Modern.az

Heydər Əliyevin Sirus Təbrizli ilə məşhur DİALOQU: “Sirus, qardaş, dayan bir qulaq as” - STENOQRAM

Heydər Əliyevin Sirus Təbrizli ilə məşhur DİALOQU: “Sirus, qardaş, dayan bir qulaq as” - STENOQRAM

Aktual

7 Sentyabr 2013, 16:41

Mərhum Sirus Təbrizli özünün kəskin çıxışları və açıq söhbəti ilə həmişə diqqəti çəkib. Onun çıxışları birmənalı qarşılanmasa da mərhum heç vaxt sözlərindən geri çəkilməyib. Mərhum eks-prezident Heydər Əliyev 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin 10-cu qurultayı ərəfəsində yaşlı nəsildən olan yazıçıların bir qrupu ilə görüşüb.

Həmin görüşdə mətbuat və informasiya naziri Sirus Təbrizli də iştirak edib və kəskin çıxış edib.

Modern.az saytı Sirus Təbrizlinin 1997-ci ildə prezident Heydər Əliyevlə yazıçıların görüşündə etdiyi çıxışı təqdim edir.  

Sirus Təbrizli:
- Mən qurultaya getməyəcəyəm, ona görə də sözlərimi burada demək istəyirəm. Qurultaya getməməyimin də çox əsaslı, tutarlı səbəbi var. Bu gün burada məndən əvvəl çıxış edənlər öz təşəkkürlərini bildirdilər ki, dünyanın ən böyük siyasətçilərindən biri vaxt tapıb qurultayqabağı Azərbaycanın yazıçıları ilə görüşür. Axı əslində yazıçı özü də siyasətçidir, xalqın ən ağır vaxtlarında əvvəl öz yolunu müəyyən edir ki, kiminlədir. Yadınızdadır, faşizm baş qaldıran dövrdə Qorkinin böyük bir məqaləsi var idi: "Kiminləsiniz, ədəbiyyat, incəsənət xadimləri?". Yazıçı özünü müəyyən edəndən sonra insanları, xalqını, millətini düz yola aparmalıdır.
Bizim qonşumuz Gürcüstanda Zviad Qamsaxurdianı prezident seçən ərəfədə gürcü xalqının böyük filosofu Merab Mamardaşvili dedi ki, “gürcü xalqı Zviad Qamsaxurdiaya səs versə, xalqımın əleyhinə çıxacağam”. O zaman qara qüvvələr Merab Mamardaşvilini Gürcüstandan qovdular, getdi, Moskvada hava limanında ürəyi partladı. Amma gürcü xalqı bu gün onun qarşısında baş əyir. Ona görə də Şevardnadze tez qayıtdı Gürcüstana, çünki Merab Mamardaşvili kimi ziyalılar var idi.
Bəs bizdə nə baş verdi? Əkrəmin bir cümləsinə görə ona təşəkkür edirəm ki, heç olmasa, cəsarəti çatdı, etiraf elədi ki, bir  çox inandıqlarımızdan dönməyə məcbur olduq. Bəli, Əkrəm Əylisli, sən Əbülfəzə də inanırdın. Sənin cümlən idi, yazırdın ki, mən bu iqtidara pənah gətirmişəm. Mən bir ziyalı kimi fəxr edirəm ki, Əkrəm, o zaman sənə zəng edib dedim ki, kimə pənah gətirmisən, Pənah Hüseynova? Bilirsən ki, sənə nə boyda hörmətim var. Sən səhv edirdin və sənin səmimiyyətinə inanıram. Amma bəziləri səhv yox, riyakarlıq edirdilər və bu gün də edirlər.

Heydər Əliyev:
- Sirus, bir balaca sakit danışa bilərsənmi? Mən istəyirəm söhbətimiz mülayim keçsin.

