2022-ci ilin may ayında keçirilən növbəti konfransadan sonra yeni tərkibdə formalaşan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi təşkilatın fəaliyyətinin aktivləşdiriliməsi istiqamətində işini genişləndirməkda davam edir.
Modern.az xəbər verir ki, bu məqsədlə müvafiq sahələrdə fəaliyyət göstərən dövlət və qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması əsas prioritet istiqamətlərdən biridir.
Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Pərviz Qulaminin verdiyi məlumata görə, Cəmiyyətin rəhbərliyindən ibarət heyət Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) rəhbərliyi ilə görüşlər keçirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilən görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə AQC rəsmilərini məlumatlandırıb. Qeyd edib ki, vətəndaş cəmiyyəti insitutlarının fəaliyyəti dövlət rəhbərliyinin elan etdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycanda son illər Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks islahatlardan bəhs edən icraçı direktor söyləyib ki, bu islahatlar vətəndaş cəmiyyəti insitutlarının qarşısında geniş imkanlar açıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc cəmiyyətin may ayında keçirilən konfransı barədə məlumat verərək bildirib ki, hesabat-seçki yığıncağında vacib qərarlar qəbul olunub.
Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu bəyan edən V.Oruc Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığın gələcək əhəmiyyətindən danışıb.
AQC sədri onu da vurğulayıb ki, dövlətlə ictimaiyyət arasında şəffaf və sağlam mühitin formalaşdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasını zəruri adlandıraraq, rəhbəri olduğu qurumun da hər zaman dəstək nümayiş etdirməyə hazırdırlar.
Görüşdə həmçinin Agentliyin departament rəhbəri Elnur Bağırlı, AQC-nin İdarə Heyətinin üzvləri Fərid Rüstəmov və Pərviz Qulami çıxış ediblər.
Sonda Agentlik və AQC arasında əməkdaşlıq imkanlarının artırılmasını təmin edəcək İşçi Qrupu yaradılıb. Hər iki tərəfdən rəsmi şəxslərin cəlb olunduğu qrupa Agentlik və AQC arasında gələcək fəaliyyət istiqamətlərini özündə ehtiva edəcək sənədin hazırlanması tapşırılıb.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) baş tutan görüşdə isə Agentliyin sədri Seymur Mövlayev və Cəmiyyətinin sədri Vuqar Oruc başda olmaqla, tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı və faydalı əməkdaşlıq, həmçinin müvafiq istiqamətlər üzrə koordinasiyalı fəaliyyət imkanlarını müzakirə ediblər. Görüş iştirakçıları mövcud əlaqələrin daha daha da inkişaf etdirilməsi və işgüzar görüşlərin davamlı olması qərara alıblar. Bunun üçün gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin AQC-nin İdarə Heyətinin üzvləri Ramil Osmanlı, Fərid Rüstəmov və Pərviz Qulami çıxış ediblər.