Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Nijde haqqında film nümayiş etdirməklə Ermənistan ordusu gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.
Modern.az xəbər verir ki, “Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı nasizmin və onun əlaltılarının reabilitasiyası üçün bu məsələnin araşdırılmasını və buna hüquqi qiymət verilməsi xahişi ilə Rusiya baş prokuroru İqor Krasnova müraciət edib.
Veteranların müraciətlərində qeyd edilir ki, film Böyük Vətən Müharibəsi illərində Hitlerə xidmət edən erməni millətçisinin tərənnümünə həsr olunub.
“Nasist cinayətkarlarına və onların ortaqlarına haqq qazandırmaq üçün edilən istənilən cəhdlər sadəcə tarixin saxtalaşdırılması deyil, eləcə də əxlaqsız xarakter daşıyır”, - veteranlar bildiriblər.
Qeyd edək ki, Rusiyadakı erməni diasporu “Soyuz Armyan Rossii”nin təşkilatçılığı ilə bu gün Ermənistan ordusunun yaranmasının 30 illiyi münasibətilə faşist Nijdeyə həsr olunan filmin nümayişini keçirməyə hazırlaşıb. Erməni diasporunun bu addımı Rusiya ictimaiyyətində etirazla qarşılanıb. Rusiya mediasında və sosial şəbəkələrdə ermənilərin bu addımına dövlət qurumlarının susqunluğu tənqid olunub.
Rusiyalı tanınmış hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesablarında “Dünən Leninqradın blokadadan çıxarılmasının 78-ci ildönümünü qeyd etdik, bu gün isə Moskvada Hitlerin əlaltısı haqqında film göstərəcəklər. Sadəcə, söz yoxdur. Nasist cinayətkar Qaragin Nijdeni tərənnüm edən film və kitablar ekstremist materialların federal siyahısına salınmalıdır”, - tənqidi status yazaraq öz etirazını bildirib.