Aprelin 4-də Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının media tərəfdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş "Ümid Günəşi" ədəbi-bədii gecəsi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri daxil olmaqla iki minə yaxın şəxs iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aprel şəhidi, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə Azərbaycan tarixində böyük qələbəyə yol açan 4 günlük döyüşlərdən söz açıb.

"Qazilərimiz, şəhid ailələrimizlə birlikdə qəhrəmanlıq tarixinə çevrilmiş Aprel döyüşlərinin ildönümündə toplaşmışıq. Bu tədbirlər artıq ənənəvi hal alıb. Hər il sizlərlə görüşmək, şəhidləri yad etmək bizim ən müqəddəs vəzifəmizdir. Zəfər təşkilatını 23 illik fasilədən sonra, Azərbaycanın ilk böyük hərbi qələbəsindən sonra yaratdıq. Hamı sual verirdi ki, axı hələ torpaqlar, Şuşa azad olunmayıb. Mən deyirdim ki, Zəfər mütləq olacaq. Çünki o yolu gedən yolçular, bizim itirdiyimiz qəhrəmanlar hər biri tarix idi. Onların adı ilə Zəfər təşkilatı yaratdıq. Onların adı ilə Zəfər yolçuluğuna başladıq. Hər bir əsgərimiz, gizirimiz, komandirimiz qəhrəmandır. Zəfər tarixinin başlanğıcı Aprel döyüşləridir. Bunu Ali Baş Komandan dəfələrlə vurğulayıb. Bu tarix həmişə yaşayacaq. O qəhrəmanları dərin sevgi, hörmətlə anacaqlar. Bugünkü tədbiri keçirməkdə əsas məqsədlərdən biri qəhrəmanları gənc nəslə tanıtmaqdır. Onların həyatlarını, amallarını, ən əsası amalları uğrunda canlarından necə keçdiklərini öyrənsinlər. Onlarla döyüşənlər sonradan Vətən müharibəsində şəhidlərin qisasını aldılar. Şuşanı azad etdilər. Bu, şəhid ailələri üçün ən böyük təskinlikdir. Ən böyük qürurumuz şəhidlərimizdir. Ali Baş Komandanın ətrafında sıx birləşərək daha böyük qələbələrə imza atacağıq",- deyə şəhid xanımı tədbiri giriş nitqi ilə açıq elan edib.

Daha sonra iki övladını Vətən uğrunda fəda etmiş Ziba Əsgərova çıxış edərək, övladları ilə bağlı xatirələrini bölüşüb:
"Övladlarımın hər ikisinin hərbçi olması həm onların, həm də mənim arzum idi. Çünki xalqımızın başına gətirilən faciələr, Xocalı hadisələri mənə o qədər pis təsir etmişdi ki, olanların qisasının alınmasını istəyirdim. Aprel döyüşləri başlayanda övladlarım Nurlan Əsgərli və İntiqam Əsgərli Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi xidmət edirdilər. Hər ikisi Aprel döyüşlərində iştirak etdilər. Nurlan Aprel döyüşlərində şəhid oldu. Son nəfəsini qardaşının qollarında verən Nurlan gülümsəyərək "qardaş, kaş Şuşaya bayrağımız sancılandan sonra şəhid olaydım" deyib. O gündən İntiqam özünə qisas andı içmişdi. Ali Baş Komandanın əmrini gözləyirdi ki, həm Nurlanın, həm digər şəhid dostlarının, həm də amansızlıqla qətlə yetirilən qadınların, uşaqların, qocaların qisasını alsın. Vətən müharibəsi başlayanda sadəcə məndən halallıq istədi. Deyirdi ki, kənarda dünyamı dəyişsəm, rahat olmaram, şəhid olsam ruhum nigaran qalmaz. Hər zaman deyirdi ki, bizə nəsə olsa, dövlət əmanətlərimizə sahib çıxacaq. Müharibə vaxtı əlaqə saxlayanda Ordumuz haqqında o qədər ürəkdolusu danışırdı ki, qalib gələcəyimizə inanırdım. Ona nə qədər desələr ki, çox irəli getmə, qardaşın da şəhiddir, ailən daha bir itkininin yükünü çəkə bilməz, heç kimə qulaq asmayıb. İntiqam noyabrın 9-da Şuşada şəhid oldu. O, həm Nurlanın qisasını aldı, həm də onun arzusunu yerinə yetirərək Şuşanı azad edənlər arasında oldu. İntiqamın şəhadətindən beş ay sonra oğlu dünyaya gəldi. Onun adını övladına verdik. O zaman gördüm ki, həqiqətən də İntiqam düz deyir, dövlətimiz, qədirbilən insanlar bizi yalnız qoymadılar. Hər iki övladım mənim üçün nağıl qəhrəmanıdır. Nurlanla da, İntiqamla da fəxr edirəm. Allah dövlətimizi, Ali Baş Komandan, Prezident İlham Əliyevi, ordumuzu qorusun. Şəhid anası olaraq ən böyük arzum budur ki, bayrağımız daim zirvələrdə dalğalansın".

"Böyük Qayıdış" Gənclər Təşkilatının İdarə Heyətinin üzvü, Aprel döyüşləri qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyyət Mehdiyev çıxışında qəhrəmanlığın irsən ötürülən məfhum olduğunu söyləyib:
"Biz Azərbaycan gəncliyi 1988-1994-cü illərdə çətin şəraitdə döyüşmüş Fred Asif, Şirin Mirzəyev, Allahverdi Bağırov, Əliyar Əliyev, Əlif Hacıyev kimi qəhrəmanların övladları və davamçılarıyıq. 1994-cü il atəşkəsindən sonra dəfələrlə düşmənin təxribatlarına şahid olduq. Düşmənin təxribatları 2016-cı il aprelin 1-də pik həddə çatdı. Ermənilərin iriçaplı silahlar və ağır artilleriya ilə yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc sakinlər arasında yaralanan və şəhid olanlar oldu. Ali Baş Komandanın əmri ilə sürətli əks-hücum əməliyyatı həyata keçirdik. Nəticədə Füzuli, Cəbrayıl və Ağdərə rayonları istiqamətində işğalda olan 2 min hektar torpaq azad edildi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi. İstər Lələtəpə yüksəkliyinin azad edilməsi, istərsə də Goranboy, Tərtər, Ağdərə istiqamətində Talış yüksəkliklərinin azad olunması Böyük Zəfərin başlanğıcı oldu. Aprel döyüşləri nəticəsində Ermənistan ordusunun, komandanlığının və siyasi rəhbərliyinin iradəsini qırdıq. Dörd gün ərzində tam müharibə şəraitində öz gücümüzü sınadıq, müxtəlif illərdə yığdığımız təcrübələri tətbiq etdik. 2016-cı ilin Aprel döyüşlərindən sonra şahidi olduq ki, Ermənistanda yüksək rütbəli zabitlər, generallar ordudan qovuldular, siyasi hakimiyyətdə dəyişikliklər oldu. Bizə bu qələbəni bəxş edən, ardımca deməyi bacaran Raquf Orucov, Murad Mirzəyev, Polad Həşimov, Şükür Həmidov kimi qəhrəman komandirlərimiz, bizimlə çiyin-çiyinə döyüşən Pəncəli Teymurov, Ravil Novruzov, Elimdar Səfərov, Elvin Namazov, Elnur İsgəndərov kimi onlarla silahdaşlarımız olub. Heç şübhəsiz ki, Aprel döyüşlərinin də qəhrəmanı Azərbaycan əsgəri idi. Onlar Qarabağın üzünü görməsələr də, mənən həmin torpaqlara bağlı idilər. Bizim Orxan, Nurlan, Müşfiq kimi 18-19 yaşında tarix yazan yüzlərlə qəhrəmanımız var. Dördgünlük döyüşlərdə qazanılan qələbəni 44 günlük Vətən müharibəsinin bələdçisi adlandıra bilərik".

Əhliyyət Mehdiyev qeyd edib ki, Aprel döyüşlərində dünya, xalq-ordu-iqtidar birliyinə, cəbhəyə yollanmaq üçün ayaqlanan minlərlə gəncin qorxmazlığına şahid oldu:
"Həm Aprel, həm Tovuz döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyi böyük qəhrəmanlıq nümunələri göstərdi. 44 gün ərzində Azərbaycan Ordusunun misilsiz şücaət, əzm göstərərək əldə etdiyi möhtəşəm Zəfər Ermənistan ordusunun onurğa sütununu sındırdı. Azərbaycan döyüş meydanında əldə etdiyi uğura siyasi qələbə də əlavə etdi. Belə ki, Ermənistan imza atmalı olduğu kapitulyasiya aktı ilə Kəlbəcər, Laçın və Ağdam kimi böyük və strateji rayonları döyüşsüz qaytarmağa məcbur oldu. Biz bu gün qalib xalqın nümayəndələriyik. Azad edilən torpaqlarda mərhələli şəkildə quruculuq işləri aparılır, doğma məkanlarımıza mərhələli şəkildə qayıdırıq. Hər birimiz Böyük Qayıdışla milli birliyimizə, milli kimliyimizə, milli şüurumuza qayıdırıq. Bütün bunlara görə qəhrəman şəhidlərimizə, qazilərimizə borcluyuq. Gənclərə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərimizin aşılanması üçün hər birimiz Qələbəmizin memarları olan şəhidlərimizin həyat və döyüş yolunu təbliğ etməli, onları unutmamalıyıq. Əminəm ki, xalqımız öz qəhrəmanlarını əsrlər boyu yaşadacaq".
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında musiqi nömrələri səsləndirilib, eyni zamanda "Ümid Günəşi” bədii kompozisiyası nümayiş etdirilib.
Sonda şəhid övladları "Qəhrəman övladıyıq" mahnısını ifa ediblər.

