Modern.az

11 aprel seçkiləri və zəfərimiz - Musa Qasımlı yazır

11 aprel seçkiləri və zəfərimiz - Musa Qasımlı yazır

Aktual

10 Aprel 2022, 11:21

Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə hakim Yeni Azərbaycan Partiyası növ­­­bə­dən­­kənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seç­ki­lə­­rinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən seç­ki­lər 2018-ci il aprelin 11-nə təyin edildi.

 

Nə üçün növbədənkənar prezident seçkiləri?

 

Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proq­noz­laş­dı­rıl­ma­yan pro­ses­lər getdiyindən keçirilən demokratik seçkilər həm də Azər­bay­­ca­nın beynəlxalq möv­­qelərini möhkəmləndirəcəkdi.

 

Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhə­miy­yə­ti­nə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qə­dər güc­lənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və bey­nəl­xalq proseslərə təsir imkanları qazanması seç­­kilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azər­­baycan deyil, regionda geo­siyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.

 

Seçkilərin gedişi və nəticələri

 

Seçkilərdə 8 namizəd mübarizə aparırdı. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası, Araz Əliza­­dənin na­­mizədliyi Azərbaycan Sosial Demokrat Partiyası, Qüdrət Həsən­qu­li­yevin na­mizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Fərəc Quli­ye­vin na­mizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası, Hafiz Hacıyevin na­mi­zəd­liyi Müasir Müsavat Partiyası, Sərdar Məmmədovun na­mizədliyi Azər­baycan Demokrat Partiyası, Razi Nurullayevin na­mi­zəd­li­yi Cəb­hə­çilə­rin təşəbbüs qrupu, Zahid Oru­cun namizədliyi isə özü tərəfindən irəli sürül­müşdü.

 

125 dairənin 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən olmaqla 894 beynəlxalq müşahidəçi izləyirdi. Seç­ki­ləri müşahidə edən yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfər idi. Şəffaflığın təmin olunması məqsədilə di­gər va­sitələrlə yanaşı, işğal olunmuş ərazilər istisna olmaqla bütün ölkə coğ­­ra­fiyasını əhatə edən 1000 seçki məntəqəsində və ya seçki məntəqələrinin təq­ri­bən 20%-də veb-kameralar quraşdırılmışdı.

 

Seçki məcəlləsinin tələbinə uyğun olaraq exit-poll keçirməkdən ötrü Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası AJF&Associates İnc. təş­kilatı, ABŞ-ın Vətən­daş Cəmiyyəti Uğrun­da Müstəqil Məsləhət və Yardım Mərkəzi, Opinion Way Sosioloji Təd­qi­qat­lar İnstitutu, Fransanın ELS Müstəqil Araşdırmalar Mərkəzi və Rəy Monitorinq Mərkəzi MSK-da qeydiyyatdan keçmişdilər.

 

Namizədlərin təbliğat və təşviqat kampaniyası aparmalarına bərabər imkanlar yaradılmışdı. Radio və televiziyada ödənişsiz təbliğat aparılırdı. Seçicilərlə açıq və qapalı görüş yerləri müəyyənləşdirilmişdi.

 

Nəhayət, 11 apreldə seçkilər keçirildi. Seçicilər məntəqələrə gələrək iradələrini bildirdilər. Seçkidə Yeni Azərbaycan Partiyasının na­mi­zə­di İlham Əliyev se­çi­ci­lə­rin 86,02% səsini qazanaraq qalib gəldi. Zahid Oruca 3,12%, Sərdar Məm­mədova 3,03%, Qüdrət Həsənquliyevə 3,02%, Hafiz Hacıyevə 1,52%, Araz Əlizadəyə 1,38, Fərəc Quliyevə 1,17%, Razi Nurul­la­yevə isə 0,74%  səs verilmişdi.

 

Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar döv­lə­­­ti­n gələcək inkişafını məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tə­rə­fin­dən müəy­yən edilmiş siyasi kursun Pre­zi­den­t İlham Əliyev tərəfindən mövcud şəraitə uyğun ola­raq davam və inki­şaf etdirilməsində görür. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs vermişdi.

 

Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş exit-polllar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşürdü.

 

Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev hədəfləri müəyyənləşdirir:

 

“...biz öz torpaqlarımızı azad edəcəyik.”

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi. Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirdilər. Andiçmə mərasimi açıq elan olundu. Mərasim iştirakçıları Prezidenti hərarətlə qarşıladılar. Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər. İlham Əliyev Azərbaycan Respublikası konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edildi. O, əlini Azərbaycan Respublikası konstitusiyasının üzərinə qoyaraq and içdi:

 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

 

Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:

 

“Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

 

Prezident İlham Əliyev təzim edərək Azərbaycan Respublikasının dövlət bayrağını öpdü və geniş nitq söylədi. İlk növbədə, seçkilərdə göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən Prezident bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyini bildirdi. Son 15 il ərzində Azərbaycanın keçdiyi yola nəzər yetirən ölkə rəhbəri dedi ki, təməlini Heydər Əliyevin qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Ötən illər ərzində Azərbaycan xalqı təhlükəsizlik və sabitlik şəraitində yaşamışdı. Ölkədə daxili risklərin hamısı aradan qaldırılmışdı. Dövlət xarici risklərdən  özünü qoruya bilmişdi. Təminatçısı Azərbaycan xalqının olduğu təbii sabitlik inkişafın əsas şərti olmuşdu. Xalq vahid milli ideya ətrafında birləşərək uğurla inkişaf edirdi. Azərbaycanda dinlərarası münasibətlər nümunəvi xarakter daşıyırdi.

 

Azərbaycanın beynəlxalq aləmdə böyük uğurlara imza atdığını və dünyada mövqelərinin möhkəmləndiyini söyləyən dövlət başçısı 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini vurğuladı.Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident dedi:

 

“Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik”.

 

Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu bildirən ölkə rəhbəri son illərdə görülən işləri belə ifadə etdi:

 

“Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir” .

 

Dövlət başçısı qətiyyətlə bildirdi:

 

 “Biz... istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.

 

Nəinki Dağlıq Qarabağ bölgəsinin, indiki Ermənistanın da tarixi Azərbaycan torpaqları olduğunu deyən Prezident İlham Əliyev güclü dövlətin mövcudluğunun vacibliyini belə ifadə  etdi:

 

“Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır... Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq”.

 

Ordu quruculuğu siyasətinin düzgün olduğunu, son 15 il ərzində bu prosesin sürətlə getdiyini söyləyən ölkə rəhbəri bildirdi:

 

“Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.

 

2016-cı ilin aprel döyüşlərində qazanılan qələbəni tarixi, böyük qələbə adlandıran Prezident  vurğuladı ki, bu hərbi qələbə Azərbaycan xalqının gücünü və yenilməz ruhunu göstərmişdir. Dövlət başçısı qətiyyətlə dedi:

 

“... Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. ...biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

 

Cocuq Mərcanlı qəsəbəsini dirçəliş rəmzi olaraq qiymətləndirən Prezident bəyan etdi: “Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq”.

 

Məcburi köçkünlərin problemlərinin həllinin diqqət mərkəzində olduğunu bildirən ölkə rəhbəri vurğuladı ki, köçkünlərlə bağlı olan məsələlər uğurla həll edilir, gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır. Yürüdülən siyasət nəticəsində son 15 il ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 3100-dən çox məktəb, 640-dən çox xəstəxana tikilmiş və təmir edilmişdi. Yoxsulluq təxminən 50%-dən 5,4%-ə düşmüşdü. İşsizlik Azərbaycanda 5% səviyyəsində idi. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollar olmuşdu. Ölkəyə 230 milyard dollardan çox sərmayə qoyulmuşdu. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görmüşdü. Azərbaycan dünyada baş vermiş böhranlardan ən az itkilərlə çıxa bilmişdi. Ölkədə sahibkarlığın inkişafı sürətlə getmiş, sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdi. Yeni texnologiyaların tətbiqinə böyük diqqət yetirilirdi. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik kluba daxil olmuşdu. Təhsilə, elmə xüsusi diqqət verilirdi.  Azərbaycan qaz ixrac edən ölkəyə çevrilmişdi. Yeni layihələr üzərində iş gedirdi. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikilmişdi. Qazlaşdırma 95%-ə çatırdı. Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı tarixi nailiyyət idi. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan Respublikası Avrasiyanın vacib nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevrilmişdi. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, siyasi və humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etmişdi.

 

Gələcək planlardan danışan dövlət başçısı dedi:

 

“Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

 

Qazanılan bütün bu uğurlar yalnız müstəqillik şəraitində, dövlət başçısının yürütdüyü düzgün müstəqil siyasət və qəti iradəsi sayəsində mümkün olmuşdu. Ölkə rəhbəri nitqinin sonunda vurğuladı:

 

“Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

 

Prezident İlham Əliyevin nitqi Azərbaycan dövlətinin ölkənin inkişafına dair konkret planlarının olduğunu və qarşıya qoyduğu başlıca məqsədə nail olmaq üçün əzmlə irəlilədiyini göstərirdi.

 

Başlıca hədəfə doğru...

 

Növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnirdi.

 

Seçkidən az sonra, 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya dağını və Qaraqaya dağını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumi olaraq 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Keşişkənd (Yexeqnadzor) – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi.Ən başlıcası, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan məğlub edildi və torpaqlarımız işğaldan azad olundu...

 

Musa Qasımlı,

Milli Məclisin deputatı,

AMEA-nın müxbir üzvü, professor

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı