XX əsr Azərbaycan tarixinin mühüm səhifələrindən birini 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi təşkil edir. O vaxta qədər Azərbaycan Sovet Sosialist Respublikası SSRİ-nin geridə qalmış respublikalarından biri idi. 14 iyuldan sonra Azərbaycanda bütün sahələrdə irəliləyişlərin olması üçün zəruri addımlar atıldı, sosial-iqtisadi tərəqqi əldə edildi. Bakıda və digər iri şəhərlərdə fabrik və zavodların tikilməsi və işə salınması nəticəsində kənd yerlərindən gənclərin paytaxta gəlməsi ilə çarizm və sovet dövrlərində yadların gətirilib yerləşdirilməsilə simasını itirimiş Bakı milli köklərinə qayıtdı, şəhərə milli ruh gəldi.
Xarici ölkə tarixçilərinin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq, özlərinə güvənərək gəzmişdilər: birinici dəfə 1918-ci ilin sentyabr ayında Qafqaz İslam Ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə 70-ci illərdə - Heydər Əliyevin hakimiyyəti altında. Azərbaycanın dövlət müstəqilliyi üçün zəruri olan maddi təməllər sovet sistemi şəraitində formalaşmağa başladı. Respublikada hakimiyyətin güclü olmasına xüsusi diqqət yetirildi. Əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması demoqrafik inkişafa təsir etdi. Heydər Əliyev Azərbaycanı didib-parçalayan, Mərkəzdə xalq haqqında mənfi rəy yaradan intriqalara son qoydu. Hakimiyyətin qanadları arasında yekdillik əldə edildi. Xalq və hakimiyyət arasında birlik quruldu. Bütün ölkədə rusların və digər slavyan xalqlarının nümayəndələri milli respublikalarda hakimiyyət orqanlarına daha çox yerləşdirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici ölkə tədqiqatçılarının qeyd etdiyi kimi, Heydər Əliyevin qazandığı uğurların başlıca səbəblərindən biri məhz yerli kadrlara arxalanması idi.
Gələcəkdə dövlət müstəqilliyinin bərpası zamanı gərəkli olacaq milli-mənəvi amillərin formalaşdırılması üçün zəmin yaradıldı. Məlum olduğu kimi, Azərbaycanın istiqlal fikri XIX əsrin sonları- XX əsrin əvvəllərində azərbaycanlı maarifçi, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmış və bu, Cümhuriyyətin qurulmasında amillərdən biri olmuşdu. Aprel işğalı nəticəsində sovet hakimiyyəti təşkil edildikdən sonra da istiqlal məfkurəsini əsərlərində daşımaqda davam edən alim, şair, yazıçı və jurnalistlər amansız repressiyalara məruz qalmışdılar. Stalin repressiyaları milli ziyalıları məhv etmişdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaradıcı adamlar özlərini rahat hiss etməyə başladılar. O, belə şəxsləri Mərkəzin cənginə verməyərək özü bəzən yüngülcə tənqid etsə də, az sonra onlara yüksək fəxri adlar və vəzifələrə verərək qoruyur, toxunulmaz edirdi. Heydər Əliyev Azərbaycan dili sahəsində tədqiqatların aparılmasını təşviq edir, görkəmli dilçi alimlərə dövlət mükafatları verir, ədəbiyyat xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Məsələn, sovet dövründə ümimi vətən hesab edilən SSRİ-nin uzaq bir guşəsi Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının bir zamanlar işlədiyi Bakıya deyil, doğulduğu Naxçıvana köçürülməsinin dərin mənası var idi. Bununla Heydər Əliyev Azərbaycanın bir parça qədim torpağını ümumi, kosmopolit vətən hesab edilən SSRİ-dən üstün tuturdu. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə milli ədəbi irsin mühafizəsinə qayğı deyildi, eyni zamanda şair, yazıçı, jurnalist və alimləri ruhlandırırdı. Xarici tədqiqatçıların yazdığı kimi, 70-ci illərdə azərbaycanlı şair və yazıçıların əsərlərindəki müstəqillik və Azərbaycanın hər iki tayının birliyi fikri Mərkəz Komitənin birinci katibinin kabinetinin pəncərələrindən axaraq onların düşüncələrinə və əsərlərinə hakim olurdu.