Sirus Təbrizli:
- 1983-cü ildə məni yazıçı danosu ilə işdən çıxardıblar. Mən o qurultaya necə gedə bilərəm? Kimlər çıxardıblar - Sizdən ev alanlar, orden, medal alanlar. Dedilər ki, Siz Nəbi Xəzrini gözəl şair adlandırdınız. Mən istərdim ki, o gözəl şair ağır günlərinizdə Sizin yanınızda olaydı. Budurmu ədəbiyyat? Bizim Mirzə Cəlilimiz, Sabirimiz olub. Biz məəttəl qalırdıq. Mən oxuyanda ki, Fikrət Qocanı Heydər Əliyev az qala o dünyadan qaytarıb, - özü yazır, - təəccüb edirdim: Bəs bu hadisələr baş verəndə, heç nə yox, bir ziyalı kimi zəng edəydi ki, ay Sirus, sən çox düz eləyib, bu işləri görürsən.

Heydər Əliyev:
- Sirus, bir dəqiqə dayan, xahış edirəm. Azərbaycanda yaxşı bir söz var: Keçənə güzəşt deyərlər.

Sirus Təbrizli:
- Mən Sizinlə razıyam. Amma bunun gələcəyi var.

Heydər Əliyev:
- İndi əgər biz burada keçmişimizi qurdalasaq, qaldırsaq, - nə təhər oldu, nə cür oldu, bunlar bizə xeyir gətirməyəcəkdir. Allaha şükür olsun ki, müstəqil dövlətimiz var. Allaha şükür olsun ki, ictimai-siyasi sabitlik yaranıbdır. Allaha şükür olsun ki, tam sülh olmasa da, sülh şəraitində yaşayırıq. Allaha şükür olsun ki, hamımız bir yerdəyik. Vaxtilə kimin başına nə gəlib, nə təhər olub, filan olub - bunlar keçmişdə qalıbdır. Mən bunları unuduram. Xahiş edirəm siz də unudasınız.

Sirus Təbrizli:
- Siz unudursunuz, biz gələcək naminə bunları unutmamalıyıq. Mən Sizinlə razıyam. İstəmirəm qurultaya gəlib  orada bu sözləri danışam, amma burada deməliyik. Nəyə görə?
Çünki bu gün də yazıçı qəzetdə müsahibə verir, ondan soruşurlar ki, dünyada siyasətçi kimi sən kimi qəbul edirsən, deyir ki, Kolu, bir də İsa Qəmbəri.

Heydər Əliyev:
- Bu, onun fikridir. İndi fikir azadlığıdır.

Sirus Təbrizli:
- Azadlıqdır, amma fikrin dalınca gedənlər var. Bu fikrin dalınca getdilər, sonra Azərbaycan düşdü belə bəlaya.

Heydər Əliyev:
- Sirus, qardaş, qulaq as, bu fikir azadlığı mütləq olmalıdır. Fikir azadlığı, söz azadlığı keçmişdə bizdə olmayıb, amma indi, bundan sonra da olmalıdır. İndi sən heç kəsə hökm edə bilməzsən ki, sənin kimi fikirləşsin. Kimi dedin, - Kol, bir də kim, - İsa Qəmbərov? O, elə fikirləşir, istəyirsən ki, sənin kimi fıkirləşsin? Bu ola bilməz, axı mümkün deyil.

Sirus Təbrizli:
- O fikirlə biz gəldik, faciəyə düşdük axı. Bəs sabahı nə olacaq?

Heydər Əliyev:
- Yaxşı, düşdün, düşdün də. Bilirsən, Sirus, sən özün demokratiya tərəfdarısan, elədir?

Sirus Təbrizli:
- Bəli. Mən demokratiya tərəfdarıyam, özü də demokratam. Bunu Siz də bilirsiniz, burada oturanlar da bilir.

Heydər Əliyev:
- Bəli, sən o vaxt Azərbaycanda milli azadlıq hərəkatının qabaqda gedənlərindən birisən, elədirmi? Meydanlarda söz deyirdin, çıxış edirdin. O vaxtlar sənin dediyin sözlərlə razı olmayanlar var idi, - Azərbaycanın rəhbərləri, elədirmi? Amma yaxşı ki, onlar səni həbs eləmədilər, sağ qaldın.

Sirus Təbrizli:
- Onlar bu demokratlardan çox kişi çıxdılar. Bugünkü demokratlar həbs nədir, Siz bilirsiniz ki, Naxçıvanda bizim başımıza nə oyun gətirdilər.

Heydər Əliyev:
- Bilirəm, bilirəm. Ona görə bu fikir azadlığı, söz azadlığı bizim həyatımızın əsasını təşkil etməlidir. Kim nə cür düşünür, o cür də düşünsün. Heç kəsi məcbur etmək olmaz.
Sadəcə, biz çalışmalıyıq ki, öz fikrimizin daha da doğru, düzgün olduğunu sübut edək və insanları bu fikrə şüurlu inandıraq. Amma hökm etmək ki, sən bunu demə, onu de, onu demə, bunu de - bu, artıq indi mümkün deyildir. Keçmiş kommunist rejimində də, - mən o dövrdə işləmişəm, - məhz o vaxtda da çalışırdım ki, insanlar sərbəst danışsınlar. Mənim o vaxtda da fikrim belə olub. Ancaq onda bir adamın, iki adamın fikri ilə ümumi şərait yaratmaq olmazdı. Amma indi bizdə demokratik dövlətdir. Biz Konstitusiya qəbul etmişik və Konstitusiyamızda yazmışıq ki, söz azadlığı, mətbuat azadlığı, fikir, vicdan azadlığı, insanların bütün azadlıqları bizim həyatımızın əsas prinsipləridir. Ona görə biri deyir ki, Kolu ən yüksək siyasətçi hesab edir, sabah o birisi  deyəcək ki, Sirus Təbrizlini ən gözəl şair hesab edir. Onda adam gərək ondan incisin? Bunlar xırda məsələlərdir. Gəlin vaxtımızı bunlara sərf  etməyək. Gəlin vaxtımızı ona sərf edək ki, bundan sonra nə edək? İndiyədək nə olub, hamısı geridə qalıb. Yenə də deyirəm,  keçənə güzəşt etmək lazımdır, irəliyə baxmaq lazımdır.

Bu gün buraya, bu salona Azərbaycanın ən mötəbər adamları toplaşıblar. Bu, tarixi bir hadisədir. Mənim üçün də tarixi hadisədir. Hər birimiz yaşayırıq, gedirik. Bəli, mən 1997-ci ildə, əsrin sonunda Azərbaycanın ən mötəbər şairləri, yazıçıları ilə görüşürəm. Bu mənim üçün tarixi bir hadisədir. Dəfələrlə demişəm, vaxtilə mən, məsələn, Səməd Vurğunun şerlərini oxuyurdum, sonra onun üzünü görəndə yadımda saxlayırdım,  yoldaşlarıma dəfələrlə deyirdim ki, mən Səməd Vurğunu  görmüşəm. Hələ əl verib görüşməmişdik, amma mən deyirdim ki, Səməd Vurğunu görmüşəm. Bunun özü böyük bir hadisə idi.  
Ona görə bugünkü görüş də bir hadisədir. Çünki burada oturanlar Səməd Vurğunun yolunu bu gün də davam etdirən, Azərbaycan ədəbiyyatını onun kimi inkişaf etdirən insanlardır.

Ona görə də gəlin bu azadlıqları heç kimin əlindən almayaq. Hamı azad olsun. Kim nə fikir söyləyir - söyləsin, kim nə deyir - desin. Ancaq bu azadlıq nəticəsində -fikir azadlığı, söz azadlığı nəticəsində biz həqiqətə gələ bilərik.

Bağışlayın, mən üzr istəyirəm, istədim ki, istiqaməti bir balaca dəyişim.

Sirus Təbrizli:
- Çox sağ olun. Bilirsiniz ki, Sizin fikirləriniz bütün ziyalılar kimi, mənim üçün də həmişə meyardır. Siz təkcə fikir adamı deyilsiniz, həm də bir şəxsiyyət kimi əməl adamısınız və dediklərinizə sadiq bir insansınız. Mən də dünənə boylanıb narahatçılıqdan bu çıxışı edirəm, özü də burada edirəm.

Heydər Əliyev:
- Bilirsən, Sirus, bağışla, yenə üzr istəyirəm. İndi yadına saldın ki, o vaxt səni işdən çıxartdılar?

Sirus Təbrizli:
- Bəli.

Heydər Əliyev:
- Yazıçılar İttifaqından?

Sirus Təbrizli:
- Bəli, yazıçının danosu ilə yazıçılar məni işdən çıxartdılar.

Heydər Əliyev:
- Yaxşı. Əlbəttə, hər bir adam üçün onun işi çox əzizdir. Əgər onu işdən ədalətsiz çıxardıblarsa...

Sirus Təbrizli:
- Sonra da Sizi işdən çıxartdılar.

Heydər Əliyev:
- Yaxşı, səni işdən çıxartdılar. Axı məni də işdən çıxartdılar. Mən neyləyim ki, çıxartdılar da. Məni işdən  çıxartdılar, əziyyət çəkdim. Amma indi, bu gün səmimi dostyana danışırıq. Vallah, billah, fikirləşirəm ki, nə yaxşı çıxartdılar!

Sirus Təbrizli:
- Mən də elə fıkirləşirəm ki, nə yaxşı məni işdən çıxartdılar. Döyülə-döyülə bərkidik.

Heydər Əliyev:
- Bəli, məni işdən çıxartdılar, o günləri, o çətinlikləri gördüm, onların hamısına dözdüm. Bunlar hamısı həyatdır. Həyatın yüksəlişi də olur, aşağıya düşməyi də olur, enişi də, yoxuşu da, çətinliyi də, gözəl günləri də olur. Nə olar ki, işdən çıxartdılar, indi sən millət vəkilisən, nazirsən. Görürsən!

Sirus Təbrizli:
- İnanın ki, o keçmişə görə mən sevinirəm. Mən o anları gözümün qabağına gətirirəm, fikirləşirəm ki, Heydər müəllim, Sizin kimi güclü insanlar bu cür təzyiqlərə dözürlər. Həyat bəzilərini döyür Koroğlu edir, bəzilərini döyür  Keçəl Həmzə edir, bəzilərini də tamam məhv edir. Amma danoslardan, haqsızlıqlardan nə qədər insanlar məhv oldular. Bu, bu gün də davam edir, var.

İcazə verin mən çıxışımı bir-iki kəlmə ilə qurtarım.  Həqiqətən də həyatımda Yazıçılar İttifaqında, o mənəviyyat ocağında mənə qarşı haqsızlıq edildi. Özü də əgər mənim bir günahım olsaydı, əgər mən gedib kimdənsə rüşvət alsaydım, haradasa yalan danışsaydım, ikiüzlülük etsəydim - bu, başqa məsələ. Hamı bilirdi, burada Ayaz Vəfalı oturub, o da bilir ki, mən o qəzetdə necə işləyirdim. Nə üçün, özü də yazıçının danosu ilə yazıçılar mənə divan tutdular? Mən çox təəssüf edirəm ki, bu gün Mirzə İbrahimov, İsmayıl Şıxlı sağ deyillər. Mən onların gözlərinə bir baxmaq istərdim. Nəhayət, bu, bu gün də davam edir. Niyə davam edir?

Cənab prezident, mən deyim. Sizin gözünüzün qabağında olubdur. Mən partiya biletimi verəndə o vaxtkı kommunist rejimi məni təqib edibdir, mənim Yazıçılar İttifaqım məni müdafiə etməyibdir. Mən Naxçıvanda olanda İskəndər çıxıb qışqırırdı ki, Sirusu Bakıya buraxmayacağam. Mən gözləyirdim, mənim Yazıçılar Birliyim bir bəyanat versin ki, Sirusdan nəistəyirsiniz? Mən yenə də tək qaldım. Yəni Yazıçılar Birliyində məni müdafıə edən adam tapılmadı. Bir yazıçı, qələm dostum demədi ki, axı bu yol düz yol idi. Ona görə də Siz məni bağışlayın, mən bunu deməliyəm. Bu kiçik məclisdə demək istəyirəm ki, bu bizim dərdimizdir. Ona görə mən çıxışımı bu sözlərlə qurtarmaq istəyirəm ki, hər dəfə qurultaylarda müəyyən adamlar barədə müəyyən qruplar arasında müəyyən çəkişmələr gedir ki, kim olacaq, rəhbərliyə kim seçiləcək. Bu, həmişə olubdur. Mən bu intriqaları həmişə görmüşəm. Hiss edirəm ki, elə bu ərəfədə də bu cür söhbətlər gedir. Məsələ kimin olmağında deyil. Mən belə başa düşürəm ki, biz özümüz daxilən dəyişməliyik. Çünki Azərbaycan artıq müstəqil dövlətdir. Müstəqil dövlətin yazıçıları, ziyalıları xalqı düz yola aparmalıdır, xalqın ağır vaxtında ona düz söz deməlidirlər, dünən birini, bu gün bir başqasını...
Bayaq Əkrəmin dediyi çox cəsarətli söz idi. Bəli, biz yaratdığımız həmin totemlərdən, bütlərdən sonra boyun qaçırmalı oluruq. Ancaq mən yazıçılarımıza daxilən dəyişməyi arzulayıram.

