Modern.az

Molla rejiminin qarşısında, Azərbaycanın yanındayıq – Güneydən vacib mesaj

Molla rejiminin qarşısında, Azərbaycanın yanındayıq – Güneydən vacib mesaj

Aktual

11 Aprel 2023, 11:38

İran-Azərbaycan münasibətləri bu gün özünün ən gərgin dövrünü yaşayır. Bu, səbəbsiz deyil. Belə ki, İran Azərbaycanda casus və terror şəbəkəsi qurur, öz diplomatlarından uyğun olmayan fəaliyyətlər üçün istifadə edir. Bununla yanaşı, Azərbaycanın İrandakı səfirliyinə hücum, Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsd cəhdinin arxasında da İranın durduğuna əsaslı şübhələr var. Maraqlıdır ki, İran bu cür fəaliyyətlərini həyata keçirərkən öz ərazisində yaşayan 30 milyon Azərbaycan türkünü unudur. Onların buna necə reaksiya verəcəyini nəzərə almır.

 

Mövzunun aktuallığını nəzərə alaraq güneyli soydaşlarımızın son hadisələrə münasibətini öyrəndik.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü, siyasi şərhçi Sadiq İsabəyli bildirib ki, İranın Azərbaycana belə münasibətinin arxasında ermənilərin dayandığı açıqdır:

 

“İran adlı ölkə Azərbaycana qarşı siyasi, ideoloji və casus şəbəkələri qurmaqla yanaşı, həm də əlində olan digər mafiya şəbəkəsindən istifadə edir. Son zamanlar biz terror və casus şəbəkələrinin, eləcə də narkobizneslə məşğul olan şəbəkənin ifşasını görürük. Azərbaycan mühitində sosial şəbəkələrdə də fars rejiminin təbliğatçılarının fəallığı görünür. Onlar ya həbs olunur, ya da terror əməlləri ifşa olunur.  Sözsüz ki, bunun arxasında duran əsas səbəb İran adlanan ölkənin Azərbaycana və onun dövlətçiliyinə münasibətindən irəli gəlir. Azərbaycanın dövlət kimi güclənməsini və o regionda söz sahibi olmasını istəmirlər. Bu prosesdə digər maraqlı dövlət Ermənistandır. Şəbəkələşmə prosesində, terrorun arxasında, casus şəbəkələrinin formalaşmasında, sosial mediada Azərbaycan əleyhinə təbliğatın arxasında erməniləri görməmək mümükün deyil. Daşnaksütyun, ona bağlı olan qruplar hər zaman narkobiznesdən faydalanıblar. Casusluq şəbəkələri qurublar. Bu gün də beynəlxalq səviyyədə narkotik qaçaqmalçılığını axtardıqda SEPAH-dakı farslarla ermənilərin bu sahədə mafiya qruplaşmalarını görürük. Bu, öncədən qurulmuş işdir. Təbii ki, həm farslar, həm ermənilər Azərbaycan türklərinə qarşı nifrət bəsləyirlər. İran adlanan ölkə bu gün islam dövləti kimi fəaliyyət göstərsə də, Azərbaycan türklərinə münasibətdə Pəhləvi rejimindən heç də fərqlənmir”.

 

 

Sadiq İsabəyli qeyd edib ki, Azərbaycanın İranın bütün casus və terror şəbəkəsini çökdürmək gücünə malik olması sevindirici haldır:

 

“ Azərbaycan 30 ildir ki, müstəqilliyini bərpa edib. İran adlanan ölkənin siyasi-ideoloji hakimiyyəti fars mərkəzli düşüncədən qidalandığı üçün Azərbaycanı özünə düşmən dövlət kimi müəyyənləşdirib. Onu zəiflətmək üçün bütün təxribatçı əməllərə yol verir. Fazil Mustafaya qarşı terror aktı, ondan əvvəl Azərbaycanın İrandakı səfiriliyinə hücum, Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında "Hüseynçi" terror qüvvələrinin aksiya keçirmək cəhdi, Azərbaycanın öz əraziləri çərçivəsində formalaşdırılmağa çalışılan casus və terror şəbəkəsi dərin düşmənçiliyi aydın göstərir. Bu həm də ermənilərin maraqlarına xidmət edən savaşdır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda dövlət təhlükəsizliyi məsələsi əsasdır. Azərbaycan iqtidarı bütün bu təxribatları ifşa etməyə qadirdir. Casus şəbəkəsində olanları, terrorçuluq edənləri həbs etməyə, ifşa etməyə imkan var. İran adlanan ölkənin diplomat adı altında fəaliyyət göstərən casusluq, yaxud koordinasiya fəaliyyəti aparan qrupları da ifşa edilib. Azərbaycan bu gün onları ölkədən çıxara bilir. İran adlanan ölkənin Azərbaycandakı səfirliyində çalışan "diplomat"ları arzuolunmaz şəxs elan edib, ölkədən çıxarır. Əslində onlar diplomat deyil. Onlar  casusdurlar, terror şəbəkəsinin koordinasiyası ilə məşğul olublar”.

 

Onun sözlərinə görə, İranın siyasi, ideoloji mənzərəsi dəyişsə belə, düşmənçilik aradan qalxmayacaq:

 

“Bütün bunları nəzərə almaq lazımdır. İran adlanan ölkənin farsçılıq ideologiyasından çıxış edən ölkə olması səbəbindən Azərbaycana qarşı bu düşmənçilik davam edəcək, səngiməyəcək. Azərbaycan öz gücünü ortaya qoyub, bu təxribatların qarşısını yerindəcə alıb, onu boğacağını göstərənə kimi belə davam edəcək. Digər bir məsələ ermənilərə şərait yaradılması ilə bağlıdır. Fars rejimi bundan geniş istifadə edir. Elə bu “Hüseynçilər” təşkilatının silahlanması, terror təlimləri keçməsini də ermənilərin Daşnaksütyun terror təcrübəsindən yola çıxaraq edirlər. Buna şübhəniz olmasın. Fars rejimi çoxtərəfli iş apara bilir. Xəyanətkar siyasətin əsasını məhz bu təşkil edir. Üzdə guya dost görünür, guya hər şey yaxşıdır. "Azərbaycan diplomatiyaya qayıtsın, o hər şeyi danışıqla həll edə bilər" deyirlər. Sanki bütün bu problemləri Azərbaycan başladıb. Demir ki, biz Azərbaycana qarşı düşmənçiliyə son qoymalıyıq. Azərbaycana qarşı siyasi, ideoloji, dini təbliğata son qoymalıyıq. Ən təəssüf doğuran məsələ bundan ibarətdir ki, özünü azərbaycanlı adlandıran, lakin fars rejiminə qulluq edən “Hüseynçi” qrupun üzvləri əslində ermənilərin Azərbaycanda planlarını həyata keçirməyə cəhd edirlər. Bu elə bir məsələdir ki, Azərbaycan cəmiyyəti bunu yaxşı bilməlidir. İran adlanan ölkənin siyasi hakimiyyətinin mahiyyətinin nə olmasından asılı olmayaraq, onların Azərbaycana, bütövlükdə türk dünyasına qarşı fəaliyyətində mütləq erməni məsələsi var”.

 

Sadiq İsabəyli İran rejiminin belə davam edəcəyi halda qarşısında güneyli azərbaycanlıları görəcəyini xüsusi vurğulayıb:

 

“Tək bayraq, tək millət, yaşasın Azərbaycan” şüarı ilə Güney Azərbaycanda mübarizə aparılır. Azərbaycanın dövlət bayrağı Güney Azərbaycanın müxtəlif şəhərlərində - Təbriz, Zəncan, Qəzvin, Urmu və başqa şəhərlərdə evdə, küçədə, dağların başında, Arazın qırağında - hər yerdə dalğalanır. Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri öz istiqamətlərini müəyyənləşdirib. Cənab Prezident İlham Əliyev Güneydə yaşayan azərbaycanlıların dili ilə, mədəni haqları, ümumiyyətlə təhlükəsizliyi ilə bağlı məsələləri Özbəkistanda, Türkiyədə qaldırdı. Bu, çox böyük ruh yüksəkliyi verdi. Güneyli gənclər mesajı almış oldu. Azərbaycan dövlətçiliyi naminə canımızdan, malımızdan hər şeydən keçməyə hazırıq. Güney Azərbaycan milli azadlıq hərəkatının əsas məqsədi bütöv Azərbaycan və Quzey Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, bölgədə söz sahibi olması ilə bağlıdır. Bunu unutmaq lazım deyil. Güney Azərbaycan faktoru özünü Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsinin əsas faktoru kimi göstərir. Azərbaycandan, Türkiyədən və Türk dünyasından kənar qüvvənin Güney Azərbaycanda cərəyan edən milli azadlıq hərəkatından istifadə etmək qabiliyyəti olmayacaq. Çünki hərəkatın istiqaməti millidir. Siyasi istəkləri müəyyən edilib və bu əsasda mübarizə aparılır. Azərbaycanın dövlət müstəqilliyi, regional söz sahibi olması, təsir gücünün artmasında Güney Azərbaycanın rolu prioritetdir. “Tək bayraq, tək vətən, yaşasın Azərbaycan” şüarları  güneylilər arasında kütləviləşir. Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri yeri gələndə elə Tehrandaca dəmir yumruqla İran fars faşizmini əzəcək. Bu, belə də bilinməlidir. Tehran rejimi bu təxribatlarından əl çəkməsə Güney Azərbaycan ona ağır bədəl ödətdirəcək”.

 

 

Güneyli siyasi şərhçi Kərim Əsğəri isə qeyd edib ki, İranın Azərbaycana belə münasibətinin əsas səbəblərindən biri də Güney Azərbaycandır: 

 

“Ümumiyyətlə, 1990-cı ildən günümüzə qədər İran İslam Cümhuriyyəti Azərbaycanın müstəqilliyini, bir dövlət kimi varlığını qəbullanmayıb. Qarabağın 44 gün içərisində azad edilməsindən sonra bunu heç qəbullana bilmir.  Azərbaycanın əleyhinə həm siyasi, həm provokativ mənada addım atır. Bunun da bir sıra səbəbləri var. Ən vacib səbəbi Güney Azərbaycandır. İnkişaf etmiş, rifaha çatmış Azərbaycan Cümhuriyyəti güneylilər üçün örnək təşkil edir. İran İslam Cümhuriyyəti bundan narahatdır. İran ideoloji olaraq farsçılıq və şiəlik üzərinə qurulan dövlətdir. Azərbaycan isə əksinə dünyəvi dövlətdir və İran kimi hər hansı irqi və ya etnik amil üzərindən propoqanda aparmır. Bu mənada siyasətlər tərs düşür. İranla Azərbaycan arasında gərginlik bundan sonra da davam edəcək. İran işi başqa formatlara çəksə də, onun xaosdan bəslənən dövlət olduğunu unutmayaq".

 

Onun sözlərinə görə, güneylilər İranın qarşısında olacaq:

 

“İranın daxilində problemlər var. 7 aydır İranda iğtişaşlar davam edir. İranın bütün bölgələrində rejimə qarşı narazılıq var. Tehran xarici problem yaradaraq, bunu yönləndirməyə çalışır. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı güneylilər hər mənada Azərbaycana dəstək oldular. Əgər qarşıda ciddi problemlər olarsa, güneylilərin İran dövlətinə qarşı olacağına əmin olun”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?