“ABŞ və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar. Kreml sahibi Vladimir Putin sanksiyalardan çəkinsəydi, 2014-cü ildə Ukraynanı parçalayıb Krımı ilhaq etməz, Donbass separatçılarına dəstək verməzdi”.
Modern.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
O deyib ki, sanksiyalar Putini qorxutmur, onu gələcək addımlardan çəkindirmir:
“ABŞ prezidenti Co Baydenin ilk elan etdiyi sanksiya qərarı Amerika şirkətlərinə Donbasla əlaqəni qadağan etməsidir. Putin bu cür sanksiyadan niyə qorxsun ki? Donbass böyük ərazi deyil ki, Amerika şirkətlərinin bu bölgədə fəaliyyətinə marağı olsun və əksinə, Donbassın özünün Amerika yatırımlarına ehtiyacı yoxdur, nə gərəkirsə Rusiyadan əldə edəcək”.
Siyasi şərhçinin fikrincə, Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbassı Rusiya ərazisi kimi tanısınlar.
“Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Belarus prezidenti Aleksandr Lukaşenko Moskvadan tam asılı olmasına baxmayaraq, bugünə qədər Krımı rəsmən Rusiya ərazisi kimi tanımayıb, ilhaqdan sonra yarımadaya getməyib. İndi də Lukaşenko hadisələrin gedişatını izləyəcək.
Çinin özünün ərazi bütövlüyü və separatçılıq problemi var və məntiqlə Ukraynaya da eyni pirzmadan yanaşmalıdır. Pekin uyğurlara qarşı ona görə mübarizə aparır ki, Çinin bölünməsinin qarşısını alsın. Pekin eləcə də Tibeti ciddi nəzarət altında saxlayır. Çin bundan başqa Tayvanla bağlı planı da var ki, adanın ona aid olduğunu iddia edir.
Buna baxmayaraq, Pekin Kremlin Donbası Ukraynadan qoparmasına səssiz qalıb. Halbuki, ərazi bütövlüyü prinsipini rəhbər tutan Pekin başqa ölkələrə münasibətdə də eyni prinsipdən çıxış etməlidir. Ancaq söhbət Rusiyadan getdiyinə görə Pekin seyrçi qalıb”.
BMT-nin məsələyə reaksiyası barədə danışan ekspert deyib ki, Ukrayna və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb Rusiya əleyhinə qərar verməyə çalışırlar.
“Təhlükəsizlik Şurasında veto hüququna malik olan Çin buna imkan verməyəcək. Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun bildirib ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Nə danışıq? Rusiya artıq separatçıları tanıyıb və geri addım atmayacaq, bu Ukraynanın parçalanması deməkdir. Diqqəti çəkən odur ki, Çin təmsilçisi Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlə işlətməyib. Beləliklə, Qərbi ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin fevralın 21-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında dostu Dmitri Medvedevin çıxışı diqqət çəkib:
"Medvedev dedi ki, Donbasın “tanınmasıyla” bağlı Qərbin mümkün təzyiqlərindən qorxmaq lazım deyil. Medvedevin arqumenti bu oldu ki, ixtilafa baxmayaraq, Rusiya ilə dialoqun davamı Qərb üçün vacibdir və Rusiya Qərb üçün Ukraynadan daha əhəmiyyətlidir. Medvedevin digər arqumenti bu idi ki, bir müddət keçəcək Qərb Donbasın “tanınması” faktını unudacaq və proses əvvəlki axarına qayıdacaq.
Dmitri Medvedev o qədər də haqsız deyil. Onun prezident olduğu 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən ilhaq etdi, bu böglələrin “müstəqilliklərini” tanıdı. Qərb ölkələri həmin günlərdə Kremli qınadılar, ancaq bir müddət sonra Gürcüstanın parçalanması unuduldu, heç Rusiyaya qarşı sanksiya da tətbiq olunmadı.
Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə artıq “qırmızı çizgilər” aşıldı və bu dəfə Rusiyaya qarşı sanksiyalar tətbiq edildi. Ancaq sanksiyalarla yanaşı, Kremllə dialoq da davam edirdi, Rusiyanın Avropaya qaz tədarükü artdı, Baltik dənizinin dibi ilə yeni boru xətti çəkildi. Medvedev məhz bunları nəzərdə tutaraq, Qərbin Donbasın Rusiya tərəfindən ilhaqının da bir müddət sonra unudulacağına arxayındır. Ancaq məsələ bundadır ki, Rusiyanın iştahı getdikcə artır və bunu Kreml sahibinin dünənki çıxışından da aydın sezmək olardı. Vladimir Putin əgər əvvəlki çıxışlarında keçmiş SSRİ-nin xislətini çəkirdisə, dünənki geniş nitqində Rusiya imperiyasının əzəmətindən ağız dolusu danışırdı. Demək Kreml Donbasla kifayətlənən deyil. Odur ki, Rusiya bir yolla dayandırılmasa növbədə başqa hədəflər olacaq".