Modern.az

Ukraynada yaşayan azərbaycanlılar geri çağırılmayacaq

Ukraynada yaşayan azərbaycanlılar geri çağırılmayacaq

Aktual

15 Fevral 2022, 15:20

Son günlər dünyanın gündəmi Ukrayna və Rusiya arasında davam edən gərginliyə yönəlib. Proseslərin təhlükəli həddə çatdığı bir məqamda bir çox ölkələr öz vətəndaşlarına Ukraynanı tərk etməyi tapşırıb. Artıq 35-dən çox ölkə Ukraynanı təhlükəli ölkə hesab edərək, vətəndaşlarını buradan çıxmağa çağırıb. 

 

Bu siyahıda Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya, Litva və başqa ölkələri görmək olar.

 

Ukrayna ətrafında yaşanan gərginliklər fonunda Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılmasına ehtiyac varmı?

 

Panikaya düşmək lazım deyil...

 

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov Modern.az-a açıqlamasında bildirib ki, hələlik belə çağırışlara ehtiyac yoxdur:

 

 

“Son zamanlar dünyanın gündəmini zəbt edən Ukrayna məsələsi əsas mövzulardan biridir. ABŞ başda olmaqla bir neçə ölkə öz diplomatlarının təcili olaraq Ukraynadan çıxarılması barədə göstəriş verib. Hətta ABŞ səfirliyinin müvəqqəti olaraq Kiyevdən Lvova köçürülməsi, vətəndaşların təcili çıxarılması ilə bağlı həyacanverici çıxışlar yayılıb. Azərbaycan və Ukrayna arasında çoxistiqamətli əlaqələr var. İki ölkə strateji dostluq münasibətlərini daha da genişləndirir. Cənab Prezident bu yaxınlarda Ukraynada səfərdə oldu. Bu səfərin baş tutması, danışılan məsələlər iki ölkə arasında münasibətlərin inkşaf mənzərəsini bir daha gözümüz qarşısına gətirdi. Bu münasibətlər son vaxtlar daha da güclənməyə davam edir. Düşünürəm ki, hazırda nə qədər həyəcanverici çıxışlar olsa da, deyə bilərik ki, bunlar daha çox media ilə bağlı məsələlərdir. Xəbərlərdə daha çox şişirdilmə hiss olunur. Çünki biz daim Ukrayna ilə əlaqə saxlayırıq, hazırda bir çox dostlarımız ordadır, Ukraynada həyat  öz axarında davam edir. Böyük panika yoxdur, dövlət başçısı da xalqı narahat edən məsələlərdə öz fikrini bildirib. Gərginliyə ehtiyac yoxdur, Rusiya da bunu dəfələrlə bildirir ki, müharibə etmək istəmir. 

 

Bundan sonra nələrin olacağını yaxın zamanda görəcəyik. Amma mən düşünürəm ki, biz bu panikaya qoşulmamalıyıq. Ukraynadakı səfirliyimizi, vətəndaşlarımızı geri çağırmağa hazırda ciddi səbəb görmürəm. Buna hələlik ehtiyac duymuruq”.

 

Vətəndaşların ölkədən çıxması ilə bağlı iş bitmir...

 

 

İşçi qrupunun digər üzvü, deputat Naqif Həmzəyev də Azərbaycan vətəndaşlarının Ukraynadan geri çağırılmasına ehtiyac olmadığını söyləyib:

 

“Bu gün dünyanın əsas gündəmi Ukraynadır. Hazırda biz Ukrayna və Rusiya arasında gərginliyin şahidi oluruq. Bu gərginliyin fonunda Qərb dövlətlərinin açıqlamaları, öz vətəndaşlarını Ukraynadan çıxarması ilə bağlı xəbərlər gündəmdədir. Ancaq bildiyimiz kimi, bundan öncə də Ukrayna-Rusiya arasında gərginlik yaranmışdı. Daha gərgin hadisələrin şahidi olmuşduq. Həmin vaxtı Azərbaycan tərəfindən belə bir bəyanatı müşahidə etməmişik.

 

Azərbaycan regionda hansısa dövlətdə münaqişənin baş verməsini istəmir. Bizim üçün Ukrayna yaxın, dost, müttəfiq ölkədir, həmçinin Rusiya da Azərbaycanın qonşusudur, strateji əməkdaşlığımız var. Bu baxımdan hələlik belə bir zərurət yoxdur ki, vətəndaşlarımız oradan çıxarılsın. Lazım olacağı təqdirdə Azərbaycanın aidiyyatı qurumları bu barədə vətəndaşlarımızı xəbərdar edəcək. Yalnız vətəndaşlarımızın çıxması ilə bağlı iş bitmir, çünki orada çoxlu sayda Azərbaycan əsilli Ukrayna vətəndaşları yaşayır. Bu baxımdan biz iki ölkə arasında əlaqələrin pozulmasını istəmirik. Rusiya və Ukrayna arasında əlaqələrin yaxşılaşmasının, sülhün tərəfdaşıyıq. Ümid edirik ki, deyilənlər gerçəkləşməyəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı