Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinə, eləcə də Agentliyin BP və Qarabağ Dirçəliş Fondu ilə birgə keçirdiyi qrant müsabiqələrinə ümumilikdə 707 QHT tərəfindən 789 layihə təqdim edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Agentliyin ictimaiyyətlə əlaqələr və media üzrə meneceri Ülviyyə Quliyeva məlumat verib.
Onun sözlərinə görə, təqdim olunan 789 layihədən 187-si (23 faiz) texniki seleksiya mərhələsini keçə bilməyib.
"Həmin layihələrin mütləq əksəriyyətində plagiat halları aşkarlanıb. Texniki seleksiyanı uğurla keçən 602 layihə müstəqil ekspertlər tərəfindən qiymətləndirilib. Onlardan 301-i müsabiqənin qalibi olmayıb. Hər bir imtina ilə bağlı layihə təqdim edən QHT-lərə elektron sistem vasitəsilə əsaslandırılmış izahat verilib və növbəti müraciətlərdə aşkar olunan qüsurların nəzərə alınması tövsiyə olunub".
Ü.Quliyeva bildirib ki, müsabiqələrin nəticələri ilə bağlı 48 QHT Apellyasiya Komissiyasına müraciət edib.
Onun sözlərinə görə, üç nəfərdən ibarət Komissiyanın tərkibinə Agentliyin bir nümayəndəsi və QHT sektorunu təmsil edən iki müstəqil ekspert daxildir:
"Apellyasiya müraciəti edənlərin 29 faizi Komissiyanın iclasına qatılmayıb. Hər bir müraciət fərdi qaydada araşdırılıb. Aparılan araşdırmalar nəticəsində müsabiqələrin yekun nəticələrinin dəyişdirilməsinə əsas verən hər hansı hal müəyyən edilməyib".
QHT Agentliyinin rəsmisi əlavə edib ki, 2023-2026-cı illərdə Agentliyin keçirdiyi qrant müsabiqələrinin apellyasiya nəticələri ilə bağlı heç bir QHT məhkəməyə müraciət etməyib. O, həmçinin vurğulayıb ki, apellyasiya şikayətinə baxılması nəticənin mütləq dəyişdirilməsi anlamına gəlmir.