“İctimai şuraların nə üçün yaradılması ilə bağlı Milli Məclisdə müzakirə aparmalıyıq".
Modern.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
“Onlar bizə lazımdırmı?” kimi suallar ətrafında düşünməliyik, nə üçün yaradıldığını müzakirə etməliyik. Yəni ictimai şuralar bəzi verilişlərlə bağlı televiziya rəhbərləri ilə müəyyən razılığa gəlməli, təkliflər verməlidir”, - deputat bildirib.
Qeyd edək ki, hazırda Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilir. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirə edilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Həsən Cəfərov (AHİK-in katibi) və Əzim Talıbovun (AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin katib), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Teymur Kərimli (AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru) və Sərxan Xavərin (AMEA Rəyasət Heyətinin elmi katibi), Mətbuat Şurası isə Azər Həsrət (Mətbuat Şurası İdarə Heyətinin üzvü) və Aqil Ələsgərin (Mətbuat Şurası İdarə Heyətinin üzvü) namizədliyini irəli sürüb.