Modern.az

“Əli Kərimli və İsa Qəmbərin Rüstəm İbrahimbəyova güzəştə getmələrinin səbəbini bilirəm” - MÜSAHİBƏ

“Əli Kərimli və İsa Qəmbərin Rüstəm İbrahimbəyova güzəştə getmələrinin səbəbini bilirəm” - MÜSAHİBƏ

Aktual

3 İyul 2013, 17:31

Qüdrət Həsənquliyev: “Milli müxalif qüvvələrlə seçki öncəsi vəziyyət müzakirə olunmalıdır”

Modern.az saytı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin BayMedia İnformasiya Agentliyinə müsahibəsini təqdim edir. 

- Qüdrət bəy, artıq bir neçə müddətdir ki, bəzi mətbuat orqanlarında hakimiyyətin seçkilərə iki namizədlə qatılacağı barədə məlumatlar yayılır?

- Əgər xatırlayırsınızsa təxminən bir il öncə radikal müxalifət təmsilçiləri nəzarətlərində olan mətbuat orqanlarında kampaniya apaırdılar ki, İlham Əliyev prezidentliyə namizəd kimi seçkilərdə iştirak etməyəcək. Hələ o zaman mən demişdim ki, bu adamlar ölkədəki ciddi məsələləri müzakirə etmək əvəzinə hamı üçün aydın olan bir məsələni şübhə altına almaqla vaxt itirirlər. Beləliklə də faydalı iş əmsalı sıfıra bərabər olan mənasız fəaliyyətlə məşğul olurlar. Biz hələ bir partiya kimi 2009-cu ildə, BAXCP-nin hazırladığı Konstitusiya islahatları layihəsini daha geniş spektrə təqdim edəndə bildirirdik ki, hakim partiyanın növbəti prezident seçkiləri ilə bağlı mövqeyi tamamilə aydındır və 2013-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüləcək. Və əgər İlham Əliyev hakim partiyanın namizədi olacaqsa, deməli o zaman Yeni Azərbaycan Partiyasının ikinci namizədində söhbət gedə bilməz.

- Bəs məlumatların yayılmasının səbəbi nədir?

- Özləri üçün vaxt keçirməyə və özlərini aldatmağa bir mövzu tapıblar. Bu da iqtidarı müəyyən qədər qane edir. Ona görə də iqtidar bu məsələlərə ciddi diqqət yönəltmir. Bir çox hallarda isə ayrı-ayrı funksionerlərin açıqlamaları ilə bu mövzunun gündəmdən çıxmasının qarşısını alırlar.

Daha öncə qeyd etdiyim kimi, bu müzakirələr iqtidara sərf edir. Düşünürlər ki, radikal düşərgə təmsilçiləri öz başlarını qatmağa mövzu tapıblar. Uşaq oyuncaqla oynayan kimi onlar da bu mövzunun ətrafında oynayırlar.

Əgər bunlar hesab edirlər ki, bu vasitə ilə ictimai rəyə ailə, yaxud hakimiyyət daxilində hansısa fikir ayrılıqlarının olduğunu çatdırırlar, tamamilə yanılırlar və bu təbliğat əks effekt verir. Çünki heç bir ciddi insan bu müzakirələri ciddi qəbul eləmir. Bu yalnız istehza doğurur.

- Bildiyiniz kimi, artıq Milli Şura Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Hecə düşünürsüz, uzun illər boyu heç bir məsələdə bir-birinə güzəştə getməyən radikal düşərgə təmsilçilərinin, xüsusilə də İsa Qəmbər və Əli Kərimlinin Rüstəm İbrahimbəyova güzəştə getmələrinin səbəbi nədir?

