Modern.az

Kitabxanalardan hansı kitablar çıxarılacaq? - AÇIQLAMA

Kitabxanalardan hansı kitablar çıxarılacaq? - AÇIQLAMA

Aktual

Bu gün, 08:00

Kitabxana şəbəkəsinin optimallaşdırılması çərçivəsində kitab fondlarının yenilənməsi ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər hesab edir ki, proses yalnız köhnə kitabların çıxarılması ilə məhdudlaşmamalı, eyni zamanda elmi və mədəni dəyərin qorunmasına xidmət etməlidir.

Modern.az-a danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, optimallaşdırmanın əsas məqsədi kitabxanaların intellektual səviyyəsini yüksəltmək və onları cəmiyyətin müasir bilik tələbatına cavab verən elm və mədəniyyət məkanlarına çevirmək olmalıdır.

Onun sözlərinə görə, bu proses təkcə fiziki cəhətdən yararsız kitabların çıxarılması ilə məhdudlaşmamalıdır:

"Məzmun baxımından aktuallığını itirmiş, elmi cəhətdən öz dəyərini itirmiş, eyni zamanda müəyyən ideoloji dövrün təbliğat xarakterli baxışlarını daşıyan və bu günün elmi həqiqətləri ilə uzlaşmayan nəşrlər də fondlardan mərhələli şəkildə çıxarılmalıdır. Bununla belə, tarixi və biblioqrafik əhəmiyyət daşıyan nəşrlər ayrıca qorunmalı, gələcək tədqiqatlar üçün arxiv fondlarında saxlanılmalıdır. Söhbət tarixi silməkdən deyil, kitabxananın əsas fondunu müasir düşüncəyə uyğun formalaşdırmaqdan gedir".

Deputat hesab edir ki, yeni kitab fondunun formalaşdırılması strateji yanaşma tələb edir. O bildirib ki, kitabxanalarda müasir elmi düşüncəni əks etdirən elmi-nəzəri əsərlərin sayı artırılmalı, klassik və çağdaş bədii ədəbiyyata, dünya ədəbiyyatının keyfiyyətli tərcümələrinə, eləcə də uşaqlar və yeniyetmələr üçün bədii-estetik dəyəri yüksək nəşrlərə daha geniş yer verilməlidir.

"Güclü kitabxana yalnız kitab saxlayan bina deyil, düşünən, oxuyan və gələcəyi quran cəmiyyətin mənəvi təməlidir", – deyə Elnarə Akimova əlavə edib.

Keçmiş deputat Etibar Əliyev isə bildirib ki, kitabxana fondlarının optimallaşdırılması və keyfiyyətinin artırılması hər zaman aktual məsələ olub. Onun sözlərinə görə, dünyanın aparıcı universitetlərinin reytinqlərində kitabxanaların zənginliyi əsas göstəricilərdən biri hesab olunur:

"Bu gün də Harvard, Massaçusets Texnologiya İnstitutu (MIT), Kembric və Oksford universitetlərinin kitabxanaları müqayisə edilir. Qərb klassik kitabxanadan üz döndərməyib. Əlifba dəyişibsə, bu o demək deyil ki, kirildə olan kitabları bayıra atmalıyıq. Qətiyyən olmaz. Kiril qrafikası ilə oxuya bilən çoxlu insanlar var. Üstəlik, həmin əlifbada nəşr olunmuş çox qiymətli əsərlər var".

Etibar Əliyev buna misal olaraq XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunan məşhur "Brokhauz və Efron Ensiklopediyası"nı göstərib. O bildirib ki, 86 cilddən ibarət bu ensiklopediya obyektivliyi ilə seçilir və burada Ermənistanla bağlı verilən məlumatlar tarixi faktlara əsaslandığı üçün bu gün də əhəmiyyətini qoruyur.

O, həmçinin "Literaturnıye pamyatniki" seriyasını xatırladaraq bildirib ki, həmin nəşrlərdə tarix, klassik ədəbiyyat və digər sahələr üzrə elmi şərhlərlə zəngin, yüksək keyfiyyətli əsərlər çap olunub.

E.Əliyev hesab edir ki, kitab fondunun yenilənməsi kitab işi üzrə peşəkar mütəxəssislərin iştirakı ilə aparılmalıdır:

"Fizika, kimya, biologiya, STEM və digər sahələr üzrə ingilis, türk, rus və Azərbaycan dillərində hansı faydalı ədəbiyyatların olduğunu məhz kitabı bilən insanlar müəyyənləşdirməlidir".

Etibar Əliyev bildirib ki, kiril qrafikasında olan qiymətli nəşrləri fondlardan çıxarmaq əvəzinə, onların latın qrafikasına transliterasiyası həyata keçirilə bilər.

O həmçinin kitab fondunun zənginləşdirilməsi ilə yanaşı, oxu mədəniyyətinin formalaşdırılmasının da vacib olduğunu vurğulayıb:

"Əgər kitablar kitabxanada qalır, amma istifadə olunmursa, bu da ciddi problemdir. Gənclərdə mütaliə mədəniyyəti formalaşdırılmalıdır. Təəssüf ki, bu gün universitet müəllimlərinin də əksəriyyətinin mütaliə səviyyəsi aşağıdır və bu, tələbələrin aldığı təhsilə də təsir göstərir".

Etibar Əliyev ötən il Bakıda yerləşən Avropa Liseyinin kitabxanasında olduğunu da xatırladıb. Onun sözlərinə görə, liseydə fizika, riyaziyyat, kimya və STEM istiqamətləri üzrə yeni ədəbiyyatın olmaması onda tədrisin keyfiyyəti ilə bağlı suallar yaradıb.

"Kitab yaddaşdır. Mən hesab edirəm ki, dünya yenidən kitaba qayıdır və kitab hələ uzun illər əsas bilik mənbəyi olaraq qalacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Pezeşkiandan istefa açıqlaması eşidildi