Azərbaycan Ordusunun 24 saatlıq lokal antiterror tədbirləri Qarabağ separatçılarının ağ bayraq qaldırıb təslim olması ilə bitdi. İndi separatçılara silah-sursatlarını təhvil vermələri üçün vaxt ayrılıb. Eyni zamanda, əli qana bulaşmış separatçıların təhvil verilməsi də tələb edilib.
Bəs ağır cinayətlər törətmiş erməni terrorçuları hansı cəza gözləyir?
Məsələ ilə bağlı Modern.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, separatçıların təhvil verilməsi Azərbaycanın əsas şərtlərindən biridir:
"Sentyabrın 19-da başlayan lokal antiterror tədbirləri bir sutka ərzində başa çatıb. Bu tədbirlər bizim gözlədiyimizdən daha tez yekunlaşdı, Azərbaycan Ordusu separatçıların canlı qüvvəsinin böyük hissəsini məhv etdi. Eyni zamanda, düşmənin xeyli sayda silah-sursat anbarları darmadağın edildi. 60-dan çox strateji döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Buna görə də, separatçılar Azərbaycanın təklifi ilə razılaşıb ağ bayraq qaldıraraq təslim olduqlarını elan etdilər.
Dünən saat 13:00-dan Azərbabycan tərəfi atəşkəs elan edib, separatçı rejimə silah-sursat və hərbi texnikalarını təhvil verməsi üçün bir gün vaxt ayırıb. Vaxt bu gün saat 13:00-da bitəcək. Erməni icması Yevlaxda görüş təklifi etdi və rəsmi Bakı bununla razılaşdı. Azərbaycanın təklif etdiyi şərtlər içərisində həm də separatçı rejimin cinayətkar üzvlərinin Bakıya təhvil verilməsi tələb edilib. Siyahı da təqdim edilib. Siyahıda birinci Qarabağ müharibəsində, Xocalı soyqırımında, 2-ci Qarabağ müharibəsində Azərbaycan dövlətinə və xalqına qarşı xüsusilə ağır cinayətlər törətmiş şəxslərin adları var. Azərbaycan Baş Prokurorluğu tərəfindən barələrində axtarış elan olunanlar da Azərbaycana təhvil verilməlidir".

Ç.Qənizadə qaçan separatçıların da təhvil verilməli olduğunu söyləyib:
"Dünən cənab Prezident də bildirdi ki, "separatçı cinayətkarlar cəzalandırılırlar və cəzalandırılacaqlar". Onların cəzadan yayınma ehtimalları yoxdur. Bu, qeyri-mümkündür. Hansısa yollarla separatçılardan Ermənistana aparılanlar olarsa, əlbəttə ki, bu cinayətkarların saxlanılması çətin olacaq. Qarabağda qalan, getmək imkanı olmayan müharibə cinayətlərində iştirak edən, ağır və xüsusilə ağır cinayətlər törədənlər Azərbaycana təhvil verilməlidir".
"Separatçıları hansı cəza gözləyir" sualına cavabında hüquq müdafiəçisi deyib: "Hər bir kəs öz əməlinə görə cəzalandırılacaq. Onlara ittiham olunacaqları maddələr əsasında cəza kəsiləcək. Hər halda bütün bu cinayətkarlar Azərbaycan qanunları qarşısında mühakimə olunub, layiqli cəzalarını alacaqlar".