- Bu adamlar düşünürlər ki, Rüstəm İbrahimbəyova Rusiyadan siyasi və maliyyə dəstəyi ala, prezident seçilə və bunlara da hakimiyyətdə hansısa post verə bilər. Rüstəm İbrahimbəyova güzəştə gedilməsinin əsas səbəbi budur. Amma əlavə səbəblər də var. Əlavə səbəblərdən biri də odur ki. onlara bununla bağlı tapşırıq verilib və onlar sadəcə olaraq bu tapşırığı yerinə yetirirlər. Mən daha öncə də bəyan etmişdim ki, bu blok bir tapşırıqla yarandığı kimi bir tapşırıqla da dağıla bilər. Əli Kərimli ilə İsa Qəmbərin bir-birinə güzəştə getməmələrinin səbəbi isə, daha əvvəllər bildirdiyim kimi qarşılıqlı patoloji nifrətlə, psixoloji uyumsuzluqla bağlıdır. Burada, eyni zamanda qarşılıqlı iddiaların böyüklüyü də rol oynayır. Bu insanların ortaq razılığa gəlməsi xeyli dərəcədə çətindir. Onlar vaxtilə eyni hakimiyətdə təmsil olunduqları dövrlərdə də bir-birilərinə qarşı mübarizə aparıblar. Ən azından mənim bundan kifayət qədər məlumatım var. Onların indi zorən müttəfiqə çevrilmələrinə, yaxud kimlərinsə onları zorən müttəfiqə çevirmələrinə baxmayaraq gələcəkdə də bu mübarizə bəzən açıq, bəzən isə gizli formada davam edəcək. Psixoloji uyumsuzluqdan və qarşılıqlı nifrətdən savayı İsa Qəmbər və Əli Kərimlinin bir-birilərinə güzəştə getməmələrinin səbəblərindən bir də tərəflərdən heç birinin digərinin qələbəsinə inamının olmamasıdır. Əgər onlardan hər hansı birində belə bir inam olsaydı, həmin şəxs bütün hisslərini boğub hakimiyyətə gəlmək üçün digərini dəstəkləyə bilərdi. Belə bir inam olmadığına görə də onlardan birinin digərini dəstəkləməsi mümkün deyil. O ki, qaldı Rüstəm İbrahimbəyovun müəyyən şərtlər çərçivəsində Müsavat Partiyası tərəfindən dəstəklənməsinə, bu onu göstərir ki, Rüstəm İbrahimbəyovun seçkilərdə uğur qazana biləcəyinə ciddi inam yoxdur. Ən azından Müsavat Partiyasının rəhbərliyində…
Ona görə də Rüstəm İbrahimbəyovun namizədlyinin irəli sürüldüyü iclasda İsa Qəmbər bildirib ki, Rüsğəm İbrahimbəyovun namizədlyi qeydə alınmayana qədər onların seçkilərə öz namizədləri ilə qatılması barədə qərarı qüvvədə olacaq. Yəni bu o deməkdir ki, İsa Qəmbərin namizədliyi irəli sürüləcək, imza toplanılacaq  və s. və il. Bunun səbəbi isə odur ki, onlar Rüstəm İbrahimbəyovun namizədliyini qeydə aldıra biləcəklərinə belə, əmin deyillər. Bununla yanaşı, Müsavat Partiyası çalışır ki, AXCP-dən fərqli olaraq mili qüvvə imicini qoruyub saxlasın. AXCP artıq bütün kartlarını açıb. Onlar yalnız hakimiyyət uğrunda vuruşduqalırını ortaya qoyublar. Necə olur, kiminlə olur, kimi dəstəyi ilə olur olsun, yeganə məqsədləri hakimiyyətə gəlməkdir. Sözün doğrusu, Əli Kərimli yəqin ki, yalnız qisas haqqında düşünür.

Amma Müsavat Partiyası çalışır ki, həm də mili qüvvə imicini qoruyub saxlasın. İsa Qəmbərin ən yaxın müttəfiqi olan Pənah Hüseynin Milli Şuraya qatılmaması, İsa Qəmbərdən fərqli olaraq daha açıq bir mətnlə Milli Şura ssenarisinin müəllifinin və rejissorunun başqa bir şəxs olduğunu, mili qüvvələr tərəfindən çox böyük riskli addımlar atıldığını vurğulaması sübuta yetirir ki, onlar bu ssenarinin müəllifinin Kreml olduğunu başa düşürlər. Hələ Rüstəm İbrahimbəyov qeyri-səmimi bir şəkildə siyasətlə məşğul olmayacağını, seçkilərdə iştirak etməyəcəyini and-aman edəndə, bir ziyalı kimi Ziyalılar Forumunu yaradaraq ölkədəki problemlərdən danışmaq istədiyini, müxalifətyönümlü olmadığını, hakimiyyətə də, müxalifətə də eyni münasibət bəsdlədiyini söyləyəndə bildirmişdim kimi necə ola bilər ki, Əliyevlər ailəsinə yaxın olan bir şəxs birdən-birə onlara qarşı bu qədər radikal bir mövqe sərgiləsin… Və o zaman deyirdim ki, Rüstəm İbrahimbəyovu Azərbaycan hökumətinin əleyhinə danışdıran onun vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Zaman haqlı olduğumu bir daha təsdiqlədi.

