Modern.az

Ermənilərlə görüşə onların kefini soruşmaq üçün getmirik - MÜSAHİBƏ

Ermənilərlə görüşə onların kefini soruşmaq üçün getmirik - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 09:38

Azərbaycan və Ermənistan arasında sülh prosesi davam etdikcə, iki ölkənin ictimai-siyasi nümayəndələri arasında təmasların genişləndirilməsi də gündəmə gəlir. Bu prosesdə Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququnun müzakirələrdə hansı yeri tutacağı əsas suallardan biri olaraq qalır.

Modern.az-ın mövzu ilə bağlı suallarını Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli cavablandırıb. O, Ermənistan nümayəndələri ilə mümkün görüşə münasibətini açıqlayıb, qayıdış üçün irəli sürülən şərtlərdən və İcmanın bundan sonrakı fəaliyyət istiqamətlərindən danışıb.

– Azərbaycan-Ermənistan sülh prosesi fonunda son dövrdə iki ölkənin deputatları və vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar keçirilib. Sizə də Ermənistan tərəfinin nümayəndələri ilə görüş təklif olunsa, bunu qəbul edərdinizmi?

– Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsü cənab Prezident İlham Əliyevə məxsusdur. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatı zamanı Azərbaycan dünyaya sübut elədi ki, hər hansı təcavüzü öz daxili imkanları hesabına həll etmək imkanına malikdir. Bununla belə, son 200 ildə xalqımıza qarşı saysız-hesabsız cinayətlərinə baxmayaraq, yenə də təcavüzkar və işğalçı Ermənistan tərəfə öz sülh əlimizi uzatdıq və bölgəyə əbədi sülhün gəlməsi naminə bütün addımları atırıq.
Son dövrdə iki ölkənin deputatları və vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların keçirilməsi də bu prosesin tərkib hissəsidir və biz də, Qərbi Azərbaycan İcması olaraq, bu təmasları, bütövlükdə sülh prosesini dəstəkləyirik. Lakin qarşı tərəf Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin bu sülhsevər siyasətini manipulyasiya etməməlidir. Dövlətlərarası münasibətlərin normallaşdırılması bu münaqişənin tərkib hisssəsi kimi ata-baba yurdlarından vəhşicəsinə qovulmuş Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıtmaq hüququndan imtina anlamına gəlmir, bu insanlar öz yerlərinə mütləq qayıtmalıdırlar və qayıdacaqlar. Çox təəssüf ki, qarşı tərəf hələ də bu reallığı dərk və qəbul edə bilmir. O ki qaldı Ermənistan tərəfin nümayəndələri ilə görüş məsələsinə, əlbəttə, biz buna həmişə hazırıq. Bizim onlardan çəkinəcək heç bir səbəbimiz yoxdur, əksinə, onların səbəbi kifayət qədərdir. 

– Belə bir görüş baş tutsa, erməni tərəfi ilə ilk növbədə hansı məsələləri müzakirəyə çıxarardınız? Qərbi azərbaycanlıların qayıdış hüququ əsas tələb kimi masada olardımı?

– Əlbəttə ki, belə bir görüş keçirilsə, masada əsas məsələ kimi Qərbi azərbaycanlıların qayıdış hüququ, birgəyaşayış məsələsi olacaq. Biz bu görüşə ermənilərin kefini soruşmaq üçün getmirik ki? Digər məsələlər, heç şübhəsiz, dövlətlərarası danışıqların predmetidir. 

– Ermənistan nümayəndələri qarşısında Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı konkret hansı tələbləri irəli sürərdiniz? Təhlükəsizlik təminatı, mülkiyyət hüququ, yaşayış yerlərinə qayıdış və mədəni irsin qorunması baxımından əsas şərtləriniz nələrdir?

– Qərbi Azərbaycana qayıdışın bütün detalları bu qayıdışın çərçivə sənədi olan Qayıdış Konsepsiyasında öz əksini  tapıb. Qısaca deyə bilərəm ki, bu qayıdış zamanı dediyiniz və demədiyiniz, Konsepsiyada öz əksini tapan bütün şərtlər kompleks şəkildə həyata keçirilməlidir və Ermənistan dövləti, erməni xalqı buna hazır olmalı, bununla razılaşmalı, bunu maneəsiz gerçəkləşdirməlidir. Ermənistandakı şovinist ünsürlərin buna mane hüququ və imkanı olmamalı, olacağı təqdirdə həmin şəxslər dərhal cəmiyyətdən təcrid olunmalıdır ki, başqalarına dərs olsun. Bütün bunlar Ermənistan qanunları ilə tənzimlənməlidir.

