Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Bakıda keçirilən və beynəlxalq səviyyədə tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib. Belə ki, forum dövlət qurumlarının nümayəndələrini, qabaqcıl biznes ictimaiyyətini və müvafiq sahələr üzrə ekspertləri bir araya gətirərək, elm və innovasiyanın iqtisadiyyatın və müxtəlif sənaye sahələrinin gələcəyinin formalaşdırılmasındakı roluna dair müzakirələr üçün platforma yaradıb.
Modern.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, özəl sektorun və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) prezidenti Dəyanət Sədullayev bildirib ki, müasir dövrdə biznes üçün yalnız yeni texnologiyaların tətbiqi kifayət etmir. Onun sözlərinə görə, şirkətlər eyni zamanda biznes modellərini yenidən nəzərdən keçirməli, səmərəliliyi artırmalı, dəyişən çağırışlara operativ reaksiya verməli və uzunmüddətli dəyər yaratmalıdırlar.
“Korporativ dayanıqlılıq biznesin inkişafı üçün əsas şərtlərdən biridir. Bu baxımdan dövlət və özəl sektor arasında dialoqun gücləndirilməsinin vacibliyini də xüsusi qeyd etmək lazımdır. Texnologiya və əməkdaşlıq platformaları da elə məhz bu məqsədə xidmət edir. Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) da əsas məqsədlərindən biri bu cür əməkdaşlıq mühitinin formalaşdırılmasıdır”.
İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə çıxışında Azərbaycanın son iki onillikdə strateji investisiyalar, müasir infrastruktur və islahatlar hesabına uzunmüddətli inkişaf üçün möhkəm təməl yaratdığını bildirib:
“Qeyri-neft sektoru artıq iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib. Rəqəmsal transformasiya hazırda ölkənin iqtisadi gündəliyində prioritet yer tutan məsələlər sırasındadır. Qəbul olunmuş rəqəmsal iqtisadi inkişaf strategiyası innovasiyaların təşviqi və insan kapitalının gücləndirilməsi üçün yol xəritəsi rolunu oynayır. “4Sİ Akademiyası” proqramı çərçivəsində minlərlə vətəndaş süni intellekt, kibertəhlükəsizlik və digər gələcəyin peşələri üzrə təhsil alır. Azərbaycanın məqsədi də yalnız texnologiyadan istifadə etmək deyil, həm də innovasiya yaradan ölkələr sırasında yer almaqdır”.
Philip Morris International (PMI) şirkətinin MDB ölkələri üzrə xarici əlaqələr direktoru Aleksey Kim bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi cəlbedici platformaya çevrilib. O, ölkədə investisiyaların təşviqinə xidmət edən hüquqi və institusional mühitin formalaşdırıldığını qeyd edib.
“Dövlət-özəl tərəfdaşlığı və texniki tənzimləmə ilə bağlı qanunvericilik bazasını müsbət qiymətləndirərdim. Azərbaycan rəqəmsal innovasiyalar və süni intellekt sahəsində yeni imkanlar yaradır. İnkişafın mərkəzində isə insan kapitalı dayanır. Elmi əməkdaşlığın və faktlara əsaslanan kommunikasiyanın əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Azərbaycan da bizim şirkət üçün strateji əhəmiyyət daşıyır”.
Forum çərçivəsində keçirilən “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusunda ilk panel sessiyasında Azərbaycanın iqtisadi transformasiyasını dəstəkləyən imkanlar və siyasət prioritetləri müzakirə olunub. Paneldə Azərbaycan Respublikasının Energetika nazirinin müavini cənab Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı Direktoru cənab Fariz Cəfərov çıxış ediblər. Sessiyanın moderatoru AmCham Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat Komitəsinin sədr müavini, PASHA Financial Holding şirkətinin İnnovasiyalar üzrə rəhbəri xanım Tuğra Musayeva olub.
Energetika nazirinin müavini Elnur Soltanov panel sessiyası çərçivəsindəki çıxışında qeyd edib ki, Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olur.
