Modern.az

Ağ Evdə imzalanan sənədlərin nəticəsini görürük - DEPUTATLAR

Ağ Evdə imzalanan sənədlərin nəticəsini görürük - DEPUTATLAR

Aktual

Bu gün, 09:30

Vaşinqtonda  Azərbaycanla Ermənistan arasında sülh prosesinə dair sənədin imzalanmasından bir il keçir. Bir il ərzində baş verən hadisələri qiymətləndirərkən ilk növbədə bir il əvvəlki və indiki geosiyasi konteksti müqayisə etmək vacibdir. Əgər söhbət Azərbaycan, Ermənistan və ABŞ arasında formalaşan dinamikadan gedirsə, burada üç ayrı istiqaməti nəzərdən keçirmək daha doğru olar: Azərbaycan–Ermənistan münasibətləri, Azərbaycan–ABŞ münasibətləri və Ermənistan–ABŞ münasibətləri.

Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Nigar Arpadarai bildirib. 

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlərə nəzər saldıqda demək olar ki, proses bir il əvvəl formalaşan ssenari üzrə inkişaf edir. Azərbaycan ardıcıl və düşünülmüş şəkildə sülh prosesinin irəliləməsinə yönəlmiş addımlar atır:

"Yaranmış müsbət dinamika davam edir. Azərbaycan daha çox praktik xarakter daşıyan addımlar atır. Buraya Ermənistan istiqamətində yüklərin Azərbaycan ərazisindən tranzitinin təşkili, logistika və ticarət məsələlərinin həlli, eləcə də Ermənistanın idman nümayəndə heyətlərinin Azərbaycana səfərləri kimi konkret nümunələr daxildir. Bunlar real əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edən addımlardır.

Ermənistan tərəfi isə əsasən simvolik xarakterli addımlarla çıxış edir. Rəsmi şəxslərin barışığa çağıran bəyanatları, Baş nazir Nikol Paşinyanın Qarabağ məsələsinə dair əvvəlki yanaşmaların səhv olduğunu etiraf etməsi, parlamentin eks-sədri Alen Simonyanın çıxışlarında Qarabağ mövzusunun artıq bağlanmış səhifə kimi təqdim olunması bu qəbildən olan nümunələrdir. Beləliklə, iki yanaşma arasındakı fərq aydın görünür: Azərbaycan daha az danışır, daha çox əməli addımlar atır; Ermənistan isə daha çox bəyanat verir, lakin praktik nəticələr hələ ki məhduddur".

Deputatın sözlərinə görə, bu vəziyyət müəyyən mənada obyektiv amillərlə də bağlıdır:

"Coğrafi, iqtisadi və demoqrafik imkanlar baxımından Ermənistanın manevr imkanları Azərbaycanla müqayisədə daha məhduddur. Bununla belə, Azərbaycanın əsas gözləntisi dəyişməz olaraq qalır: ölkənin əsas hissəsi ilə Naxçıvan arasında etibarlı nəqliyyat əlaqəsinin təmin edilməsi. Bu, davamlı sülhün vacib elementlərindən biri hesab olunur. Ermənistan Konstitusiyası məsələsi də hələ həll olunmamış qalır.  Ermənistan bu məsələni prinsip etibarilə rədd etmir, lakin onun həyata keçirilməsi istiqamətində də tələsik davranmır. Bu da prosesin ləngiməsinə səbəb olur.

Bir il əvvəl Ermənistan rəhbərliyi qarşıdan gələn seçkiləri əsas gətirərək daha ehtiyatlı mövqe tutduğunu bildirirdi. Bu gün isə həmin seçkilər artıq geridə qalıb və hökumət yeni mandat əldə edib. Ermənistanın daxili siyasi prosesləri göstərir ki, Paşinyan hakimiyyəti sülh gündəliyini əsasən cəmiyyətin sifarişinə uyğun şəkildə irəli aparır. Böyük ehtimalla, Ermənistan cəmiyyətinin əksəriyyəti artıq yeni müharibə istəmir. Lakin bu yanaşma bütün siyasi elita üçün xarakterik deyil. Erməni diasporunun və siyasi dairələrin müəyyən hissəsi hələ də Azərbaycan-Ermənistan qarşıdurmasını daxili siyasi məqsədlər üçün istifadə edir. Əgər Nikol Paşinyan həqiqətən də sülhün tərəfdarıdırsa, o zaman bu prosesi daha sürətlə irəli aparmalı və tam sülh sazişinə mümkün qədər tez nail olmağa çalışmalıdır".

Deputat həmçinin vurğulayıb ki, Azərbaycan–ABŞ münasibətlərində müsbət dinamika davam edir:

"Azərbaycan ilə ABŞ arasındakı münasibətlər də müsbət istiqamətdə inkişaf edir. Son iki il ərzində tərəflər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılıb. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, son aylarda ABŞ administrasiyasının diqqəti əsasən Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələrə yönəlib.

Bu şəraitdə Azərbaycanın balanslı siyasəti xüsusi əhəmiyyət daşıyır. Bakı Vaşinqtonla konstruktiv münasibətləri inkişaf etdirsə də, nə birbaşa, nə də dolayısı ilə ABŞ-ın İrana qarşı hər hansı geosiyasi qarşıdurmasının tərkib hissəsinə çevrilmir. Məhz bu yanaşma Azərbaycanın müstəqil xarici siyasət kursunun göstəricisidir. ABŞ-la əməkdaşlığın genişləndirilməsi vacib olsa da, Azərbaycanın başqa dövlətlərin regional qarşıdurmalarında alətə çevrilməməsi ölkəmiz üçün prinsipial əhəmiyyət daşıyır".

Milli Məclisin üzvü hesab edir ki, yaxın perspektivdə ABŞ diplomatiyasının Cənubi Qafqaza marağı yenidən artacaq:

"Bunun əsas səbəbi ondan ibarətdir ki, Vaşinqton zaman keçdikcə, İranla bağlı gündəmdə müəyyən sabitliyə nail olacaq və diqqətini yenidən digər strateji istiqamətlərə yönəldəcək. Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ üçün bir sıra səbəblərə görə əhəmiyyətini qoruyur. Region həm Rusiya–Ukrayna münaqişəsi ətrafında aparılan diplomatik proseslər, həm də İranla bağlı regional təhlükəsizlik məsələləri kontekstində strateji əhəmiyyət daşıyır.

Bu səbəbdən yaxın dövrdə ABŞ-ın regionda diplomatik fəallığının yeni mərhələyə keçəcəyini gözləmək olar. Eyni zamanda Azərbaycan-ABŞ münasibətləri haqda danışanda ölkələrimiz arasında bir neçə ay öncə imzalanmış Strateji xartiyanın önəmini xüsusilə qeyd etmək istərdim".

Deputat xatırladıb ki, bir neçə ay əvvəl imzalanmış Azərbaycan–ABŞ Strateji Xartiyası ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm institusional çərçivə rolunu oynayır:

"Bu sənəd iki ölkəyə yeni layihələrin həyata keçirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Xartiyanın imzalanmasından cəmi bir neçə ay sonra ABŞ-ın yüksək səviyyəli hökümət və biznes nümayəndə heyətinin Bakıya səfəri reallaşdı. Səfər çərçivəsində Azərbaycan- ABŞ arasında ilk İqtisadi Dialoq keçirildi, iri həcmli iqtisadi sazişlər paketi imzalandı. Bu razılaşmalar milyardlarla dollar dəyərində investisiya və iqtisadi əməkdaşlıq layihələrini əhatə edir ki, bu da Xartiyanın artıq konkret praktiki nəticələr verməyə başladığını göstərir.

Bununla yanaşı, Xartiya təkcə iqtisadi əməkdaşlıqla məhdudlaşmır. O, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, rəqəmsal inkişaf, regional bağlantılar, investisiyalar, eləcə də digər strateji istiqamətlərdə yeni birgə təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanlar açır. Məhz buna görə də Xartiyanın əsas nəticəsi yalnız imzalanmış sənəd deyil, onun əsasında formalaşan uzunmüddətli əməkdaşlıq platformasıdır". 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə isə deyib ki, artıq bir ildir Vaşinqtonda Ağ Evdə imzalanan sənədlərin real nəticələri müşahidə olunur.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərində əldə olunan razılaşmalar praktik müstəvidə özünü göstərməkdədir:

“Artıq bir ildir ki, biz Vaşinqtonda Ağ Evdə imzalanan sənədlərin nəticəsini görürük. Həm Ermənistan-Azərbaycan arasında sərhədyanı zonalarda sülh vəziyyəti ardıcıl olaraq müşahidə olunur, atəşkəs qorunur və onun pozulması halları demək olar ki, minimuma enib. İtkilər də yoxdur.

Digər tərəfdən, iki ölkə arasında ticarət əlaqələri müəyyən mənada, kiçik miqyasda da olsa, bərpa olunub. Eyni zamanda insanların, ekspertlərin gedib-gəlişi də bərpa olunub, müxtəlif konfranslar və görüşlər təşkil edilir. Bütün bunlar Ağ Evdə imzalanan sənədlərin, necə ki cənab Prezident demişdir, real və praktik nəticəsidir. Həmin sənədlər kağız üzərində qalmadı, razılaşmalar real həyata çevrildi. Beləliklə, region tariximizdə yeni bir səhifə açılır. Cənubi Qafqazda nəhayət ki, sülhü, barışığı, əməkdaşlığı və regional inteqrasiyanı müşahidə edirik”, - deyə deputat əlavə edib. 

Sizə yeni x var
Keçid et
İlham Əliyev ABŞ-də tarix yazdı - Rusiyanın arzusu basdırıldı