Pənah Hüseyn demişkən, özünü mili adlandıran radikal müxalifət çox böyük riskli addımlar atıb. Doğrudur, mənim mətbuata açıqlamalarımdan sonra onlar guya vəziyyəti düzəltmək üçün prezidentliyə namizədin imzalayacağı bir sənəd hazırladılar. Həmin sənəddə prezidentliyə namizəd üzərinə müəyyən öhdəliklər götürür ki, o yalnız mili qüvvələrin iştirakı ilə «mili etimad hökuməti» yaradacaq. Amma bu sənəddə hansı vəzifənin kimi veriləcəyi ilə bağlı heç bir müddəa öz əksini tapmayıb. Belə bir öhdəlik də yoxdur və sabah Rüstəm İbrahimbəyov hansısa şəxsləri müdafiə naziri, daxili işlər naziri, yaxud mili təhlükəsizlik naziri təyin edəcəksə, onun milli olub olmadığını necə müəyyənləşdirəcəklər? Milli Şuranın tərkibi də elədir ki, Rüstəm İbrahimbəyov ordakılara hansısa kiçik vəzifələr təklif edən kimi onların hamısı İbrahimbəyovun dediklərini deyəcək. Kimsə konkret statusa sahiblənmiş şəxslə konfliktə getmək istəməyəcək. Gedə bilən bircə Müsavat Partiyası olacaq ki, o da son nəticədə azlıqda qalacaq. Rüstəm İbrahimbəyov da hakimiyyətin bütün əsas rıçaqlarını verəcək Rusiya meylli adamların əlinə. Həmin o öhdəlikdə nəzərdə tutulduğu kimi iki il sonra keçirilən ən demokoratik seçkilərdə belə həmin o radikal müxalifətin qalib gəlmək imkanları olmayacaq. Hökumət faktiki surətdə tamamilə Rusiyanın nüfuz dairəsinə daxil olacaq.

- Siz özünüz də vaxtilə deyirdiniz və indi də deyirsiniz ki, Azərbaycan Rusiya ilə yaxınlaşa bilər…

- Mən bunu müəyyən şərt daxilində deyirdim. İndi də o fikirdəyəm ki, əgər Rusiya Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarının bərpa olunmasına mane olmazsa və bu barədə öhdəlik götürərsə Azərbaycan Rusiya ilə daha sıx inteqrasiyaya gedə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Gömrük İttifaqına və hətta Avrasiya İttifaqına da daxil ola bilər. Bütün bunları mümkün sayıram və hesab edirəm ki, Azərbaycan Qarabağ naminə bu addımları ata bilər. Amma Rüstəm İbrahimbəyov isə guya Rusiya ilə məsafə saxladığını bəyan etməklə, əslində dediyim öhdədik olmadan Azərbaycanı Rusiyanın nüfuz dairəsinə daxil etmək istəyir. Rusiya bizim torpaqlarımızı işğal altında saxlaya-saxlaya, 1 milyon 200 min soydaşımızı qaçqın, köçkün vəziyyətində yaşamağa məcbur edə-edə bunlar Azərbaycanı Rusiyanın nüfuz dairəsinə atmaq istəyirlər. Mənim dediklərimlə onların niyyətləri arasındakı fərq bundadır. Ona görə də hesab edirəm ki, Azərbaycanın suverenliyi və Dağlıq Qarabağ probleminin əbədi dondurulması üçün ciddi təhlükə var.  Düşünürəm ki, Azərbaycan ictimaiyyəti də məsələnin fərqində olmalı, hökumətdən narazı olan qüvvələr emosiyalarla qutu başına getməməlidirlər. Hakimiyyət də narazılıqların aradan qaldırılması üçün ölkədə müəyyən islahatlar aparmalıdır. İslahatlar aparmadan, yalnız güc  strukturlarına arxalanaraq uzun müddət bu vəziyyəti qoruyub saxlaya biləcəyi barədə illuziyalara qapılmamalıdır. Hakimiyyət də başa düşməldir ki, söhbət onların hakimiyyəti itirməsindən deyil, Azərbaycanın suverenliyinin itirilməsindən gedə bilər və bu onların məsuliyyətini on qat artırmalıdır. Bilirsiniz, bir var hakimiyyətdə olan partiya iqdisadi və digər sahələrdə səhvlərə yol verdiyi üçün hakimiyyədən gedir və müxalifətə keçir, bir də var hansısa siyasi qüvvənin hakimiyyətdən getməsi dövlətin müstəqilliyinin itirlməsi ilg nəticələnir… Ona görə də mən iqtidarı və ölkəyə rəhbərliyini Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətlərini daha dərindən dərk etməyə, ciddi nəticələr çıxarmağa, islahatlar aparmağa və müəyyən təkəbbürü də yerə qoymağa çağırıram. Ən azından prezident özü də Yeni Azərbaycan Partiyasının qurultayında söylədi ki, ölkədə mili müxalif qüvvələr var və hesab edirəm ki, bu mili müxalif qüvvələrlə də seçki öncəsi vəziyyət müzakirə olunmalıdır. Çalışmalıyıq ki, keçiriləcək seçki kampaniyası həm ölkənin imicinin korlanmasına rəvac verməsin, həm də xarici dövlətlərlə əlbir olan şəxslər hakimiyyətə gəlib dövlətin suverenliyinin itirilməsinə səbəb olmasınlar. Hakimiyyət monolitdir və özünü çox güclü hiss edir. Buna görə də çox təəssüf ki, islahatlar aparmaq sahəsində həvəsli görünmir. Amma qeyd etmək istəyirəm ki, bu görünən sabitlik günlərin birində, çox qısa bir zaman çəprçivəsində və heç kimin proqnozlaşdıra bilməyəcəyi bir hadisənin baş verməsi nəticəsində pozula bilər. Ona görə də ölkədə sistemli islahatlar aparılmalı, çoxpartiyalı sistem inkişaf etdirilməlidir.

- Qüdrət bəy, daha öncə qeyd etdiyiniz kimi partiyanın son qurultayında seçkilərdə iştirakla bağlı qərar qəbul edilib. Bəs BAXCP-nin seçkilərə hazırlığı nə yerdədir?

- Qeyd etdiyim kimi, «İslahat» blokuna daxil olan partiyalarla seçkilərdə vahid namizədlə iştirak etməklə bağlı danışıqlar aparacağıq. Əgər razılıq əldə olunmazsa, o zaman partiya seçkilərə öz namizədi ilə qatılacaq. Amma danışıqların nəticələrini gözləmədən biz seçkilərə hazırlığa başlamışıq. Bilirsiniz ki, bütün hallarda prezidentliyə namizədin qeyd alınması üçün imza toplanılmalıdır. Bu barədə partiyanın müvafiq qurumlarına göstəriş verilib. BAXCP-nin təşkilat katibliyində artıq imza toplayacaq şəxslərin adları da müəyyənləşdirilib. İmzaların hansı dairələrdən və kimlər tərəfindən toplanacağı barədə də vəzifə bölgüsü aparılıb. Ümid edirəm ki, qüvvələr nisbəti, maliyyə resursları, təbliğat imkanları iqtidar namizədi ilə müqayisədə nə qədər fərqli olsa da biz hər bir seçki kampaniyasını alternativ ideyaların cəmiyyətə təqdim olunması, partiyanın təbliğatı baxımından bir şans hesab edirik. İmkanlar qeyri-bərabər olsa da biz qələbə uğrunda mübarizə aparacağıq. Çalışacağıq ki, bizim bu seçkidə iştirakımızdan Azərbaycan xalqı, Azərbaycan dövləti faydalansın. Ölkəmizdə demokratiyanın inkişafı, siyasi tolerantlığın güclənməsi baxımından bizim seçkilərdə iştirakımız önəmli olacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı