Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi Laçın şəhərində davam edir.
Mərkəzdən Modern.a-a bildirilib ki, sentyabrın 26-da məktəb iştirakçıları Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədovun “Qafqaz Albaniyası irsi siyasi diskursda” mövzusunda mühazirəsini dinləyiblər.
Mühazirəçi diqqətə çatdırıb ki, Azərbaycan Respublikası öz ərazisindəki bütün müsəlman və xristian etnik-mədəni irsinin hüquqi varisidir. Çoxkonfessiyalı və çoxmillətli ölkəmizdə bütün etnosiyasi və etnokonfessional münasibətlərin əsasında multikulturalizm dayanır. O vurğulayıb ki, bu gün Qafqaz Albaniyasının tarixi və mədəni mirasına dair tarix elmində mübahisələr mövcuddur. Bəzi qüvvələr tərəfindən yazılı mənbələrin ifadələri əsasında mövzunu siyəsiləşdirmək, Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqının siyasi və etnik tarixini təhrif etmək cəhdləri olunur. Fərda Əsədov mühazirəsində bütün bu məqamlara aydınlıq gətirib. Bildirib ki, Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa varisi və qoruyucusudur.
Mühazirə XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları tərəfindən maraqla qarşılanıb. İştirakçıların Laçın şəhərinə ekskursiyası təşkil olunub.
Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Cənubi Koreya, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edir.