Son günlər Azərbaycanda sosial dəstək mexanizmləri, xüsusilə də uşaqpulu məsələsi yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Milli Məclisin deputatı Günay Ağamalının uşaqpulu ilə bağlı səsləndirdiyi fikirlər də cəmiyyətdə geniş rezonans doğuraraq ciddi tənqidlərə səbəb olub. Bununla yanaşı, beynəlxalq təcrübədə tətbiq olunan alternativ modellər də diqqət çəkir. Bir sıra ölkələrdə yeni doğulan uşaqlar üçün dövlət dəstəyi ilə uzunmüddətli yığım və depozit mexanizmləri formalaşdırılır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirib ki, Azərbaycanda dövlət dəstəyi ilə yeni doğulmuş uşaqlar üçün başlanğıc kapitalının formalaşdırılması məsələsi hələlik ilkin müzakirə məhrələsindədir. Lakin bu proses artıq dünya təcrübəsində öz sözünü deyib:
“Dövlət dəstəyi ilə yeni doğulmuş uşaqlar üçün başlanğıc kapitalının formalaşdırılması layihələri uşaqların gələcəyinə yönəlmiş etibarlı investisiya modellərindən biridir. Bu proqramlar ABŞ, Kanada, Böyük Britaniya, İsrail, Sinqapur, Küveyt və digər ölkələrdə müxtəlif adlar altında tətbiq olunur. Mahiyyət etibarilə dövlət yeni doğulmuş uşaqların adına hesab açır, həmin vəsaitlər investisiya olunur və uşaq 18 yaşına çatdıqda təhsil və ya mənzil xərcləri üçün istifadə edilir”.
Deputat vurğulayıb ki, bu sahədə diqqət çəkən nümunələrdən biri Qazaxıstanda 2024-cü ildən həyata keçirilən "Uşaqlar üçün Milli Fond" layihəsidir.
“Layihə çərçivəsində Suveren Sərvət Fondunun gəlirlərinin bir hissəsi 18 yaşınadək bütün uşaqların fərdi hesablarına yönəldilir. Məlumatlara görə, 2025-ci ilin sonuna qədər proqram 6,9 milyon uşağı əhatə edib. İlk üç il ərzində investisiya gəlirləri də daxil olmaqla hər uşaq üçün toplanan vəsait 370 dollara, ümumi məbləğ isə təxminən 2,5 milyard dollara çatıb. Vəsaitlər indeksləşdirilir və yetkinlik yaşına çatdıqdan sonra mənzil və ya təhsil məqsədilə istifadə oluna bilir”.
“Beynəlxalq təcrübə göstərir ki, bu model sosial bərabərsizliyin azaldılması, uşaqların gələcəyinin maliyyə baxımından təmin olunması və yoxsulluğun nəsildən-nəslə ötürülməsinin qarşısının alınması baxımından təsirli vasitədir. Bununla yanaşı, ailələrin əlavə uşaq sahibi olmaq qərarına birbaşa deyil, dolayı təsir göstərir. Araşdırmalar göstərir ki, doğum qərarı müxtəlif amillərdən asılı olsa da, dövlətin uşağın gələcəyi ilə bağlı təminat yaratması ailələrin sosial siyasətə etimadını artırır və bəzi hallarda ikinci və ya üçüncü uşağın dünyaya gəlməsini təşviq edə bilir” – Ə. Məsimli bildirib.

Deputat vurğulayıb ki, ölkəmizdə isə uşaqpulu kimi tanınan uşaq müavinətləri müzakirə obyektinə çevrilir, amma həmin müzakirələr iqtisadi savadsızlıq, qarşılıqlı ittiham və təhqirlərin elmi əsaslandırmaları və konstuktiv yanaşmamalları arxa planda saxladığı bir mərhələdədir:
“Bununla belə nəzərdən qaçırmaq olmaz ki, dövlətin sosial strategiyasında dəyişiklikləri şərtləndirən amillər içərisində son vaxtlar demoqrafiya sahəsindəki mənfi yüklü meyllərin güclənməsi xüsusi yer tutur. Belə ki, son illər Azərbaycanda doğumun artım tempi xeyli aşağı düşüb və yeni doğulan uşaqların sayı getdikcə azalır. Rəsmi stataistikaya görə, əgər Azərbaycan əhalisinin sayının 9 milyon 706 min nəfər təşkil etdiyi 2015-ci ildə, yeni doğulan uşaqların sayı 166 min nəfərdən artıq idisə, əhalinin sayı 10 milyon 262 min nəfər təşkil edən 2025-ci ildə isə yeni doğulan uşaqların sayı 96 min nəfərin altına enib. Son 10 ildə yeni doğulan uşaqların sayının artım tempi 1,7 dəfə aşağı düşüb”.
Azərbaycanda doğumun səviyyəsi müstəqillik dövrünün ən aşağı həddinə düşüb. Doğumun səviyyəsinin kəskin enməsi tempi son illərdə müşahidə olunan sürətlə davam etsə, bu, Azərbaycanda demoqrafik, iqtisadi,sosial və digər sahələrdə əlavə ciddi problemlər yaradacaq:
“Yaxın gələcəkdə əhalinin qocalması, pensiya yükünün artması, hərbi xidmətə çağırış potensialına birbaşa təsir baxımından potensial çətinliklər qaçılmaz olacaq. İşləyən gənclərin sayı azaldıqca, pensiyaçıları və sosial təminata ehtiyacı olanları maliyyələşdirmək çətinləşir və sair... Azərbaycanın milli sərvətlərinin ən qiymətli hissəsi neft, qaz, qızıl və sair yox, əsl sərvətimiz olan xalqdır, onun da ən perspektivli hissəsi uşaqlar və gənc nəsildir”.
Əli Məsimli qeyd edib ki, uşaqlara müavinətlər üzrə müzakirələr uşaqlara layiq səviyyədə aparılmalı və bu yöndəki demoqrafik proseslərin obyektiv dəyərləndirilmiş məntiqindən qaynaqlanmalıdır.
Hazırda tətbiq edilən ünvanlı sosial yardım modelindən birbaşa uşaq müavinətləri modelinə keçid məsələsini daha da aktuallaşacaq:
“Doğum səviyyəsinin kəskin enməsi, demoqrafik meyllərin kəskinləşməsi, böyük ehtimalla, sosial siyasətin prioritetlərinə yenidən baxılması məsələsini ön plana çıxaracaq. Bu halda hazırda tətbiq edilən ünvanlı sosial yardım modelindən birbaşa uşaq müavinətləri modelinə keçid məsələsini daha da aktuallaşacaq. Amma dövlət uşaq depozitləri sistemi uzunmüddətli fayda üçün nəzərdə tutulduğundan, hazırda yaranmış vəziyyətin reallıqlarınin diqtəsi ilə burada cari xarakterli uşaq müavinətləri məsələsi dövlət dəstəyi ilə yeni doğulmuş uşaqlar üçün başlanğıc kapitalının formalaşdırılması məsələsindən daha çox aktual olacaq. Bu hal fikirləşmək üçün çox zəngin material verir ki, Azərbaycanın milli sərvətlərinin ən qiymətli və ən perspektivli, eyni zamanda həm də sosial siyasətin ən zəif bəndlərindən biri olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi mövzusunu konstruktiv məcraya yönəldib, optimal variantın tapılması ilə, bu sahədə çox səmərəli və perspektivli bir mexanizmi formalaşdıra bilərik” – deputat vurğulayıb.