Modern.az

Qardaş ölkələrin hərbi əməkdaşlığında yeni razılaşma - FOTO

Qardaş ölkələrin hərbi əməkdaşlığında yeni razılaşma - FOTO

Aktual

Bu gün, 17:16

Azərbaycan və Türkiyə arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın Protokoluna uyğun təşkil olunub.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, həmçinin hər iki qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.

Tədbir çərçivəsində qonaqlara Vətən müharibəsində logistika sahəsində əldə olunmuş təcrübələr barədə təqdimatlar nümayiş etdirilib. Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin regionda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Görüş zamanı müasir və şəffaflaşmış döyüş meydanında logistikanın həlledici rolu, strateji xəbərdarlıq, kritik zəifliklər və avtonom təminat dövrü ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin müharibə şəraitində qidalanma və su təchizatı, maddi-texniki vasitələrin daşınması, texniki qulluq bölmələrinin fəaliyyəti, yaralıların təxliyəsi, hamam-camaşırxana xidmətinin təşkili və digər təminat məsələləri müzakirə olunub.

Tədbir çərçivəsində Türkiyədən olan nümayəndə heyəti hərbi hissələrdən birində Azərbaycan Ordusunda əşya və ərzaq təminatının təşkili istiqamətində görülən işlərlə də tanış olub.

Sonda tədbirin yekunlarına dair işçi protokolu imzalanıb, tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!