AXCP sədri Əli Kərimlinin feysbukda yazdığı status müzakirələrə səbəb olub. Belə ki, müxalif partiya lideri öz tərəfdarlarına ünvanladığı gizli tapşırığın mətnini səhvən sosial şəbəkə hesabında paylaşıb və 5 dəqiqədən sonra həmin postu silib.
Modern.az xəbər verir ki, Əli Kərimli sözügedən paylaşımında Tofiq Yaqublunun həyat yoldaşına baş çəkməməsinin səbəbini etiraf edib və cəbhəçiləri də aclıq aksiyasına başlamağa çağırıb.
Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"Mən Maya xanımın (Tofiq Yaqublunun həyat yoldaşı - red) yanına ona görə getmədim ki, cəbhəçilərin aclığı başlasın və mən də gedib ondan xahiş edim ki, aclığı dayandırsın. Yəni mənim gedib deməyə sözüm olmalıdır. Aclığı başlamağı sürətləndirin. İndidən istilik peçi qurun. Hesabı özümüz ödəyəcəyik. Qorxmasınlar. Təcili hamı pastelini hazırlasın. 5-də-6-da aclıq başlansın artıq. Mən bu gün 5-də Toplum TV-də olacam. Oradan çıxıb gedəcəm Tofiq bəygilə. Təqribən 18:30-19:00 arası Tofiq bəygildə olacam. Saqifbəygilə də o saatlarda getsinlər Tofiq bəygilə. Mən orada tək olmayım. Səadət xanımı və başqa getmək istəyənləri götürsünlər. Yəni mən gələnə orada 5-6 nəfər RH üzvü olsun. Təzəxan bəy də olsun. Çalışarıq ki, Maya xanıma aclığı bu gün dayandıraq".
Qeyd edək ki, Tofiq Yaqublunun xanımı Maya Yaqublu həbsdə olan həyat yoldaşına dəstək məqsədilə aclıq aksiyasına başlayıb.
Onu da bildirək ki, Müsavat Partiyasının üzvü olan T.Yaqublu xuliqanlıda ittiham olunaraq 30 sutkalıq inzibati qaydada həbs edilib.