
Yazını bir jurnalist kimi öz adımdan yox, narazılığı olan bütün valideynlər adından yazmağı qərara aldım. Bu gün valideyn olaraq mənim durumumda olan bir çoxları var!
2012- ci ilin may ayında yerlərin müəyyən qədər boşaldığını nəzərə alaraq üz tutdum evimizin yaxınlığında yerləşən körpələr evinə. ”Avqustda gələrsən“ - dedilər. Avqustda getdim. Müdirin qapısından içəri girməmiş bu dəfə də “uşağı bağçaya qoymaq üçün gəlmisinizsə, yerlərimiz dolub” – söylədilər. Danışmağa imkan verməyib “bizə ayrılan plan yeri artıq dolub, tapşırıq budur’’ - deyə sözümü kəsdilər. Bundan əvvəl isə mənə bağçaya uşaq qoymağın çox çətin olduğunu bildirmişdilər. Hətta buna görə məndən hər uşağa görə 250 manat da istəyən olmuşdu. Nə başınızı ağrıdım. Çox get-gəldən sonra qızımı yazdırdım bağçaya. Təbii ki, şirinlikdən sonra. Di gəlki, bu il də oğlumu bağçaya verib işləmək qərarına gəlmişəm. Ama yenə alınmır. Deyirlər siyahı “Baksovet”dən gəlir, nə bilim kim qol cəkməlidir... və bu kimi bir çox baş ağrıdan məsələlər atırlar ortaya. Hansı bağçaya uz tutursan “yerlər dolub” deyirlər. Hələ keçən ildən növbə gözləyən valideynlər gözləyirlər. Maraqlıdır yerlərin dolmasına səbəb olanlar kimdir?! Bağçalarda dövlət tərəfindən ayrılan yerlər sanki hərraca çıxarılıb. Kim çox versə, gözüm üstə yerin var məsəli! Halbuki, Bakı merinin qərarına əsasən, usaq bağçaları ödənişsizdir. Hanı bəs?! Hardadır o bağça?! Yerini bizə də deyin! Kimsə dövlət bağçasını öz hesabına keçirib təmir etdirir. Sonradan aylıq haqqı olur 20-30 manat. Kim təyin edir bu qiymət cədvəllərini?! İnsaflıları da var. Gərək yezid üçün də ağlayasan deyiblər. Ayliq 5 manat. Təəssüf ki, o bağçaların da əksəriyyətinə üfunət iyindən girmək belə, mümkün deyil. Qalmışdı ora uşaq verəsən. Bəziləri də təmirə dayanıb. Yəqin açılışda onlar da 20-30 manat olacaq. Bu məsələnin bir tərəfi. Digər tərəfdən də uşaq bağçaya gedən kimi anaya ismarıc göndərirlər ki, hər ay “hörmətimizi” etsin. Gücü çatan ayda hər tərbiyəçiyə 5, 10 manat, hətta həftəsinə görə 10 manat verir. Amma elə valideyn də var ki, heç aylığı çatdırıb verə bilmir. “Hörmət edən” valideynlərin uşaqları olur “hörmətli”. Tədbir oldu həmin uşaqlar öndədir, həmin uşaqlara daha çox qayğı göstərilir. Olurlar “bağçanın fəalları”. “Niyə mənim usağım siyahıda yoxdur soruşanda” deyirlər “uşağınız passivdir”.
Hər ay yığılan fond pulları, analiz götürülmədiyi halda alınan analiz pullari, süpürgə pulları hara gedir?! Hələ üstəlik dövlət tərəfindən maliyyələşdirilməsinə baxmayaraq lazım olan vəsaitlər: nəm və quru salfetlər, sabun, rəsm albomu, rəngli karandaş, plastilin, yapışqan və.s də valideyn tərəfindən alınır. Niyəsini soruşduqda, “dövlət az verir, butun usaqlara çatmır!” cavabını alırsan. Bu və bu kimi narazılıqların siyahısını uzatmaq olar. Ama nə fayda “dəyirman” öz işindədir.
Gülşən Raufqızı