108 il əvvəl - 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk milli Ordu birliyi yaradıldı. Müstəqil dövlətçiliyin əsas sütunlarından biri olan Azərbaycan Ordusu ötən əsrdə mürəkkəb və şərəfli inkişaf yolu keçərək regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və gücünü bütün dünyaya nümayiş etdirdi. Müasir hərbi texnologiyalar, peşəkar kadr potensialı və Ali Baş Komandanın rəhbərliyi altında formalaşan qüdrətli ordu Azərbaycanın təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısı kimi çıxış edir.
Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan ordusunun keçdiyi yol müstəqil dövlət quruculuğunun ən böyük uğurlarından biridir:
“Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordusuna çevirib. Dünya orduları arasında 50-ci sıradadır. Bu, çox mühüm nəticədir. Böyük dövlətlər var ki, belə nailiyyətləri yoxdur. Çünki biz parad ordusu deyil, döyüşkən orduyıq. 44 günlük müharibədə biz bunu bir daha göstərdik və sübut etdik ki, Azərbaycan ordusu yalnız güclü silahlarla deyil, yüksək peşəkarlığa, möhkəm iradəyə və vətənpərvərliyə söykənən, eyni zamanda bu ruhda tərbiyə olunan bir ordudur. Bu gün ordumuz Azərbaycanın müstəqilliyinin, suverenliyinin və gələcək inkişafının etibarlı təminatçısıdır və hər bir Azərbaycan vətəndaşı da bilir ki, onu qoruyan, ölkəyə olan təhdidlərin qarşısını ala biləcək çox mühüm bir orduya malikdir".
Deputat bildirib ki, Azərbaycan ordusunun formalaşması bir neçə mərhələdən keçib:
"Son onillikdə keçdiyi inkişaf yolu göstərir ki, güclü dövlətin əsasında güclü ordu dayanır. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitliyin təmin olunması ilə yanaşı, əsas məsələ ordunun yaradılması idi. Nizamlı ordunun yaradılması, peşəkar zabit korpusunun formalaşması, hərbi təhsil sisteminin inkişafı, hərbi sənaye kompleksinin inkişafı, vahid komandanlığın yaradılması və orduda nizam-intizamın gücləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin gələcək uğurlarının əsasını qoydu. Buna görə də hərbi məktəbin formalaşması istiqamətində addımlar atıldı. Vaxtilə ulu öndərin təkidi ilə Azərbaycanda yaradılmış və fəaliyyət göstərən hərbi məktəblər sonradan böyük hərbi akademiyalara çevrildi. Birinci Qarabağ müharibəsinin ən ağır dövrlərində əldə olunan uğurlar dövlətçiliyin qorunmasına və ordunun dağılmasının qarşısının alınmasına xidmət etdi”.
Komitə sədri vurğulayıb ki, ordu quruculuğunda Prezident İlham Əliyevin dövründə keyfiyyətcə yeni mərhələ başlayıb:
“Ulu öndər tərəfindən təməli qoyulmuş həmin inkişaf xətti, dövlət büdcəsində müdafiə xərclərinin artırılması, müasir silah və texnikanın alınması, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi ordunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltdi. Məhz vaxtilə ulu öndərin Əsrin müqaviləsindən əldə olunan gəlirlərin ilk növbədə orduya yönəldilməsi ilə bağlı müəyyən etdiyi xətt bu gün də davam etməkdədir. Azərbaycan büdcəsinin 21 faizi müdafiə və təhlükəsizlik xərclərinə ayrılır. Bu da sülhün bərqərar olması və qorunması üçün ən mühüm məsələlərdən biridir. Bir daha qeyd etmək istərdim ki, peşəkar kadr hazırlığına və yüksək döyüş ruhuna malik bir ordumuz var. Biz paradlar ordusu deyilik, biz qələbələr ordusuyuq. Biz suda, quruda, havada, dağlıq və səhra şəraitində döyüşə bilən bir ordunun təməlini qoyduq".

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi bunu bütün dünyaya göstərdi:
"Cəmi 44 gün ərzində 30 ilə yaxın davam edən işğala son qoyan Azərbaycan ordusu oldu. Müasir dövrdə dünyanın ən böyük hərbi güclərinin belə uzunmüddətli münaqişələrdə qarşıya qoyduğu məqsədlərə nail ola bilmədiyi göz qabağındadır. Lakin Azərbaycan ordusu buna nail oldu. Müasir texnika, dronlardan istifadə, pilotsuz uçuş aparatlarından yüksək dəqiqliklə yararlanma, istər Türkiyə, istər İsrail istehsalı, istərsə də öz istehsalımız olan texnikalar sayəsində biz bunu dünyaya göstərdik. Azərbaycanın hərbi sənaye kompleksinin malik olduğu dronlar və digər texnikalar bu uğurun əldə olunmasında mühüm rol oynadı. Vahid əməliyyat konsepsiyası çərçivəsində xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birlikdə müharibənin gedişinə necə təsir etdiyimizi bir daha göstərdik. Kiber təhlükəsizlik və hibrid müharibəyə qarşı hansı addımların atılmalı olduğunu da dünyaya nümayiş etdirdik”.
Komitə sədri xüsusilə vurğulayıb ki, Zəfərin banisi Ali Baş Komandan İlham Əliyevdir:
“Bu, danılmaz faktdır və Azərbaycan əsgəri və zabitinin rəşadətli döyüşü, eyni zamanda şəhadəti şərəf sayan Azərbaycan valideyninin, atasının, anasının vəhdəti bu qələbədə çox mühüm rol oynadı. Vətən müharibəsinin zirvə nöqtəsi Şuşa uğrunda döyüşlər oldu. Hərbi ekspertlər, müasir müharibədən anlayışı olan və onun mahiyyətini bilən şəxslər həmin döyüşlərin necə keçdiyini hərbi ədəbiyyata daxil etdilər. Bu əməliyyatın təsiri artıq elmi müstəvidə də öyrənilir. Eyni zamanda Şuşa əməliyyatı göstərdi ki, yüksək peşəkarlıq, düzgün planlaşdırma və döyüş ruhu ən mürəkkəb maneələri belə aşmağa qadirdir. Təbii ki, humanizm məsələsini də qeyd etmək yerinə düşərdi. Azərbaycan ordusu beynəlxalq humanitar hüququn qoruyucusudur. Döyüş əməliyyatları yalnız hərbi hədəflərə qarşı aparıldı".
O bildirib ki, mülki əhalinin təhlükəsizliyi daim nəzərə alındı. Bu yanaşma Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən və hüquqa hörmətindən qaynaqlanır.
"Bu, Azərbaycan ordusunun beynəlxalq nüfuzunu daha da artırdı və zəfərdən sonra da bu inkişaf davam etdirilir. Komanda tipli hissələrin yaradılması, NATO standartlarına uyğun idarəetmə və təlim mexanizmlərinin genişləndirilməsi də çox mühüm məsələdir. Son hərbi paradlarda nümayiş etdirilən yeni texnikanı gördük, müasir raket sistemlərini izlədik. Hava hücumundan müdafiə sistemlərinin imkanlarının daha da artdığını müşahidə etdik".
"Milli Müdafiə Universitetinin yaradılması zabit hazırlığının keyfiyyətini yüksəltdi. Güclü ordu və güclü hərbi sənaye mütləq şəkildə lazımdır. Zərbə, Arxan və digər pilotsuz sistemlərin yaradılması, müxtəlif növ pilotsuz uçuş aparatlarının istehsalı Azərbaycanın hərbi müstəqilliyini daha da gücləndirir. Bu gün Azərbaycan ordusu yalnız müasir silahlara malik deyil, həm də texnologiyaların bir hissəsini istehsal edən, inkişaf etdirən, hətta ixrac edən bir ordudur. Qeyd etmək istərdim ki, hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu gün onun arxasında döyüşkən, humanist və rəşadətli bir ordu dayanır” - deyə deputata qeyd edib.