UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" (Kutaisi) komandası ilə qarşılaşan "Zirə" futbol klubunun meydana Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasının sədaları altında çıxması maraqla qarşılanıb.
Modern.az xəbər verir ki, klubun bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli Məclisin deputatı Fazil Mustafa da paylaşım edərək "Zirə"nin seçimini yüksək qiymətləndirib:
"Təqdir edirəm! Azərbaycan adına meydana çıxan komandamızı alqışlayıram. Yaxşı nümunələri təbliğ edək ki, insanımız dövlət və millət ruhunu uca tutmağı vərdişə çevirsin! Yad ideologiyalara nökərçilik edənlərə bundan gözəl cavab olmaz! Meydanlarımızda hər zaman Üzeyir bəyin ruhu dolaşmalıdır!" "Zirə"nin oyundan əvvəl "Koroğlu" uvertürasını səsləndirməsi milli-mənəvi dəyərlərin və Azərbaycan musiqi irsinin təbliği baxımından diqqət çəkən addım kimi dəyərləndirilib".
Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda keçirilən UFC turnirindən sonra Azərbaycan təmsilçisi Rafael Fiziyevin meydana mərsiyə sədaları altında çıxması və qələbədən sonra səsləndirdiyi şüarlar ictimai müzakirələrə səbəb olmuşdu. Milli Məclisinplenar iclasında deputat Fazil Mustafa da bu məsələyə toxunaraq Azərbaycanın dünyəvi dövlət prinsiplərinin qorunmasının vacibliyini vurğulamışdı.