Bu gün Siz kitablardan danışırsınız. Mən kitab siyasəti ilə məşğul olan nazirlikdəyəm. Mənim kitabım yoxdur. Mən fəxr edirəm ki, mənim kitabım yoxdur. Çünki o dövrdə ki, mən yaşamışam, əksəriyyət məcbur idik ki, görək nə yazaq. Bir dəfə mən Tarkovskinin bir sözünü eşitdim, - "kitab iş deyil, əməldir". Yazıçı öz həyatı ilə hərəkət etməlidir. Özü olmayanın sözü olmur. Mən belə bir mötəbər binada, belə bir şəxsiyyətin yanında yalan danışa bilmərəm, ürəyimdə olanları gizlədə bilmərəm. Mən Sizə hörmət edib bu sözləri deyirəm.

Cənab prezident, mən də ürəyimdə kin gəzdirmirəm. İndiyədək qoy biri desin. Fəxr edirəm ki, mən meydanda Nemət Pənahlı ilə ziyalıların üstündə tutuşurdum. Deyirdim ki, Nemət, Ziya Bünyadovu, Bəxtiyar Vahabzadəni sən millətin içində təhqir edə bilməzsən, onlar iş görəndə biz hələ əlimizə qələm almamışdıq. Mən bunlarla fəxr edirəm və Sizin qarşınızda alnım açıqdır. Mən qələm yoldaşlarımızı bir şeyə çağırıram: xalqın ağır  vaxtında yolumuzu müəyyən edək və xalqa düz söz deyək. Bunun üçün hər şey ola bilər. Bizdən əvvəl Mirzə Cəlilin, başqalarının başına nələr gəlməyibdir? Amma o düz sözlə qazanılan hörmət bütün vəzifələrdən yüksəkdir. Bu gün burada şəxsən mənim qələm dostlarım oturublar. Mən bu gün millət vəkiliyəm, nazirəm. Amma mən o qələmimlə qazandığım hörməti hər şeydən üstün tuturam. Ona görə də bu qurultayda özüm olmasam da, kimin oturmağından asılı olmayaraq, rəhbər dəyişmək yox, özümüzü dəyişək. Sağ olun.

Yusif Səmədoğlu (Azərbaycan Yazıçılar Birliyinin birinci katibi):
- Heydər müəllim, mən bir arayış vermək istəyirəm. Olarmı?

Heydər Əliyev:
- Əlbəttə, olar. Bəli, sərbəst danışıqdır.

Yusif Səmədoğlu:
- Sirus tamamilə haqlıdır. O vaxt Yazıçılar İttifaqı onun əleyhinə çox haqsız iş gördü, onu "Ədəbiyyat qəzeti"ndən işdən çıxartdı. Sizin dediyiniz kimi, həmişə bir şeyin mənfi cəhətini də, müsbət cəhətini də demək lazımdır. Sirus, axı sən sonra "Azərbaycan" jurnalında işə qəbul olundun. Mən o vaxt səni işə qəbul etdim və uzun müddət orada işlədin. Yəni bir haqsızlığa görə bütün Yazıçılar İttifaqının üstündən qara xətt çəkmək düzgün deyil.

Heydər Əliyev:
- Yəni əgər oradan çıxmasaydı, bu cür mötəbər jurnalda işə girə bilməyəcəkdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı