Modern.az

AZAL və Türk Hava Yolları rəsmi tərəfdaş elan edildi

AZAL və Türk Hava Yolları rəsmi tərəfdaş elan edildi

Aktual

14 Aprel 2023, 10:02

Azərbaycan Hava Yolları (AZAL) və Türk Hava Yolları 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin rəsmi tərəfdaş aviaşirkətləri seçiliblər.

 

Moern.az xəbər verir ki, müqaviləyə əsasən tərəfdaş aviaşirkətlər Azərbaycana gələn qonaqlara aviabilet üçün sərfəli tariflər təklif edəcək. 100-ə yaxın ölkədən 6000-dən çox nümayəndənin bu tədbirdə iştirak edəcəyi nəzərdə tutulur.

 

Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi üçün dünya səviyyəli hava yollarının dəstəyi bizi çox sevindirir və bu, konqres iştirakçılarına ən yaxşı təcrübəni təqdim etmək üçün vacib məqamdır. Xidmət keyfiyyətinə görə beynəlxalq səviyyədə tanınan Azərbaycan Hava Yolları və Türk Hava Yolları konqres üçün mükəmməl seçimdir və bu, ölkəmizin dünya ölkələri ilə əlaqələrinin qurulmasına imkan yaradacaq.

 

“Mükəmməl logistika Beynəlxalq Astronavtika Konqresi üçün mühüm elementdir” – deyə Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Dr. Kristian Faytinger qeyd edib. “Aparıcı aviadaşıyıcılar – Azərbaycan Hava Yolları və Türk Hava Yollarını konqresin tərəfdaşları olaraq görməkdən məmnunuq. Onlar gözəl Bakı şəhərində bizə qoşulmaqla beynəlxalq kosmos ictimaiyyətimizə dəstək olacaqlar”.

 

Azərbaycan Hava Yolları və Türk Hava Yolları dünyanın 120-dən çox ölkəsinə və 300-dən çox təyinat yerinə xidmət göstərən hava donanmasına malikdir.

 

“Bakı Konqresi qlobal kosmik tədbirdən zövq almaq üçün beynəlxalq ictimaiyyəti Bakı şəhərinə gətirmək, Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə bağlı unikal və orijinal təcrübələri kəşf etmək üçün gözəl fürsət təqdim edir” – deyə AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev bildirib.

 

Türk Hava Yollarının icraçı direktoru Bilal Ekşi qeyd edib ki, kosmosla bağlı bu tədbirin bir hissəsi olmaqdan şadıq. Göylərdə uçmağa gəldikdə isə kosmik tədbirə səyahət etmək üçün biz hər zaman sərnişinlərimizin buludların üstündə keçirdikləri vaxtdan zövq almasını təmin edirik. Bu tərəfdaşlıq sayəsində qardaş ölkəmiz Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin bütün qonaqlarına öz üstün xidmətimizi təqdim edəcəyik.

 

Xatırladaq ki, Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları üçün onlayn qeydiyyat davam edir.

 

Beynəlxalq Astronavtika Konqresinə qeydiyyat üçün bu keçiddən istifadə edə bilərsiniz.

 

Bakıya səyahəti daha asan və həmçinin münasib qiymətə etmək məqsədilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları üçün aviabilet və hotel seçimi ilə bağlı eksklüziv tariflər təklif edən vahid bron etmə platforması aktivdir.

 

Qrup qeydiyyatı ilə bağlı və yaxud hər hansı sualınız olduğu halda [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?