Fevralın 24-ü səhər saatlarında başlayan hücumdan sonra ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib, eyni zamanda Ukraynaya silah yardımına start verilib. Təhdidlərə cavab olaraq, Rusiya prezidenti Vladimir Putin “Dost olmayan ölkələrə qaz satarkən rus rublunun istifadəsinə keçməyi planlaşdırırıq” sözləri ilə təbii qaz satışında yeni dövrü rəsmən elan edib.
Modern.az xəbər verir ki, Putin artıq sözünün üstündə durmağa başlayıb. Məlumata görə, rublla ödəniş etməyən iki NATO, Avropa Birliyi üzvü Polşa və Bolqarıstana təbii qaz nəqli dayandırılıb.
Varşava və Sofiya Rusiyanın enerji nəhəngi "Qazprom" şirkətinin çərşənbə günündən etibarən qaz tədarükünü dayandırdığı barədə onlara xəbərdarlıq etdiyini açıqlayıb. Bu, Putinin qazı avro əvəzinə rublla satmaq qərarından sonra bir ilkdir. Bununla da Polşa və Bolqarıstan Putinin qərarına əməl etmədiyi üçün qazın verilməsi dayandırılan ilk ölkələr olub.
Bildirilir ki, Rusiya Polşa və Bolqarıstandan sonra digər Avropa İttifaqına üzv ölkələrdə də oxşar addımlar ata bilər. Putinin təbii qazdan silah olaraq istifadə etdiyinə diqqət çəksək, bu vəziyyətin xüsusilə Almaniya kimi Rusiya qazından asılı olan ölkələrdə ciddi iqtisadi problemlər yarada biləcəyini düşünürlər. Bu iki ölkəyə qaz axınının dayandırılması Avropaya hədə-qorxu kimi qiymətləndirilir.
Polşa və Bolqarıstan niyə hədəf seçildi?

Rusiyanın qazı kəsmək üçün niyə bu iki ölkəni seçməsi müzakirə mövzusudur. Buna səbəb kimi həmin ölkələrin Ukrayna müharibəsinin tərkib hissəsi olması fikri üstünlük təşkil edir. Polşa Rusiyanın işğalı zamanı qonşu Ukraynanın güclü dəstəkçisinə çevrilib. Varşava hökuməti ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya verilən silahların tranzit məntəqəsidir. Polşa da bu həftə Ukrayna ordusuna tanklar göndərdiyini təsdiqləyib. Polşa ilə müqayisədə Bolqarıstan Ukraynanı dəstəkləməkdə daha çox bitərəf qalıb. Lakin ötən ilin payızında yeni liberal hökumətin işə başlamasından sonra Rusiya-Bolqarıstan münasibətləri xeyli soyuyub.
Bolqarıstanın Baş naziri Kiril Petkov və koalisiya hökumətinin üzvləri Ukrayna rəsmiləri ilə ölkəyə gələcək yardımı müzakirə etmək üçün çərşənbə günü Kiyevdə olublar. Əslində Moskvanın qaz addımının Bolqarıstana xəbərdarlıq olduğu bildirilir. Çünki “Qazprom”un qərarı bu kritik səfərdən saatlar əvvəl verilib.

Bundan başqa siyahıda hansı ölkələr var?
Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr”in siyahısı rəsmiləşib. Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Avropa İttifaqı(Aİ) ölkələri daxil edilib.
Bura Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da daxildir.