– Sizcə, Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunması Qərbi azərbaycanlıların qayıdışı məsələsinin həllini də sürətləndirə bilər, yoxsa bu, sülh müqaviləsindən ayrıca müzakirə edilməli mövzudur?

– Şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında yekun sülhün əldə olunması Qərbi azərbaycanlıların qayıdışı məsələsinin həllini sürətləndirəcək. Sülh nə deməkdir? Bütün siyasi, iqtisadi, mədəni əlaqələr bərpa olunur. Deməli, bütün səviyyələrdə gediş-gəliş də qaçılmaz olacaqdır. Sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan soydaşlarımızın qovulduğu 300-ə yaxın yaşayış məntəqəsinin yarıdan çoxu, demək olar ki, tamamilə boşdur. Mən onların siyahısını təqdim edə bilərəm. Belə olan surətdə Ermənistan dövlətinin özü də maraqlı olmalıdır ki, həmin kəndlərin sakinləri geri qayıtsın. Ona görə də yaxşı olar ki, sülh sazişinin tərkib hissəsi kimi, yaxud bu sazişlə paralel olaraq və ya bu sazişdən dərhal sonra Qərbi Azərbaycan qaçqınlarının qayıdış məsələsi dövlətlərarası danışıqların predmeti olsun. 

– Ermənistan tərəfi Qərbi azərbaycanlıların qayıdış məsələsini qəbul etməsə, İcmanın bundan sonrakı strategiyası nə olacaq? Bu məsələ beynəlxalq təşkilatlar və hüquqi platformalar qarşısında daha fəal qaldırıla bilərmi?

– Ermənistan tərəfi Qərbi azərbaycanlıların qayıdış məsələsini qəbul etməsə, Azərbaycanla münasibətlərin normallaşması məsələsində səmimi olmadığını ortaya qoymuş olacaq. Bu bir. İkincisi, bu sülh davamlı və dayanıqlı olmayacaq. Bu da iki. Özünüz fikirləşin, necə ola bilər, mən sənin evinə soxulub, səni döyüb atıram küçəyə, sonra da deyirəm gəl dost olaq?! Xeyr ola?! Belə dostluq olmur, istənilən halda bu, düşmənçiliyin davam etdirilməsidir. Əgər keçmişin bütün acı miraslarını aradan qaldırmaq istəyiriksə, bütün məsələlərdə səmimi olmalıyıq. Bu gün Ermənistan özünü elə aparır ki, elə bil 30 il ərzində milyondan artıq soydaşımızı zəlil günə qoyan, Azərbaycana trilyonlarla ziyan vuran, 20 min nəfərə yaxın insanımızı qətlə yetirən bunlar deyil. Bütün bunların onlara güzəştə gedilməsinin, səmimi münasibətlərin bərpa olunmasının yeganə yolu Qərbi Azərbaycan qaçqınlarının dinc yolla, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıdışının təmin olunmasıdır. Əlbəttə, İcma bu Qayıdış təmin olunana qədər öz mübarizəsini bütün müstəvilərdə və indikindən daha fəal və daha sərt şəkildə davam etdirəcəkdir.

– Siz erməni dilini bilirsiniz. Ermənistan nümayəndələri ilə görüşdə tərcüməçisiz, birbaşa ermənicə danışmağa üstünlük verərdinizmi? Bu dildə danışmaq sizin üçün hansısa psixoloji və ya siyasi çətinlik yaradırmı?

– Bizim kənd İrəvan şəhərindən 35 km-lik məsafədə yerləşib və mən istənilən vaxt İrəvanda təkbaşına hərəkət etmişəm, hər kəslə də ermənicə danışmışam. Bu dildə danışmaq mənim üçün heç vaxt heç bir problem yaratmayıb, indi də yarada bilməz. Amma bu gün bu dildə sərbəst danışıq apara biləcəyimi düşünmürəm. Bunun üçün heç olmasa bir ay özümü hazırlamalıyam. Çünki erməni dili olduqca qondarma bir dildir və sürətlə yenilənməkdədir. Səbəb də odur ki, müasir erməni dilinin (aşxarabarın) banisi Xaçatur Abovyanın ortaya qoyduğu erməni dili xristian qıpçaq türklərinin dili ilə Cənubi Qafqaza XIX əsrin əvvəllərində köçürülüb gətirilən hayların dili əsasında formalaşmış hibrid bir dildir və bu dildəki sözlərin yarıdan çoxu (bunu Abovyan özü də etiraf edirdi) o vaxt Azərbaycan-türk sözləri idi (elə indi də az deyil), dil isə türk dil sistemində olduğu kimi, iltisaqi dil idi. Həmin vaxtdan bu günə kimi ermənilər bu dilin üzərində “sözyaratma” əməliyyatı aparmaqdadırlar, çox sürətlə türk sözləri çıxarılıb, qondarma hay sözləri ilə əvəzlənməkdədir. Məsələn, xalaya “ananın bacısı” (“morakuyr”), televizora “uzaq göstərici” (“herustatsyuts”), telefona “uzaq danışan” (“heraxos”) deyilir və s. Maraq üçün bir misal çəkim, 1970-80-ci illərdə İrəvan televiziyası ilə Aleksandr Şirvanzadənin “Namus” əsəri əsasında çəkilən bir erməni filmi tez-tez nümayiş etdirilirdi. Orada dedi-qoduçu erməni arvadları bir-birinə xəbər verirdi ki, “Ağayi namus axçik Seyrani het baçbaçume”. Yəni: “Ağanın namuslu qızı Seyranla baç-baç edirdi”, yəni öpüşürdü. Görürsünüzmü, romanın yazıldığı 1885-ci ildə, bu dili yaradan Xaçatur Abovyandan hətta 50 il sonra erməni ədəbi dili nə vəziyyətdə idi, bir cümlədəki 6 sözdən 4-ü azərbaycancadır. Təsadüfi deyil ki, həmin Abovyan özü deyirdi ki, “ermənilər danışıqda nəinki azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri işlədir". Amma bunu 40 il əvvəlki erməni dili haqqında demək olmaz, bugünkü erməni dili haqqında heç olmaz. Erməni dili hər gün dəyişir, hibrid millət özünə hibrid dil yaradır.

– Əgər erməni tərəfi ilə üz-üzə görüş baş tutsa, sizin üçün ən çətin müzakirə mövzusu hansı olardı?

– Mən belə düşünürəm ki, ermənilərlə üz-üzə oturub edəcəyim istənilən mövzunun müzakirəsi hər ikimiz üçün çətin olardı. Çünki mən biləcəm ki, qarşımdakı erməni mütləq yalan danışır, üstəlik, onu da biləcəm ki, erməni özü də bilir ki, mən bilirəm ki, o, yalan danışır. Lakin bütün bunları bilə-bilə erməni yalan danışmaqda davam edəcək. Başqa cür mümkün də deyil, çünki yüzillər boyu onları inandırıblar ki, dünyada hər şeyin ilki ermənilərdən başlayır və bütün dünya onlara borcludur. Bu gün inanırlar ki, üç dənizin – Aralıq, Xəzər və Qara dənizin arası “Böyük Ermənistan” olub və bu əraziyə iddia edirlər, sabah iddia edəcəklər ki, sən demə bu, “Üç dəniz” yox, “Üç okean” imiş və Şimal buzlu, Atlantik və Sakit okeanların arası “Böyük Ermənistan” imiş. Bəlkə də haradasa şüurunun dərinliyində anlayır ki, bu qədər yalan danışmaq olmaz, amma yenə yalan danışmaqda davam edəcək, çünki əks-təqdirdə artıq o, erməni olmayacaq, hansısa bir millətin nümayəndəsi olacaq, erməni qalmaq üçün isə mütləq erməni yalanlarına inanmalıdır və bu yalanları danışmalıdır, buna məhkumdur. 

– Qarşı tərəfdən hansı konkret addımı görsəniz, bunu Qərbi azərbaycanlıların qayıdışı istiqamətində real irəliləyiş hesab edərsiniz?

– Ermənistan dövləti tərəfindən sonuncu deportasiya – 1987-1991-ci illərdə ata-baba yurdlarından qovulmuş Qərbi Azərbaycan qaçqınlarının qayıdış hüququ tanınsa, bunu Qərbi azərbaycanlıların qayıdışı istiqamətində real irəliləyiş hesab edərəm. 

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab