Modern.az

Səfirin işi qəbullarda viski içmək deyil - Sabiq diplomatdan maraqlı AÇIQLAMA

Səfirin işi qəbullarda viski içmək deyil - Sabiq diplomatdan maraqlı AÇIQLAMA

Aktual

Bu gün, 16:17

9 iyul Azərbaycanda Diplomatiya Günüdür. Adətən diplomatik xidmət deyəndə ağla ilk olaraq rəsmi qəbullar, beynəlxalq görüşlər və protokol tədbirləri gəlir. Halbuki diplomatların fəaliyyətinin görünməyən tərəfləri də var – gecə-gündüz davam edən danışıqlar, böhran şəraitində qəbul edilən qərarlar, bəzən isə ailədən və şəxsi həyatdan uzaq keçən illər.

Diplomatın gündəlik həyatı necə keçir? Onlar övladlarına vaxt ayıra bilirlərmi? 

Diplomatların fəaliyyəti ilə bağlı cəmiyyətdə formalaşan stereotiplərin reallığı əks etdirmədiyini deyən Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli Modern.az-la həmsöhbət olub.

O bildirib ki, səfirlərin işi heç də yalnız rəsmi qəbullarda iştirak edib viski içməkdən ibarət deyil:

"Diplomatın gündəlik fəaliyyəti təmsil etdiyi ölkədən, xidmət etdiyi dövlətlə münasibətlərin xarakterindən və siyasi şəraitdən birbaşa asılıdır. Belə bir təsəvvür var ki, səfir və ya diplomat gününü qəbullarda iştirak edib viski içməklə keçirir. Bu, tamamilə yanlış fikirdir. Münasibətlərin gərgin olduğu ölkələrdə səfirlərin işi çox ağır olur. Belə ölkələrin aidiyyəti qurumları ilə əlaqə saxlamaq da kifayət qədər çətindir. Mən bunu İrandakı fəaliyyətim dövründə yaxından gördüm. Həmin vaxt müharibə dövrü idi və demək olar ki, hər gün yeni hadisələrlə üzləşirdik. Dost ölkələrdə çalışan səfirlərin işi isə təbii ki, daha rahat olurdu".

Nəsib Nəsibli qeyd edib ki, mərhum alim və ictimai xadim Cavad Heyət də bu fərqi zarafatla ifadə edirdi:

"Cavad Heyət deyirdi ki, Ankaradakı səfiriniz dünyanın ən xoşbəxt səfiridir. Mənə isə deyirdi ki, sən dünyanın ən bədbəxt, ən talesiz səfirisən.
Hər şey xidmət etdiyin ölkədən asılıdır. Bununla yanaşı, səfirliyin diplomatik heyətinin peşəkarlığı, işgüzarlığı və təşkilatlanması da böyük rol oynayır. Qonşu ölkələrdə çalışan səfirlərlə coğrafi baxımdan uzaq ölkələrdə çalışan diplomatların iş rejimi də təbii olaraq fərqlənir".

Sabiq səfir xatırladıb ki, İranda fəaliyyət göstərdiyi dövr Azərbaycanın ən çətin mərhələlərindən birinə təsadüf edib:

"Mənim səfirlik fəaliyyətim gərgin dövrdə keçdi. İşimiz daim dəyişən və artan gərginlik şəraitində davam edirdi. Xüsusilə Kəlbəcərin işğalından sonra səfirlikdə xüsusi iş rejimi tətbiq etmişdik. Normalda səfirlikdən evə 35-45 dəqiqəyə çatmaq olurdu. Ancaq qərara gəldik ki, buna ehtiyac yoxdur, çünki görüləsi iş çox idi. Diplomatik heyət cəmi 3-4 nəfərdən ibarət idi və hər kəsin üzərinə böyük məsuliyyət düşürdü. Fövqəladə iş rejiminə keçdikdən sonra yalnız iş otaqlarında gecə 1-2 saat dincəlmək imkanımız olurdu. Həqiqətən də çox ağır şəraitdə çalışırdıq".

Nəsib Nəsibli övladlarının peşə seçiminə də toxunaraq bildirib ki, bu məsələdə onlara hər hansı istiqamət verməyib:

"Uşaqlarımızın peşə seçimi tamamilə onların öz qərarı olub. Biz yalnız onların yaxşı orta və ali təhsil almasına çalışmışıq. Böyük oğlum məktəbi Tehranda, kiçik oğlum isə ABŞ-də oxuyub. Sonradan hər biri öz maraqlarına uyğun ixtisas seçdi. Böyük oğlum beynəlxalq münasibətlər, kiçik oğlum isə informasiya texnologiyaları sahəsini seçdi. Hazırda isə ixtisasları üzrə çalışmırlar. Onlar adlarının mediada hallanmasını da istəmirlər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...