“Neft hasilatının sabitləşməsi və qaz sektorunda artım tempinin zəifləməsi yeni iqtisadi yanaşmalar tələb edir. İqtisadiyyatın şaxələndirilməsi məqsəd deyil, dayanıqlı inkişaf üçün vasitədir. SOCAR-ın son illərdə keçdiyi inkişaf yolunu uğurlu transformasiya nümunəsi kimi qiymətləndirmək olar. Şirkət artıq yalnız enerji resursları deyil, həm də bilik və bacarıq ixrac edir. Bundan əlavə, SOCAR regionun müxtəlif ölkələrində dəyər zəncirinin bütün mərhələlərində fəaliyyət göstərir. Bu baxımdan da, biz iqtisadi inkişafın əsas hədəfinin davamlı artım olduğunu söyləyə bilərik”.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (C4IR) icraçı direktoru Fariz Cəfərov bildirib ki, süni intellekt və rəqəmsal texnologiyalar qlobal iqtisadi transformasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib.
“Gələcək AI iqtisadiyyatı enerji, infrastruktur, çiplər, modellər və tətbiqlər olmaqla beş əsas sütun üzərində qurulur. 2040-cı ilə qədər süni intellekt qlobal iqtisadiyyata 22 trilyon dollara yaxın töhfə verə bilər. Enerji təminatının AI inkişafının əsas şərtlərindən biridir. Azərbaycanın enerji ehtiyatları, fiber-optik bağlantıları və siyasi iradəsi ilə bu sahədə üstünlüklərə malikdir. Ölkədə rəqəmsal iqtisadiyyat və AI strategiyalarının qəbul edilməsi isə mühüm addımdır. Bu da bir daha sübut edir ki, Azərbaycan regional texnologiya mərkəzinə çevrilmək potensialına malikdir”.
Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, zonada əsas məqsəd yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsal müəssisələrinin cəlb edilməsidir. Onun sözlərinə görə, bu yanaşma yerli bizneslə qeyri-bərabər rəqabətin qarşısını almağa xidmət edir:
V.Ələsgərov İrlandiyanın Şennon Azad İqtisadi Zonası nümunəsini xatırladaraq bu modelin uğurunu da vurğulayıb:
“Ələt zonası beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün investorlar üçün əlverişli logistika imkanları yaradır. Zonada regionun ilk yük hava limanının tikilməsi istiqamətində işlər aparılır və layihənin gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Hazır infrastruktur və xüsusi hüquqi rejimin investorların cəlb edilməsində həlledici rol oynayır”.
Müzakirələr ikinci panel sessiyasında “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusu ilə davam edib. Bu sessiyada, şirkətlərin dəyişən bazar tələblərinə uyğunlaşmaq, dayanıqlılığı artırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə innovasiya, texnologiya və elmi nailiyyətlərdən necə istifadə etdikləri müzakirə olunub. Paneldə Acwa şirkətinin İcraçı-idarəedici Direktoru Dr. Uyqar Durgunay, bp şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri xanım Marianna Kərimova və PMI şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru xanım Tomoko İida çıxış ediblər. Sessiyanın moderatoru PMI şirkətinin nümayəndəsi cənab Oleksii Kalynichenko olub.
bp şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova qeyd edib ki, şirkət Azərbaycanda texnoloji transformasiyaya böyük önəm verir. O bildirib ki, bp yataqların daha səmərəli işlənməsi üçün rəqəmsal texnologiyalar, süni intellekt və avtomatlaşdırılmış həllərdən istifadə edir.
Şirkətin ilk dəniz dronunun istifadəyə verilməsinin əməliyyatların təhlükəsizliyini və sürətini artırdığını qeyd edən M.Kərimova bildirib ki, robotlar artıq təhlükəli zonalarda insanların yerinə işləyir:
“bp rəqəmsal əkiz texnologiyasından da geniş istifadə edir. Bu texnologiya mühəndislərə dünyanın istənilən nöqtəsindən avadanlıqları dəqiq şəkildə idarə etməyə imkan verir. Transformasiyanın əsas elementi insan kapitalıdır. Azərbaycan isə deyə bilərəm ki, güclü texniki potensiala malikdir”.
ACWA Power şirkətinin icraçı idarəedici direktoru Dr. Uyğar Durğunay çıxışında enerji sektorunda transformasiyanın artıq reallığa çevrildiyini bildirib:
“Şirkətin enerji istehsal gücü 100 giqavatı ötür və bunun yarıdan çoxu bərpa olunan enerji mənbələrinin payına düşür. ACWA Power-in dünyanın ən böyük duzsuzlaşdırma şirkətlərindən biridir. Şirkət Azərbaycanda Xızı-Abşeron Külək Elektrik Stansiyasını idarə edir və Xəzər dənizində iri külək enerjisi layihəsi üzərində işləyir. Həmçinin enerji keçidi artıq gələcəyin deyil, bugünün tələbidir. Yaşıl enerji, yaşıl hidrogen və su layihələrinin inteqrasiya olunmuş şəkildə inkişaf etdirilməsi də prioriter təşkil edir. Burada transformasiyanın rəqabət qabiliyyətinin qorunması da əsas şərtlərdən biridir”.
PMI-ın Elmi Əlaqələr üzrə direktoru Tomoko İida isə bildirib ki, elmi araşdırmalar siqaret çəkməyin insan sağlamlığı üçün ciddi risklər yaratdığını təsdiqləyir:
“Şirkət bu səbəbdən daha az zərərli alternativ məhsulların hazırlanmasına investisiya yatırır. PMI 2030-cu ilə qədər gəlirlərinin üçdə ikisini tüstüsüz məhsullardan əldə etməyi hədəfləyir. Hazırda bu göstərici artıq 43 faizə çatıb. Azərbaycanda siqaret istifadəsi hələ də yüksək səviyyədə qalır. Siqaret çəkmək qeyri-infeksion xəstəliklər üçün əsas risk faktorlarından biridir. Sağlam işçi qüvvəsi isə iqtisadi inkişaf üçün vacib amillərdən biridir”.
PMI şirkətinin Qafqaz regionu üzrə İdarəedici Direktoru Yuri Qordok bildirib ki, “Technovation” platforması şirkətin elmə əsaslanan innovasiyalara və açıq dialoqa sadiqliyinin təzahürüdür. Onun sözlərinə görə, innovasiyaların inkişafı və istehlakçıların daha yaxşı alternativlərə çıxış imkanlarının genişlənməsi üçün sübuta əsaslanan tənzimləmə xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma innovativ həllərin təşviqinə xidmət etməklə yanaşı, bazarda şəffaf və proqnozlaşdırıla bilən fəaliyyət mühitinin formalaşmasına da töhfə verir.
Tədbir AmCham Azərbaycanın İcraçı Direktoru cənab Zaur Kərimovun yekun nitqi ilə başa çatıb. O, bu kimi təşəbbüslərin Azərbaycanın innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platforma kimi mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Cənab Kərimov həmçinin tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və PMI şirkətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, tədbirin uğuru innovasiyaların təşviqi, bilik mübadiləsinin genişləndirilməsi və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dəstək göstərilməsi istiqamətində ortaq öhdəliyin göstəricisidir.
Tədbirdə həmçinin bərpa olunan enerji layihələri, süni intellektin iqtisadiyyata təsiri, sənaye sahələrində rəqəmsal həllər, texnoloji təhlükəsizlik, sağlam işçi qüvvəsinin iqtisadi inkişafdakı rolu və zərərin azaldılması yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün qeyd bildirək ki, 150-dən çox iştirakçının, o cümlədən yüksək səviyyəli biznes ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri, digər aidiyyəti tərəflər, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı tədbir mövzunun aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirib. Qeyd edək ki, 2026-cı ildə “Technovation” forumu artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub.