Namidə Bingöl
Havaların birdən-birə soyuması gözlənilməz oldu. Amma prezidentliyə namizədlər o qədər vədlər verirlər ki, soyuq belə, adama təsir etmir. Deməli, təsir həm də xoş təsirə bərabərdir. Hələ çox mətləblərdən hali edəcəm sizi. Prezidentliyə namizədlərin 7-ci debatı digər debatlardan fərqlənmədi.
Arvadların saçyoldusuna onsuz da alışmışıq. Vay o günə ki, kişilərin saçyoldusuna tamaşa edəsən. Debatda üz-üzə gələn tərəflər tarixi-nadir imiş sən demə. Öz aramızdı, stolun bir küncündə Hafiz Hacıyev oturursa, vəziyyəti şərh etməyə bir o qədər də lüzum qalmır. Heç Araz Əlizadə də Hafiz qardaşından fərqlənməyi sevmir. Bənzətmələrlə zəngin söz ehtiyatına malik olan Araz bəyin iyhissetmə qabiliyyəti də olduqca yüksəkdir. Əgər belə olmasaydı, lətifəsi Cəmil Həsənliyə yaxın olan kəlməni işlətməzdi. Babalı Araz bəyin boynuna. Debatda iştirak etməmişəm. Debatda iştirak edən sosial-demokratların namizədi Araz Əlizadə bir xahişdə bulundu. Yəni debata gəlməzdən öncə hər bir namizəd dişini təmizləsə məqsədəuyğun olar. Araz bəy sözü atdı ki, bəlkə yiyəsi götürdü. 8-ci debatda isə bəlli oldu ki, Araz Əlizadənin sözü Cəmil Həsənliyə ünvanlanıbmış. Görünür, Cəmil müəllim Araz bəyin sözünü qulaqardına vurub. 7-ci debatda masaətrafı görüş eyni minvalla davam etdi. 8-ci debatda isə Araz bəyin iyhissetmə qabiliyyəti yenə üzə çıxdı. Bu dəfə isə Araz bəy, masa ətrafından gələn qoxunun səbəbini daxildən gələn üfunətlə əlaqələndirdi. Təbii ki, üzünü və sözünü Cəmil Həsənliyə tutaraq, özünəməxsus tərzdə vurğuladı. Xüsusi olaraq vurğulayım ki, Araz Əlizadə solçu kimi daha çox işsizliyin həlli problemindən, sosial ədalətdən və s. danışmaqdansa, aşıq stilində sözləri çox gözəl şəkildə yan-yana düzməyi məqsədəuyğun sayır. Məsələn, onun təbirincə desəm, “Yeni Müsavat” əsrimizin yeni müsibət erasına qədəm qoyur. “Azadlıq” radiosu isə damazlıq dana kimi bəslənir. Başa düşə bilmirəm ki, mətləbdən uzaqlaşmaq nəyə lazımdır?! Mən də xalqın bir nümayəndəsi. Namizədlərdən kiminsə üfunət qoxuması nəyimə lazımdır. Həll olunmayan o qədər məsələlər var ki. Yoxsa ki, kimin daxilindən iy gəlir, nə bilim daha nələr, nələr...
Hafiz Hacıyevin və Araz Əlizadənin Cəmil Həsənli ilə baş-başa gəlməsi sadəcə faktdır. Hərçənd, “iki qoçun başı bir qazanda qaynamaz” deyirlər. Təsəvvür edin, üç namizədin eyni masa ətrafında baş-başa gəlməsi qarşılıqlı ittihamlar əsasında cərəyan edir.
