmaqlı arasında mübahisə doğurdu.
Məqalənin dərc edilməsindən üç gün sonra əslən Qərbi Azərbaycanın Vedi mahalından olan deputat Əziz Ələkbərli Qafar Çaxmaqlının səsləndirdiyi “Arazdəyən və Zəngəzur Qarabağ məliklərinin yerləşdiyi ərazilər olub” fikirləri ilə bağlı “Facebook” hesabında paylaşım etdi. O, həmin paylaşımda Qafar Çaxmaqlının adını çəkməsə də, mövzuya dair tənqidi fikirlər səsləndirdi, eyni zamanda Arazdəyən haqqında bəzi məlumatları izləyicilərin diqqətinə çatdırdı.
Modern.az mövzunun aktuallığını nəzərə alaraq, həmin gün deputatın paylaşımını xəbər kimi işıqlandırdı. (Yazı ilə buradan tanış ola bilərsiniz)
Ardınca Qafar Çaxmaqlı redaksiyamıza müraciət edərək, tənqidlərə cavab vermək istədiyini, fikirlərinin dərc olunmasını xahiş etdi. Biz də jurnalistikanın qızıl qaydalarından kənara çıxmadan onun mövqeyini saytımızda dərc etdik. (Yazını buradan oxuya bilərsiniz)
Lakin tərəflərin Azərbaycan üçün son dərəcə həssas olan mövzuda - Arazdəyənlə bağlı fikirayrılığının sağlam polemikadan çox qarşılıqlı ittihamlar müstəvisinə keçməsi təəssüf doğurur.
Bu məqamda bəzi nüanslara aydınlıq gətirmək yerinə düşər.
Əvvəla onu bildirək ki, “Deputat Qafar Çaxmaqlını ittiham etdi” başlıqlı yazı Əziz Ələkbərli tərəfindən redaksiyamıza göndərilməyib. Deputat belə bir təşəbbüs irəli sürməyib.
Son vaxtlar Arazdəyənin tarixi və yerləşdiyi coğrafiya ilə bağlı informasiyaların oxucular tərəfindən böyük maraqla qarşılanmasını və mövzunun əhəmiyyətini nəzərə alaraq, onun “Facebook” statusunu xəbər kimi dərc etmişik.
Məqsədimiz iki ziyalını üz-üzə qoymaq, qalmaqal yaratmaq deyil, Arazdəyənlə bağlı oxucuların bilmədiyi məlumatları onlara çatdırmaq idi. Təbii ki, bundan öncə də müxtəlif mövzular barədə dəfələrlə onların fikirlərini tirajlamışıq, müsahibə və məqalələrini yayımlamışıq.
Bu dəfə də jurnalistikanın etika və peşə prinsiplərinə riayət edərək həm Əziz Ələkbərlinin, həm də Qafar Çaxmaqlının mövqeyini nöqtə-vergülünə belə dəymədən, olduğu kimi işıqlandırdıq, tərəf olmadığımızı ortaya qoyduq və peşəkar media orqanı olaraq üzərimizə düşəni etdik.
Əfsuslar olsun ki, mövzunun polemika sərhədlərini aşaraq, sərt ittihamlarla böyüməsi xoş təsir bağışlamır və belə mübahisənin olmasına təəssüflənirik.
Xatırlatmaq istərdik ki, tarixi torpaqlarımız olan Zəngəzur və Arazdəyən 44 günlük Qarabağ Zəfərindən sonra Azərbaycanın dövlət və xalq olaraq əsas hədəfidir. Hər birimiz bu istiqamətdə var gücümüzlə çalışmalı, hədəfə doğru inamla addımlamalıyıq.
Eyni zamanda bildirməliyik ki, əcdadlarımızın yurd yerləri barədə dolğun məlumatları vətəndaşlara çatdırmaq, onlara eşitmədikləri, oxumadıqları informasiyaları vermək bizim jurnalist kimi peşə borcumuzdur. Lakin indiki həssas məqamda bir-birimizi incidəcək mübahisələr yaratmaq, üzdə olan dəyərli simaların xətrinə dəymək yalnız düşmənlərimizi sevindirə bilər. Modern.az ailəsi olaraq biz bunu qətiyyən arzulamırıq.
İnanırıq və əminik ki, deputat Əziz Ələkbərli və ermənişünas alim Qafar Çaxmaqlı aralarında yaranmış anlaşılmazlığı aradan qaldıraraq, bundan sonra da tariximizlə bağlı dərin bilgilərini Azərbaycan ictimaiyyəti ilə bölüşüb, vətəndaşların maariflənməsinə yönəldəcəklər.