Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi – I Mərhələ” üzrə kredit sazişi imzalanıb.
Bu barədə Modern.az-a "Bakı Metropliteni" QSC-dən məlumat verilib.
Qeyd edilib ki, imzalanan sənədə əsasən, layihənin maliyyələşdirilməsi üçün 180 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq.
Kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb.
İmzalanma mərasimində çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, kredit vəsaitinin cəlb olunması məqsədilə beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun geniş hazırlıq işləri aparılıb.
Nazir qeyd edib ki, bu layihə son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm maliyyə təşəbbüslərindən biridir:
“Bu, eyni zamanda Azərbaycan tarixində ictimai nəqliyyat sektoruna cəlb edilən ən böyük beynəlxalq kreditdir”.
AİİB-nin nəqliyyat üzrə baş investisiya mütəxəssisi Mohamed Sameh isə layihə üzrə hərtərəfli ekoloji və sosial qiymətləndirmələrin aparıldığını, texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və nəticədə layihənin bankın İdarə Heyəti tərəfindən təsdiqləndiyini bildirib.
Onun sözlərinə görə, layihə beynəlxalq standartlara, şəffaflıq və dayanıqlılıq prinsiplərinə tam uyğundur.
Məlumata görə, 4 il güzəşt müddəti nəzərdə tutulan kredit 20 il müddətinə ayrılıb. Sazişlər Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan verəcək.
Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, eləcə də Yaşıl xətt üzərində yerləşən 10 metro stansiyasının modernləşdirilməsi planlaşdırılır.
Bildirilib ki, layihənin həyata keçirilməsi şəhər sakinlərinin daha təhlükəsiz, rahat və əlçatan ictimai nəqliyyatla təmin olunmasına xidmət edəcək. Bundan əlavə, sərnişinlərin fərdi avtomobillərdən metro nəqliyyatına keçidini təşviq etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə töhfə verəcək.
