Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan razılaşmalar və sülh müqaviləsi mətninin paraflanması Cənubi Qafqazda davamlı sülhə, regional sabitliyə və ortaq rifaha yol açan mühüm tarixi mərhələdir. 8 avqust razılaşmalarının artıq bir ili tamam olur. Ötən müddət ərzində Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əməli addımlar atılması ilə yanaşı, Azərbaycan-ABŞ münasibətlərində də böyük irəliləyişlər əldə olundu.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Pərvanə Vəliyeva deyib.
"Azərbaycan və Ermənistan etimad quruculuğu məqsədilə diplomatik danışıqları intensivləşdirib, hökumətlər arasında delimitasiya və demarkasiya prosesini müzakirə etmək üçün Qəbələdə, İrəvanda görüşlər keçirilib. Normallaşma prosesi çərçivəsində iki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələrinə başlanılıb. Bakıdan İrəvana, İrəvandan Bakıya “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində eyni məqsədli səfərlər həyata keçirilib, Qəbələdə, ümumilikdə 4 görüş keçirilib. Bu proses sülh gündəliyinin perspektivləri üzrə vətəndaş cəmiyyətlərinin dialoqunu gücləndirir. Bu hadisələr mühüm bir reallığı əks elətdirir: paraflanmış sülh müqaviləsinin nəticələri artıq təkcə kağız üzərində deyil, praktiki müstəvidə də özünü göstərir".
Deputatın sözlərinə görə, tərəflər arasında ticarət də başlayıb, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixracı həyata keçirilir:

"Əhəmiyyətli məqam ondan ibarətdir ki, iki ölkə heç ikitərəfli ticarət əlaqələrini tamamilə sıfırdan formalaşdırır. Azərbaycan və Ermənistan arasında sülhün institusionallaşdırılması istiqamətində daha bir əməli addım sözsüz ki, Zəngəzur dəhlizinin işləkliyi olacaqdır. Bu, sadəcə bir infrastruktur layihəsi deyil, regional sülhün, sabitliyin və iqtisadi inteqrasiyanın təşviqi üçün mühüm alətdir. Zəngəzur dəhlizi Orta dəhlizi həm qısaldacaq, həm də daha sürətli, təhlükəsiz, alternativ yol olmaqla, Şərq-Qərb marşrutunu inkişaf etdirəcək.
Bu gün Şərq-Qərb marşrutu üzrə Azərbaycan ən təhlükəsiz tranzitdir. Dünyada baş verən geosiyasi tektonik dəyişikliklər investorların sabitlik mövcud olan ölkələrə marağını artırır. Belə ölkələr investisiya baxımından risksiz hesab olunur. Zəngəzur dəhlizinə investisiya marağı olduqca yüksəkdir, o cümlədən Avropa İttifaqı marşrutun işləkliyi üçün sərmayə ayırır".
P.Vəliyeva xatırladıb ki, ötən dövr ərzində ABŞ Vitse-prezident Cey Di Vensin Azərbaycana səfəri Vaşinqtonun Bakı ilə əməkdaşlığı dərinləşdirmək niyyətini nümayiş etdirdi:
"ABŞ və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya üç əsas istiqamət üzrə uzunmüddətli əməkdaşlıq çərçivəsi yaradıb: enerji və regional bağlantı (ticarət və tranzit daxil olmaqla), iqtisadi investisiyalar (xüsusilə süni intellekt və rəqəmsal infrastruktur sahələrində) və təhlükəsizlik əməkdaşlığı (müdafiə və terrorizmlə mübarizə daxil olmaqla).
Xartiyanın həyata keçirilməsinin infrastrukturun inkişafını sürətləndirməsi, enerji yatırımlarını genişləndirməsi və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı təşviq etməsi nəzərdə tutulur. İl ərzində Prezident Donald Trampın dövlət başçımızla təmasları intensivləşmiş, “Sülh Şurasına” Azərbaycan təsisçi ölkə kimi dəvət edilmişdir.
Bununla belə, Azərbaycan yekun sülh müqaviləsinin imzalanması üçün gözləntilərini dəfələrlə vurğulayıb. Sənədin imzalanması və ratifikasiyası istiqamətində irəliləyiş, qalan şərtin həyata keçirilməsinə - Azərbaycan əleyhinə ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasına düzəliş edilməsi şərtinə əsaslanır. Yalnız davamlı qarşılıqlı məsuliyyətli siyasi iradə və beynəlxalq dəstək sayəsində region sülh, inkişaf və tərəqqi istiqamətində birgə addımlaya bilər", - deyə deputat qeyd edib.