Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Qeyri-Hökumət təşkilatlarının nümayəndələri, ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası Pakistanın nüfuzlu Pakistanintheworld.pk, xəbər portalında ictimailəşdirilib.
Modern.az xəbər verir ki, aksiya ilə bağlı məlumatları xəbər portalına Avrasia.Net-in və Azərbaycan Demokratik İslahatların İnkişafına Yardım Mərkəzinin direktoru Cavid Şahverdiyev tərəfindən verilib.
Xəbər daha sonra Rusiyanın nüfuzlu Politrus.com saytının teleqram kanalında (//t.me/polit_rus) da yerləşdirilib.
Cavid Şahverdiyev davam edən aksiyada 500-dən çox fəalın iştirak etdiyini diqqətə çatdırıb. Xəbər portalının diqqətinə ərazidə çadırların qurulub, tonqalların qalandığı da çatdırılıb. Aksiya iştirakçılarının əsas tələbi vurğulanıb. Qeyd olunub ki, aksiya iştirakçıları Xankəndinə gedən yolu bağlayıb və Qarabağ iqtisadi rayonunda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Cavid Şahverdiyev vurğulayıb ki, aksiyanın ancaq “Sülhməramlı” adı altında erməni separatizmini dəstəkləyən Rusiya silahlı qüvvələrinin komandanı Andrey Volkov etiraza qulaq asana qədər davam edəcək.
Aksiya iştirakçılarına Şuşadakı “Xarıbülbül” otelinin yemək verməsi də vurğulanıb.