Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı müzakirələrə səbəb olub. Siyahıya diqqət yetirsək görərik ki, həm iqtidar, həm də müxalifət düşərgəsi namizəd seçimində daha çox yeni isimlərə üstünlük verib, hazırkı deputatlardan bəziləri siyahıya daxil edilməyib. Builki seçkilərdən kənarda qalan siyasətçilərdən biri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ordudan seçilmiş deputatı Metin Gündoğdudur.
Hakim komandanın namizəd siyahısında yer almayan Metin Gündoğdu təəssüratlarını Modern.az-la bölüşüb. O, AKP-nin qərarına hörmətlə yanaşdığını söyləyib:
"Bu, bayraq savaşıdır. Mən onsuz da Türkiyə Böyük Millət Məclisinə 26 və 27-ci çağırış zamanı iki dəfə Ordudan millət vəkili seçilmişəm. İndi başqa dostlarımız namizəd göstərilib. Ona görə də bayrağı başqa yoldaşlarımıza təhvil verəcəyik".
M.Gündoğdu seçkidən sonra fəaliyyətini təhsil sahəsində davam etdirəcəyini bildirib:
"Bundan sonrakı müddətdə partiyamızdan bizə vəzifə verilərsə, o istiqamətdə çalışarıq. Vəzifə verilmədiyi təqdirdə Yeni Düşüncə Dərnəyi adlı vətəndaş cəmiyyətimiz var. Orada xarici tələbələrə xidmət göstərməyə davam edəcəyik, onlara dəstək olmağa çalışacağıq. Türk dünyasından və İslam coğrafiyasından Ankaraya gələn tələbələrimizin əlindən tutub, onların Türkiyəyə adaptasiya olmasına köməklik göstərəcəyik. Sadəcə millət vəkilliyi vəzifəsi yoxdur, ancaq başqa vəzifələr var. Növbəti müddətdə millət vəkili olmayan dostlarımıza başqa vəzifələr verilə bilər. Bunlar seçkidən sonra məlum olacaq".
Deputat budəfəki seçkilərdə xalqın yenidən Rəcəb Tayyib Ərdoğanı prezident seçəcəyinə inandığını qeyd edib:
"Cumhur İttifaqı yenidən hökumət quracaq. Millətimizin iradəsinə güvənirik. Millətimiz yenidən cənab Ərdoğanı seçəcək. Bundan sonra Türkiyəni daha da gücləndirmək üçün çalışmağa davam edəcəyik. Kimin millət vəkili olub-olmamasından daha çox bu ölkənin yaxşı nöqtəyə çatdırılması üçün prezidentimizin yenidən seçilməsi lazımdır. Ərdoğan seçildikdən sonra yeni millət vəkili dostlarımız parlamentdə fəaliyyətlərini davam etdirəcək. Biz də kənardan prezidentimizə, partiyamıza dəstək olmağa davam edəcəyik. Biz bu dəfə deputat seçilmədik, daha kənara çəkilək düşüncəsində deyilik. Bizdə küsülülük, inciklik qətiyyən ola bilməz. Mən hazırda Ordu şəhərindəyəm. Orduda partiyamızı daha yaxşı nöqtəyə daşımaq üçün çalışıram. Səs istəyirəm".
Metin Gündoğdu bundan sonra da Azərbaycanın yanında olacaqlarını diqqətə çatdırıb:
"Yeni Düşüncə Dərnəyi olaraq tədbirlər çərçivəsində Azərbaycana səfər edirik. Azərbaycan Türkiyəyə qardaş ölkədir. Biz bir millət, iki dövlətik. Bu ölkə üçün atıla biləcək hər addımda parlamentdə olsaq da, olmasaq da, həmişə Azərbaycanın yanında olacağımızı hamı bilməlidir".