Modern.az

Bu il 170 min ton üzüm yığılacaq – Amma bu, rekord deyil – PROBLEM

Bu il 170 min ton üzüm yığılacaq – Amma bu, rekord deyil – PROBLEM

Aktual

12 Sentyabr 2013, 10:02


Azərbaycan tarixinin İslama qədərki dövrünə aid mənbələr sübut edir ki, bu diyarda üzüm hələ qədim zamanlardan həm təzə halda, həm də emal sənayesində istifadə olunmaq məqsədilə becərilib. Lakin üzümçülük və şərabçılığın sənaye əsasları ilə inkişafının təməli XIX əsrin ortalarında qoyulub. Bu işdə Almaniyadan köçürülən koloniyaların və rus iş adamlarının müəyyən rolu olub.

Ötən əsrin əvvəllərində isə Azərbaycan şərabı artıq əcnəbi qonaqların və tacirlərin maraq dairəsinə düşmüş nadir məhsullardan sayılıb. Bununla belə, üzüm istehsalı və emalı Azərbaycanda yalnız keçən əsrin 70-ci illərindən başlayaraq geniş sənaye miqyaslı inkişaf mərhələsinə qədəm qoydu. Amma keçmiş SSRİ rəhbərliyinin 7 may 1985-ci il tarixli “Alkoqolizmə və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında” məlum qərarından sonra bütün ölkədə, o cümlədən Azərbaycanda üzümlüklərin və şərab zavodlarının dağıdılmasına başlandı. On illərlə qazanılmış nailiyyətlər cəmi 2-3 ildə məhv edildi. Yalnız texniki sortlardan ibarət üzümlüklər deyil, keyfiyyətli süfrə üzüm sortlarından ibarət bağlar da kökləndi. Təkcə bir faktı qeyd edək ki, 1984-cü illə müqayisədə 2005-ci ildə üzümlüklərin sahəsi 25 dəfədən çox azalaraq 9,6 min hektar təşkil edirdi. Buna uyğun olaraq üzüm istehsalı da 79,7 min tona düşdü. Nəticədə şərabçılıq sənayesi böyük ziyana məruz qaldı, sahə ilə bağlı 76 müəssisə və 116 ilkin emal zavodu dağıldı.

“Üzümçülük və şərabçılıq haqqında” qəbul olunan qanun sahənin inkişafı üçün hüquqi baza yaratmaqla bərabər, emal sahəsinin inkişafını, şərab məhsullarının keyfiyyətinə qoyulan tələbləri, nəzarət tədbirlərini və dövlət standartı normalarını müəyyənləşdirdi. Dövlət proqramlarında isə emal sahəsi prioritet kimi elan olundu, ölkə əhalisinin qida məhsulları ilə təhlükəsiz və dayanıqlı təminatı ilə bağlı vəzifələr qarşıya qoyuldu. Bu gün artıq demək olar ki, Azərbaycan üzümçülüyü və şərabçılığı tənəzzül və sınaq dövründən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoyub. İndi Azərbaycanda üzümçülük və şərabçılıqla Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ, Dağlıq Şirvan, Naxçıvan iqtisadi rayonlarında və Bakı şəhərində məşğul olurlar. Üzümlüklərin intensiv salınması Cəlilabad, Goranboy, Göygöl, Kürdəmir, Lənkəran, Şəmkir, Şamaxı rayonlarında, həmçinin Gəncə-Qazax bölgəsinin digər rayonlarında, müşahidə olunur. Bu ərazilərdə əsasən Fransadan gətirilən üzüm sortları salınır. Xüsusilə Salyan rayonunda inkişaf güclüdür və burada üzümlüklərin ümumi sahəsi 3 min hektara çatır. Üzümçülüyə maraq Şirvanın dağlıq hissəsində və bir sıra cənub rayonlarında da müşahidə olunur. Saatlı rayonunda ilk dəfə üzüm becərilməsinə başlanılıb. Son 5 ildə bütünlükdə 5 min hektar üzümlük salınmış və 2013-cü ilə qədər minimum 10 min hektar əlavə üzümlüklər salınacağı gözlənilir. Bu isə 180-200 min ton məhsul yığımına imkan verəcək.

Azərbaycanda üzüm yığımına başlanılıb. Bu ilki havalar üzüm istehsalı üçün əlverişli olduğundan sahələrdən bol məhsul gözlənilir. Odur ki, üzüm sahələrindən 170 min ton üzüm yığılacağı proqnozlaşdırılır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayev Modern.az-a bildirib. O, qeyd edib ki,

Bir 31900 ton məhsul yığılıb. Ötən ilin bu vaxtı ilə müqayisədə üzüm istehsalında 1 % artım müşahidə olunub. Belə ki, ötən il 31600 ton üzüm istehsal olunmuşdu.

“Yerli üzümlərimiz çox keyfiyyətlidir. Hava şəraiti imkan versə proqnozlar doğrulacaq. Hələ ki, üzüm istehsalımız bazarın tələbatını ödəyir. İstehsalı daha da artırmaq və əhalinin üzümə olan tələbatını tam ödəmək üçün yeni üzüm bağlarının salınmasına diqqət ayrılıb”.

Yerli üzümlərin ixracının gözlənilmədiyini deyən nazirlik rəsmisi bildirdi ki, üzüm hələ ki, yerli tələbatı ödəmək üçün istehsal olunur.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı