Prezident İlham Əliyevin ötən il avqustun 8-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri və ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü yalnız ikitərəfli diplomatik təmas kimi dəyərləndirmək siyasi-strateji baxımdan natamam yanaşma olardı. Ötən bir ilin geosiyasi nəticələri sübut edir ki, həmin görüş Azərbaycanın beynəlxalq statusunun yeni strateji mərhələyə yüksəlməsini rəsmiləşdirən, Cənubi Qafqazın siyasi arxitekturasına və qlobal güc mərkəzlərinin regiona baxışına təsir göstərən tarixi diplomatik hadisə olmuşdur.Bu təmas Azərbaycanın xarici siyasət kursunun beynəlxalq səviyyədə daha geniş qəbul edilməsinə, Cənubi Qafqazın yeni siyasi arxitekturasının formalaşmasına və ölkənin geosiyasi çəkisinin əhəmiyyətli dərəcədə artmasına ciddi təkan verdi.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov bildirib.
O qeyd edib ki, Vaşinqton görüşündən sonra daha aydın görünən ilk strateji nəticə Azərbaycanın Cənubi Qafqazın əsas qərarverici siyasi mərkəzi kimi qəbul olunmasının möhkəmlənməsi oldu:
"Regionda təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi inteqrasiya ilə bağlı müzakirələrin faktiki olaraq Azərbaycanın irəli sürdüyü siyasi reallıqlar əsasında aparılması göstərdi ki, regional inkişafın istiqamətini müəyyən edən əsas dövlət artıq Azərbaycandır. Bu, hərbi qələbənin diplomatik müstəvidə davamı olmaqla yanaşı, ölkənin siyasi iradəsinin beynəlxalq səviyyədə qəbul edilməsinin də praktik ifadəsinə çevrildi.
Eyni zamanda, Vaşinqton təmasları Azərbaycan–ABŞ münasibətlərində yeni geosiyasi balansın formalaşmasını sürətləndirdi. Əməkdaşlığın məzmunu enerji təhlükəsizliyi çərçivəsini aşaraq regional sabitlik, nəqliyyat-kommunikasiya xətləri, iqtisadi dayanıqlılıq, strateji investisiyalar və qlobal təhlükəsizlik gündəliyini əhatə edən daha geniş əməkdaşlıq modelinə transformasiya olundu. Bu dəyişiklik Azərbaycanın beynəlxalq tərəfdaş kimi strateji əhəmiyyətinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi".
Deputat vurğulayıb ki, ötən bir ilin ən mühüm siyasi nəticələrindən biri Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq siyasətdə daha geniş qəbul olunmasıdır:

"2020-ci ildən sonra formalaşan geosiyasi vəziyyət artıq mübahisə predmeti kimi deyil, regional inkişafın obyektiv siyasi əsası kimi dəyərləndirilməyə başlandı. Məhz bu səbəbdən beynəlxalq aktorların regionla bağlı mövqelərində Azərbaycanın milli maraqlarını nəzərə alan daha praqmatik yanaşmalar üstünlük qazandı. Bu tendensiya ölkəmizin diplomatik təşəbbüslərinin legitimliyini və beynəlxalq etimadını əhəmiyyətli dərəcədə gücləndirdi.
Bunun məntiqi nəticəsi kimi Azərbaycanın sülh gündəliyinin müəllifi və aparıcı təşəbbüskarı statusu daha da möhkəmləndi. Son bir ildə aparılan danışıqlar göstərdi ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin hüquqi və siyasi çərçivəsi məhz Azərbaycanın irəli sürdüyü prinsiplər üzərində formalaşır. Sülh müqaviləsinin əsas elementləri, sərhədlərin qarşılıqlı tanınması, kommunikasiyaların açılması və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin beynəlxalq gündəlikdə ön plana çıxması Azərbaycanın siyasi konsepsiyasının praktik üstünlüyünü təsdiqlədi".
Deputatın sözlərinə görə, Vaşinqton görüşündən sonra Azərbaycanın diplomatik etibarlılığı da yeni keyfiyyət mərhələsinə yüksəldi:
"Son bir il ərzində ölkəmizin müxtəlif beynəlxalq platformalarda fəal iştirakı, çoxtərəfli əməkdaşlıq mexanizmlərinin genişlənməsi, xarici dövlətlərlə siyasi və iqtisadi tərəfdaşlığın dərinləşməsi göstərdi ki, Azərbaycan artıq yalnız regional aktor kimi deyil, qlobal proseslərdə etibarlı tərəfdaş və məsuliyyətli siyasi mərkəz kimi qəbul edilir. Bu etimad ölkəyə yönələn investisiya marağını, siyasi dialoqun intensivliyini və beynəlxalq əməkdaşlığın coğrafiyasını daha da genişləndirdi.
Xüsusi qeyd edilməlidir ki, Vaşinqton görüşündən sonra Orta Dəhlizin geosiyasi və geoiqtisadi əhəmiyyəti daha da artdı. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı şəraitdə Azərbaycanın tranzit potensialı beynəlxalq təhlükəsizlik və iqtisadi dayanıqlılığın mühüm komponenti kimi qiymətləndirilməyə başladı. Bu proses ölkənin Avropa ilə Asiya arasında etibarlı logistika mərkəzi statusunu möhkəmləndirməklə yanaşı, Azərbaycanın strateji əhəmiyyətini enerji sektorunun sərhədlərindən kənara çıxardı. Artıq ölkəmiz yalnız enerji təchizatçısı kimi deyil, qlobal nəqliyyat, logistika, iqtisadi əlaqələndirmə və siyasi dialoq platformalarının ayrılmaz iştirakçısı kimi çıxış edir".
Milli Məclisin üzvü əlavə edib ki, bütün bunların fonunda ötən bir ilin siyasi mənzərəsi bir mühüm həqiqəti də təsdiqlədi:
"Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl, praqmatik və milli maraqlara əsaslanan diplomatiya Azərbaycanın ən mühüm strateji üstünlüklərindən birinə çevrilib. Dövlət başçısının beynəlxalq münasibətlərdə prinsipiallıqla çevikliyin, milli maraqlarla qlobal əməkdaşlığın optimal balansını qoruyan siyasi xətti Azərbaycanın nüfuzunu davamlı şəkildə artırmaqla yanaşı, ölkəni regional təşəbbüslərin müəllifindən qlobal siyasi dialoqun etibarlı tərəfdaşına çevirmişdir. Vaşinqton görüşünün üzərindən keçən bir il göstərdi ki, həmin səfərin əsl tarixi əhəmiyyəti imzalanan sənədlərlə deyil, Azərbaycanın beynəlxalq sistemdə qazandığı yeni siyasi status, artan diplomatik çəkisi və formalaşdırdığı geosiyasi gündəlik ilə ölçülür", - deyə R.Muradov qeyd edib.