AŞPA-nın payız sessiyasında isə cərəyan edən hadisələrdən dolayı deyə bilərəm ki, “sanki qurbağa gölünə daş atıldı”. Erməni milləti onsuz da qurbağa kimi bir şeydi. Dəxli olan, olmayan məsələlərdə qur-qur quruldayır. Bu dəfə Ermənistan prezidenti Serj Sərkisyanı quruldamağa vadar edən erməni xanım deputat Postanjyan oldu. Dağlıq Qarabağ, Gömrük İttifaqı kimi məsələlər barədə sual atəşinə tuş gələn Sərkisyan ört-basdır etdiyi gizli işlərinin AŞPA-da açılmasını gözləmirdi hər halda. Sən demə, qumar oynamaq Serjin köhnə peşəsi olubmuş. Maraqlıdır, görəsən, erməni prezident qumarda nə qədər uduzub?! Yəqin, çox uduzub. O səbəbdən də erməni xalqının səsini oğurlayaraq prezident seçilib. Oğru onsuz da oğrudur. İstər daxili hakimiyyət olsun, istərsə də xarici ərazi. Elə bu satqın və oğru olan Serj Sərkisyandan söz düşmüşkən deyim ki, AŞPA-nın payız sessiyası onun üçün heç də ürəkaçan olmadı. Nə qədər də şərəfsiz, vicdansız bir millətdir bu ermənilər. Sərkisyanın həyasız olduğunu bilməyən yoxdu. Azərbaycanlı deputat Səməd Seyidovun sözlərinə abırsızcasına münasibət bildirən erməni president üstəlik yersiz hədələrdən dolayı, toyuq səsini atıb başına. Sən bir buna bax. 20% torpaqlarımızı zəbt etdiyi az deyil, hələ 25%-dən də dəm vurur. Ac toyuq yuxusunda darı gördüyü kimi, Sərkisyan da dədə Sərkisyanlar kimi dənizdən-dənizə böyük ərazi iddiasındadır. Serj başa düş ki, torpaqlarımızın geri qaytarılıb azad edilməsi məsələsində biz azərbaycanlılar qətiyyətliyik. Gec ya tez, Qarabağı azad olunacağı günü səbirsizliklə gözləyirik. Aç qulaqlarını eşit, Serjik!
Milli Məclisin ilk payız sessiyasında Sabir Rüstəmxanlının iddialı çıxışı isə mətbuatın diqqətindən yayınmadı. Himnimizin bu vaxta qədər qadın səsi ilə oxunmasını normal hesab etməyən Sabir müəllimin səsinə bir çoxları səs verdi. Məsələnin həll olunmasına ümid edirəm.
Bəlkə də, prezidentliyə namizədlər Cəmil Həsənlidən yaxa qurtarmağa bir-iki günlüyə də olsa, ümid edirdilər. Amma Milli Şuradan Avropa Parlamentinə Azərbaycandakı seçkilərlə bağlı təşkil olunan dinləmələrə Cəmil müəllim getmədi. Çünki seçkilərlə bağlı mitinqlərə qatılan Cəmil müəllimin vaxtı yox idi. Bu səbəbdən də Müsavat başqanı İsa Qəmbər Brüsselə edilən dəvətə gedəsi oldu və orda iştirak etdi.
İsa bəyin Brüsseldə olduğu vaxtda müxalifət düşərgəsində “yarpaq tökümü” prosesi başladı. Belə ki, AXCP sədrinin müavini Asəf Quliyev partiya sıralarından getdiyini açıqladı. Seçki gününə az bir vaxt qalmış sabiq partiya funksionerinin bu addımı heç də birmənalı qarşılanmadı. Asəf bəy həm də Milli Şuranın mitinq komitəsini rəhbəri idi. O, belə demək mümkünsə öz partiya silahdaşlarını və əqidə yoldaşlarını yarı yolda qoyub getdi. Asəf Quliyev seçimdə sərbəstdir, amma belə bir həssas zamanda onun müxalifətin xeyrinə olmayan seçki proqnozunu əsas gətirərək partiyadan və Milli Şuradan getməsi məğlub bir obraz yaratdı. Nə deyək, təki axırı yaxşı olsun!
Prezidentliyə namizədlərin sonuncu teledebatı da keçirildi. Yenə qarşılıqlı ittihamlar, Hafiz Hacıyevin ənənəvi təhqir taktikası, şəraitində keçən dəyirmi masada diqqətimi həmişə təmkinliliyi ilə seçilən Fərəc Quliyev çəkdi. Fərəc müəllim dedi ki, hakimiyyətə gəlsə ateistləri, dinə inanmayanları cəzalandıracaq. Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi deyəsən ölkədə şəriət qayda-qanunları bərqərar etmək niyyətindədir. Fərəc müəllim, açıq desəydiz ki, platformanızda şəriət dövləti qurmaq əsas prioritetdir, bu daha yaxşı olardı. Siz özünüz də Konstitusiyanın “vicdan azadlığı” maddəsini daha yaxşı bilirsiz. Bəs belə isə, dinə etiqad etməyənləri, ateistləri niyə cəzalandırırsız? Mən ateist deyiləm ee Fərəc müəllim, amma hər kəsin də öz dinini seçmək, sərbəst fikir yürütmək azadlığı var. Qərbə bağlı dairələri cəzalandıra bilərsiz, amma bütün, dinin təbirincə desək, kafirlər Qərbə bağlı deyil ki! Həm də Azərbaycan dünyəvi dövlətdir! Yaxşı Fərəc bəy, bu cəzalandırmaqla bağlı dediklərinizi necə anlayaq?...