Heç əbəs deyildir ki, sonralar nitqlərinin birində Heydər Əliyev deyirdi: “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”. 1982-ci ilin sonlarında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi ilə Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrü başladı. Azərbaycanlı, müsəlman olan Heydər Əliyevin Moskvada rəhbər vəzifələrə gətirilməsi, dünyanı lərzəyə salan sovet imperiyasını idarə edən şəxslərdən biri olması dövlət idarəçilik bacarığı, yüksək intellektual səviyyəsi, Əfqanıstana sovet hərbi müdaxiləsindən sonra Kreml rəhbərliyinin müsəlman dünyasında itirilmiş nüfuzu bərpa etmək niyyətləri ilə bağlı idi. Sovet dövləti düşmüş olduğu çətin vəziyyətində İslam dünyasında böyük nüfuzu olan, müsəlman xalqları arasında “Heydər, Əli, Əlizadə” olaraq qəbul edilən Heydər Əliyevin biliyi, bacarığı, təşkilatçılığı və zəkasına möhtac idi.
Bununla yanaşı, Heydər Əliyevin Moskvada işə dəvət edilməsi xarici ölkələrdə nəşr edilmiş kitablarda yazıldığı kimi, onun Azərbaycandan uzalqaşdırılması, Mərkəzdə daha sərt nəzarət altında saxlanılması ilə əlaqədar idi. Mərkəzdə belə hesab edirdilər ki, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan müstəqilliyə tam hazırlanıb, onun yalnız formal olaraq elan edilməsi qalır. Xalq arasında böyük nüfuzu olduğundan Heydər Əliyevi vəzifədən çıxara bilməyən və bu addımın ağır nəticələrindən çəkinən Mərkəz ən münasib yol kimi onu Moskvada nəzarət altında saxlamaqda görürdü. Heydər Əliyevdən sonra hakimiyyətə gələn Azərbaycan rəhbərləri respublikanın gücləndirilməsi xəttini davam etdirə bilmədilər, hər şey geriyə getdi. SSRİ rəhbəri seçilən Mixail Qorbaçov türk, müsəlman respublikalarının Leonod Brejnevin hakimiyyəti illərində xeyli irəli getdikləri, dövlət müstəqilliklərini elan etməyə hazır olduqları qənaətində olduğundan onların sovet rəhbərliyində təmsil olunan nümayəndələrinə etinasızlıq göstərərək vəzifələrindən uzalqlaşdırdı, xalqlarını isə cəzalandırmaq yolunu tutdu.
1987-ci ilin oktyabr ayında Heydər Əliyev vəzifələrindən çıxarıldıqdan az sonra Ermənistan rəhbərliyi Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək daxili işlərinə kobud müdaxilə etdi, Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlıları vəhşicəsinə qovaraq qaçqına çevirdi, azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələrini dağıtdı. Bir-birinin ardınca dəyişən respublika rəhbərləri bütün bunların qarşısını ala bilmədilər və Azərbaycan ağır böhrana düşdü. Bu zaman blokadada saxlanılan Naxçıvanda vəziyyət daha ağır idi. Muxtar Respublikanın əhalisi Moskvadan Naxçıvana qayıdan Heydər Əliyevə ümid yeri kimi baxırdı. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilən Heydər Əliyevin ağsaqqal parlamentari olaraq rəhbərliyi altında millətimizin gələcək həyatı üçün əhəmiyyətli qərarlar qəbul edildi. Sovet sisteminin və kommunist ideologiyasının hələ mövcud olmasına baxmayaraq, Naxçıvan MSSR-in adından Sovet Sosialist ifadələri çıxarıldı, Ali Sovet Ali Məclis adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı olaraq qəbul edildi və müstəqil dövlətin artibutlarını qəbul etmək barədə Azərbaycan parlamenti qarşısında məsələ qaldırıldı. Bundan sonra Bakıda müvafiq qərarlar qəbul olundu.
Naxçıvan Ermənistanın təcavüzündən qorundu. 1993-cü ildə yaranmış ümumi böhran şəraitində dövlət müstəqilliyi itirilmək, ölkə xaricdən dəstəklənən separatçılıqla parçalanmaq, xalq isə vətəndaş müharibəsi astanasında dayandığı, sabaha ümidlərini itirildiyi bir zamanda Azərbaycan xalqı üzünü yenidən Heydər Əliyevə tutdu. Bakıya gələrək parlamentin sədri seçilən Heydər Əliyev dövləti dağılmaqdan, ölkəni parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən xilas etdi. Atəşkəsə gedilərək Ermənistanın hərbi təcavüzü dayandırıldı, ərazilərin işğaldan azad edilməsindən ötrü güclü dövlətin qurulmasına başlanıldı. 14 iyuldan sonra keçilən yolun tarixi təcrübəsi göstərir ki, Heydər Əliyev həmişə çətin zamanların lideri olub, xalqı və dövləti ən ağır vəziyyətlərdən çıxarıb. Deməli, ötən illər belə bir ibrət dərsi verir ki, millətimizin qarşısına qoyduğu məqsədlərə çatmasının təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. Necə ki, 44 günlük müharibədə İlham Əliyevin liderliyi bunu bir daha təsdiq etdi.
Musa Qasımlı,
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor