2025-ci il 8 avqust Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin ABŞ lideri Donald Trampın iştirakı ilə Ağ Evdə paraflanmasından 1 il keçir. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyinin mühüm qələbəsi idi.
Eyni zamanda bu görüşü həm də yalnız diplomatik hadisə kimi deyil, Azərbaycan–Ermənistan münasibətlərinin münaqişə idarəçiliyindən post-münaqişə əməkdaşlığı mərhələsinə keçid nöqtəsi kimi qiymətləndirmək daha doğru olardı. Həmin gün sülh və dövlətlərarası münasibətlər haqqında sazişin razılaşdırılmış mətni paraflandı, Minsk prosesinin bağlanması üçün birgə müraciət imzalandı və regional kommunikasiyaların açılması üzrə siyasi çərçivə müəyyənləşdirildi.
Bəs keçən 1 il ərzində sülh prossesinin möhkəmlənməsi yolunda nələr baş verdi?
Əvvəla, sülh sazişinin mətni siyasi reallığa çevrildi. Vaşinqtonda sülh sazişinin razılaşdırılmış mətni paraflandı. Bu, tərəflərin gələcək münasibətlərinin əsas prinsipləri - suverenlik, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və qarşılıqlı ərazi iddialarının olmaması üzrə hüquqi çərçivəni formalaşdırdı.
İkincisi, ATƏT-in Minsk prosesi tarixə qovuşdu. Azərbaycan və Ermənistanın Vaşinqtonda imzaladığı birgə müraciətdən sonra ATƏT-in 57 iştirakçı dövləti 1 sentyabr 2025-ci ildə Minsk prosesinin və əlaqəli strukturların bağlanmasına konsensusla qərar verdi. Rəsmi ləğv edilmə isə 30 noyabr 2025-ci ildə baş verdi. Beləliklə, onilliklər ərzində münaqişə ilə bağlı mövcud olmuş faydasız beynəlxalq vasitəçilik mexanizmi rəsmən sona çatdı.
Üçüncüsü, Bakı–İrəvan dialoqu daha çox birbaşa və ikitərəfli xarakter aldı. 2 oktyabr 2025-ci ildə Kopenhagendə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Vaşinqton razılaşmalarının icrasını, nəqliyyat bağlantılarını və etimad tədbirlərini müzakirə etdilər. 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən növbəti görüşdə isə tərəflər normallaşmanın məhz ikitərəfli əsasda davam etdirilməsinin əhəmiyyətini vurğuladılar.

Dördüncüsü, sülhün iqtisadi dividendləri görünməyə başladı.
Bu, son bir ilin bəlkə də ən mühüm dəyişikliklərindən biridir. Azərbaycan birtərəfli qaydada Ermənistana nəqliyyat dəhlizlərinin açdı. Azərbaycan neft məhsullarının Ermənistana ixracına başladı, üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan ərazisindən Ermənistana tranziti həyata keçirildi. 2026-cı ilin ilk rübündə Azərbaycanın Ermənistana ixracının təxminən 5,75 milyon dollar təşkil etdiyi bildirildi. Əbu-Dabi görüşündə liderlər ikitərəfli ticarətin başladığını rəsmən müsbət qiymətləndirdilər.
Beşincisi, TRIPP siyasi ideyadan icra layihəsinə keçdi. 2026-cı ilin yanvarında ABŞ TRIPP (Trump Route for International Peace and Prosperity) üzrə İcra Çərçivəsini açıqladı. Məqsəd Ermənistan ərazisindən multimodal nəqliyyat bağlantısının yaradılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin edilməsi və bunun daha geniş Transxəzər nəqliyyat sisteminə inteqrasiyasıdır. Sənəddə suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq əsas prinsiplər kimi göstərilir.
Altıncısı, sərhədlərin delimitasiyası prosesi davam etdi. 2025-ci ilin noyabrında Qəbələdə, 2026-cı ilin aprelində isə Ağverəndə delimitasiya komissiyalarının növbəti iclasları keçirildi. Tərəflər Azərbaycan–Gürcüstan–Ermənistan sərhədlərinin kəsişdiyi şimal nöqtəsindən başlayaraq İran sərhədinə doğru delimitasiya işlərinin aparılması və bunun texniki prosedurlarını müzakirə etdilər.
Yeddincisi, ilk dəfə sülh prosesi hökumətlər səviyyəsindən cəmiyyətlər səviyyəsinə keçməyə başladı. Sülh Körpüsü təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri təşkil edildi. 2026-cı ilin fevralında Azərbaycan nümayəndələri Ermənistan ərazisinə, apreldə isə Ermənistan nümayəndələri Azərbaycana delimitasiya və demarkasiya olunmuş quru sərhədindən, rəsmi sərhəd və pasport prosedurlarından keçərək daxil oldular. Bu, simvolik baxımdan xüsusilə əhəmiyyətli hadisədir.
Sonuncusu, regional normallaşma Azərbaycan–Ermənistan xəttindən kənara yayılmağa başladı. 2026-cı ilin mayında Türkiyə Ermənistanla birbaşa ticarətə mane olan mühüm məhdudiyyətlərdən birini aradan qaldırdı. Bu addım Ankara–İrəvan normallaşmasının Bakı–İrəvan sülh prosesi ilə paralel irəlilədiyini göstərir.
Amma bütün bunlara baxmayaraq, proses hələ də tamamlanmayıb. Ən mühüm açıq məsələ paraflanmış sülh sazişinin yekun imzalanması və qüvvəyə minməsidir. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların hələ də aradan qaldırılmaması yekun imzanı mümkünsüz edir. Bu məsələnin həlli üçün Ermənistan hakimiyyətinin müəyyən fəaliyyətə başlaması müşahidə edilir.
Saizişin paraflanması ilə Azərbaycan-Ermənistan arasında sülhün siyasi çərçivəsinin yaradılmasına nail oldu. Sonrakı bir ildə isə həmin çərçivənin içərisi real iqtisadi, nəqliyyat, sərhəd və ictimai əlaqələrlə doldurulmağa başladı. Görünən odur ki, sülhün məzmunu getdikcə daha zəngin və cəlbedici olmaqdadır. Burda Azərbaycanın gücününün, iradəsininin və imkanlarının xüsusi rolu vardır.
Tahir Mirkişili
Milli Məclisin deputatı