Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Ermənistan “nazirbaşının” “çəkicini” gah Moskvaya, gah da Brüsselə vurması səbəbsiz deyil. Onun böyük siyasətdə nə qədər qorxaq və qətiyyətsiz olduğu hər kəsə bəlli olsa da, ermənilərə xas olan irsi bicliyi hələ ki, qorxu bilmir.
Baxın, “sülh göyərçininə” dönüb Moskva ilə Brüssel arasında dayanmadan “uçan” Paşinyan İtaliya parlamentinin deputatları və Ermənistan-İtaliya deputat dostluq qrupunun nümayəndələri ilə görüşdə, “Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında həll olunmalıdır. Ermənistan regionda sülh gündəliyinin tərəfdarıdır, lakin onun həyata keçirilməsi birtərəfli qaydada ola bilməz” – deyib, erməni bicliyini bir daha sübut edir. Bu azmış kimi, üstəlik Azərbaycan məscidlərində bəslənən öz donuzlarından belə, utanmayan erməni “nazirbaşı” Qarabağda guya “erməni mədəni-tarixi irsinin” qorunması məsələlərindən də söz açır.
Əlbəttə, Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının mayın 16-17-nə təyin edilmiş iclası baş tutmadı. Rəsmi İrəvan bunu tərəflərin razılaşdırmalı olduğu bəzi texniki detallarla əlaqələndirsə də, görünən odur ki, ermənilər hələ də ATƏT-in “ölmüş” Minsk qrupunun vasitəsilə Xankəndiyə və ətraf rayonlara hansısa formada “status” alacaqlarına ümid edirlər. Ancaq bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağıdır və Bakıdan fərqli olaraq İrəvan məlum üçtərəfli bəyanatda öz üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmək istəmir.
Əslində isə Paşinyan “dovşana qaç, tazıya tut” - deyən Putinin əlində sözün əsl mənasında əsir qalıb. O, bir tərəfdən özünü dünyaya demokratik bir lider kimi göstərib Avropa İttifaqından 2.6 milyard avro almağa çalışır, digər tərəfdən də Putini görəndə qorxusundan dili topuq vurur. Hərçənd, indiyədək Ermənistan liderlərinin müstəqil siyasət yürütdüklərini görən olmayıb. Bu isə ermənilərin bədbəxt xalq olmalarının ən başlıca səbəbidir.
Elə Azərbaycan Prezidenti İlham Əliyev də litvalı həmkarı Gitanas Nauseda ilə görüşdə bu mövzuya münasibət bildirərək, “Bu ölkə, onun siyasi qüvvələri indiki halda Moskvadan gələn göstərişlərlə hərəkət etdiyi üçün Ermənistan Rusiyanın koloniyasıdır, regionda “Kalininqrad”dır. Azərbaycan isə istənilən halda sülh əldə edilməsində, Ermənistanla sərhədlərinin müəyyən edilməsində maraqlıdır. Bu prosesdə rəsmi Bakı həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşır. Amma ən əsası odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə, verdiyi vədlərə sadiq qalsın, vasitəçilər məsələsində ləngər vurmasın. Əks halda bundan ən çox uduzan yenə Ermənistan özü olacaq” – dedi.

Əlbəttə, erməni bicliyi onu da deməyə əsas verir ki, bəlkə də Brüssellə Moskva arasında qalan İrəvan, Rusiya - Ukrayna savaşında öz tarixi “ağasının” zəifləyib Qərbin qarşısında “nökərə” dönəcəyinə və ondan yaxa qurtara biləcəyinə, həmçinin Qərbin dəstəyi ilə Qarabağ məsələsində nəyəsə nail olacağına da ümid bəsləyir.
Şübhəsiz ki, erməni “çoxbilmişlərin” hansı ümidlə yaşamasından asılı olmayaraq, Azərbaycan Qərbin və Rusiyanın cənubi Qafqazda geosiyasi maraqlarının nə qədər böyük olduğunu çox yaxşı bilir. Ancaq bu, Qərbdən “şabaş”, Moskvadan isə “şapalaq” alan Ermənistandan fərqli olaraq Azərbaycanın suveren dövlət maraqlarını ikinci plana keçirə bilməz. Eyni zamanda, Azərbaycan artıq regionun böyük və güclü ölkəsi kimi əldə oynadılan Ermənistanın “nazına” bundan sonra dözməməlidir. Çünki bu, vaxt itkisindən başqa bir şey deyil. Əks təqdirdə, Paşinyanın Moskva ilə Brüssel arasında “yol ölçməsi”, nə sərhədləri delimitasiya və demarkasiya edəcək, nə iki ölkə arasında kommunikasiyaları açacaq, nə də birdəfəlik sülh sazişinin bağlanmasına imkan verəcək.
İndi yenə mayın 22-də Brüsseldə üçtərəfli görüş nəzərdə tutulur. Bundan əvvəlki Brüssel və Moskva görüşlərini nəzərə alsaq, əgər Ermənistan-Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sülh sazişinin bağlanması, həmçinin kommunikasiyaların açılması hər iki – Rusiya və Avropa İttifaqı Şurası tərəfindən tələb və ya qəbul edilirsə, onda rəsmi İrəvanın hansı “şabaşla” “naz eləmə” rəqsinə oynamasından asılı olmayaraq, Azərbaycan sülhə məcburetmə üsulundan istifadə edib məsələni özü həll edə bilər. Sözsüz ki, belə olduqda bu gediş Qarabağla bağlı Paşinyanın Brüsselə son gedişi olacaq.