2026/2027-ci tədris ili üzrə xaricdə təhsilə dair Dövlət Proqramı qaliblərinin məzun olduqları ali təhsil müəssisələri üzrə ilk "10-luq" açıqlanıb.
Bu barədə Dövlət Proqramı İdarəetmə Qrupundan Modern.az-ın sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, Dövlət Proqramı qalibləri arasında ən çox məzun Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) payına düşür. Belə ki, proqram üzrə qalib olanlardan 51 nəfər UNEC məzunudur.
Siyahıda ADA Universiteti və Bakı Dövlət Universiteti hər biri 45 məzunla ikinci-üçüncü yerlərdə qərarlaşıb.
Bakı Ali Neft Məktəbinin 40 məzunu Dövlət Proqramının qalibi olub.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Mühəndislik Universitetinin hər birindən 22 nəfər Dövlət Proqramının qalibləri sırasındadır.
Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 21, Azərbaycan-Fransız Universitetinin 20, Azərbaycan Dillər Universitetinin 12 məzunu Dövlət Proqramının qalibi olub.
İlk onluğu Milli Aviasiya Akademiyası və Xəzər Universiteti tamamlayır. Hər iki ali təhsil müəssisəsinin 10 məzunu Dövlət Proqramı üzrə xaricdə təhsil almaq hüququ qazanıb.