“1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı cinayət törədilmişdi. Bu, bəşəriyyət, insanlıq əleyhinə olan cinayət kimi tərəfimizdən qiymətləndirilib, hüquqi qiymət verilib”.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror qeyd edib ki, bu, insanlıq əleyinə olan əmr idi:
“Həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi. Təbii ki, bu, insanlıq əleyhinə olan bir qərar və əmr idi. Bundan sonrakı hadisələr də göz qabağındadır.
Bildiyiniz kimi həmin faktla bağlı cinayət işi başlanılmışdı, prokurorluqda istintaq aparılıb. Burada bir neçə cinayət bir icraatdadır. Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquqi, siyasi qiymət verildi, 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Ümumxalq hüzn günü elan edildi.
Bundan öncə də Azərbaycanda hakimiyyətdə olan qüvvələr 20 Yanvar qırğınına heç bir reaksiya verməmişdi. Heydər Əliyev hadisə törədiləndən dərhal sonra Moskvada hakimiyyət qurumları qarşısında öz münasibətini bildirmiş, həmin hadisəni kəskin pisləmişdi. Daha sonra cinayət işi başlanıb, istintaq aparılıb. Hadisəni törədən şəxslərin, demək olar, hamısı dindirilib”.
K.Əliyevin sözlərinə görə, 20 Yanvar faciəsində 147 nəfər həlak olub:
“744 nəfər müxtəlif bədən xəsarətləri alıb, 841 nəfər həmin dövrdə qanunsuz həbslərə məruz qalıb. Paytaxta dəyən maddi ziyan isə milyon dollara bərabər oldu. Azərbaycan xalqının əzmini qırmaq istəyirdilər, buna nail ola bilmədilər”.