Modern.az

İlham Əliyev və Ərdoğan bir millətin iki dövlətini inamla gələcəyə doğru aparırlar

İlham Əliyev və Ərdoğan bir millətin iki dövlətini inamla gələcəyə doğru aparırlar

Aktual

16 May 2022, 20:40

Azərbaycan-Türkiyə münasibətləri zamanın sınağından uğurla çıxmış, qardaşlığı, dostluğu, sədaqəti, sevgini, humanizmi simvolizə edən, ortaq mədəni dəyərlərə, vahid geosiyasi baxış bucağına söykənən, tayı-bərabəri olmayan münasibətlərdir. Prezident İlham Əliyevin Rizə-Artvin hava limanının açılış mərasimində iştirakı və sözügedən hava limanına eniş edən ilk təyyarələrin Azərbaycan və Türk hava yollarına məxsus olması da sübuta yetirir ki, bir millətin iki dövlətinin liderləri, xalqları bir-birilərinin uğurlarına ürəkdən sevinir, qürur duyurlar.

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Azərbaycan Prezidentinin qardaş ölkədə böyük sevgi və coşqu ilə qarşılandığına diqqət çəkən Azər Kərimli hər iki ölkənin dövlət başçısının – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və Türkiyənin, bütövlükdə isə bölgənin tarixini yenidən yazdıqlarını bildirib: “Bizim ən böyük xoşbəxtliyimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın eyni zaman kəsiyində Azərbaycana və Türkiyəyə rəhbərlik etmələridir. Tarixdə eyni vaxtda mövcud olan güclü və iddialı türk dövlətlərinin, liderlərinin sayı az deyil. Lakin onların heç biri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri birliyə nail ola bilməyiblər. Ümummilli Lider Heydər Əliyevin “Bir millət-iki dövlət” ideoloji platforması üzərindən gerçəkləşdirilən bu birlik tarixin və bugünümüzün ən böyük və ən mükəmməl qardaşlıq, dostluq və müttəfiqlik nümunəsidir. Bu gün digər türk dövlətlərinin də qarşılıqlı əlaqələrin inkişafı istiqamətində atdığı addımların əsasında da, Türkiyə-Azərbaycan müttəfqiliyinin cazibədarlığı dayanır. Türkiyə və Azərbaycanın birgə həyata keçirdikləri layihələrin, iki qardaş ölkənin əməkdaşlığının, biri-birini dəstəkləmələrinin nəticələri gözlə görülə və ölçülə biləcək səviyyədədir. Azərbaycan-Türkiyə müttəfiqliyi təkcə bu iki qardaş ölkəyə deyil, həmçinin digər dost ölkələrin xalqlarına da rifah bəxş edib, bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına zəmin yaradıb”. 

 

Millət vəkili qeyd edib ki, 44 günlük Vətən müharibəsində ölkəmizə prinsipial dəstək verən, haqqın, ədalətin yanında olan qardaş Türkiyənin şirkətləri bu gün işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yenidən dirçəldilməsində fəal iştirak edirlər: “Prezident İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərazimində Azərbaycan-Türkiyə qardaşlığını o qədər dəqiq, ətraflı, sadə olduğu qədər mükəmməl şəkildə ifadə etdi ki, qənaətimə görə, dövlətimizin başçısının bu fikirlərini şərh etmək, sadəcə mümkün deyil. Prezidentimiz bildirdi ki, “bizim minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın bərpası ilə bağlı öz işini görür, öz sözünü deyir. Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Bəli, ənənələrə, ataların vəsiyyətinə, dostluğa, qardaşlığa sonsuz sədaqət Azərbaycan-Türkiyə münasibətlərinin təməlini təşkil edir. Bu təməlin üzərindən isə İlham Əliyev və Rəcəb Tayib Ərdoğan bir millətin iki dövlətini yüksəklərə qaldırır, gələcəyə doğru aparırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı