Ötən gün Rusiya Ukraynanın Xarkov şəhərinə raket və dron hücumu həyata keçirib. Hadisə zamanı Xarkov Tibb Universitetinin altıncı kurs tələbəsi, 23 yaşlı Fatimə Hüseynova həyatını itirib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı Modern.az-a açıqlamasında həyatını itirən Fatimə Hüseynovanın 4 il idi ki, Azərbaycana qayıtdığını, sənədlərini imzalamaq üçün Xarkovdakı universitetə getdiyini bildirib.
“Fatimə Hüseynova müharibə başlayandan sonra, universitetin II kursunda təhsil alarkən Azərbaycana qayıdıb. O, sonrakı illərdə təhsilini onlayn formatda davam etdirərək bütün imtahanlarını uğurla verib.
Universitetdə son kursu başa vurduqdan sonra məzuniyyətlə bağlı tələb olunan prosedurları yerinə yetirmək, o cümlədən sənədlərə imza atmaq üçün təxminən bir ay əvvəl yenidən Xarkova gedib. Bu müddətdə yaxınlarının yanında qalan tələbə sonuncu dəfə universitetə getmək üçün evdən çıxıb. Fatimə Hüseynova universitetdə işlərini tamamladıqdan sonra tələbə yoldaşından ayrılıb. Bundan bir qədər sonra şəhərə edilən dron hücumu zamanı o, faciəvi şəkildə həyatını itirib”,- deyə o bildirib.
Q.Osmanlı əlavə edib ki, Fatimə Hüseynovanın nəşi yaxın günlərdə Vətənə gətiriləcək:
“Hazırda mərhumun nəşinin Azərbaycana gətirilməsi istiqamətində yaxınları və Azərbaycanın Ukraynadakı konsulluğu tərəfindən müvafiq işlər aparılır. Fatimə Hüseynovanın nəşi yaxın günlərdə vətənə gətiriləcək”.