Süni intellekt texnologiyalarının tətbiq dairəsi genişləndikcə, bu imkanlardan məhkəmə sistemində istifadə məsələsi də aktuallaşır. Belə ki, Əbu-Dabi Məhkəmə Departamenti 2026-cı ilin sentyabrından tam inteqrasiya olunmuş süni intellekt məhkəmə platformasını istifadəyə verməyi planlaşdırır. Bundan əlavə, 18 aylıq sınaq mərhələsində sistem məhkəmə işlərini və sənədləri təhlil edəcək, hüquqi araşdırmalar aparacaq və oxşar məhkəmə qərarlarını müqayisə edəcək. Bu təcrübə süni intellektin Azərbaycan məhkəmə sistemində də tətbiqi imkanlarını gündəmə gətirir.
Əbu-Dabidə məhkəmə sistemində süni intellektdən istifadənin genişləndirilməsi ilə bağlı müzakirələri Modern.az-a şərh edən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, model maraqlı təcrübədir və onun müəyyən elementlərindən Azərbaycan məhkəmə sistemində də istifadə etmək mümkündür.
Onun sözlərinə görə, ilk növbədə süni intellektin məhkəmə sistemində hansı funksiyanı yerinə yetirəcəyi dəqiq müəyyənləşdirilməlidir:
“Düşünürəm ki, onun müəyyən elementlərini Azərbaycan məhkəmə sistemində də istifadə etmək mümkündür. Amma iki məsələni əvvəlcədən ayırmaq lazımdır. Süni intellekt hakimin işinə kömək edə bilər, lakin onun yerinə qərar verməməlidir”.
Ə.Nuriyev bildirib ki, məhkəmə işlərində informasiya yükü kifayət qədər böyükdür və bu baxımdan süni intellekt əhəmiyyətli köməkçi vasitəyə çevrilə bilər:
“Məhkəmə işlərində informasiya yükü həqiqətən böyükdür. Bəzən bir iş üzrə yüzlərlə, hətta minlərlə səhifə sənəd, müqavilə, yazışma, ekspert rəyi və şahid ifadəsi araşdırılır. Süni intellekt bu materialları sistemləşdirə, sənədlər arasındakı əlaqələri və ziddiyyətləri göstərə, oxşar işlər üzrə əvvəlki məhkəmə mövqelərini tapa bilər”.
Onun sözlərinə görə, qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi və texniki proseslərin avtomatlaşdırılması istiqamətində də süni intellektdən səmərəli istifadə mümkündür:
“Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsində də onun imkanlarından istifadə etmək olar. Məhkəmə sənədlərinin anonimləşdirilməsi, səs yazılarının mətnə çevrilməsi, prosessual müddətlərin izlənilməsi, bildirişlərin göndərilməsi, iclasların planlaşdırılması və iş yükünün təhlili kimi texniki işlərin avtomatlaşdırılması daha real görünür. Bu, məhkəmə aparatının işini yüngülləşdirə, hakimlərin vaxtını texniki məsələlərdən azad edə bilər”.
Hüquqşünas onu da nəzərə çatdırıb ki, bütün bunlara baxmayaraq, hüquqi qiymətləndirmə yalnız hakim tərəfindən aparılmalıdır:

“Lakin sübutların son hüquqi qiymətləndirilməsi, şahid ifadələrinin mötəbərliyi, şəxsin niyyəti, təsir dərəcəsi, cəzanın fərdiləşdirilməsi, həbs, ailə və uşaq hüquqları ilə bağlı məsələlər hakimin səlahiyyətlərində qalmalıdır.
Sadə bir nümunə ilə izah etsəm, təsəvvür edin ki, iki işçi bir neçə gün işə çıxmadığına görə işdən azad olunub. Birinci işçi heç bir səbəb göstərmədən iş yerini tərk edib və rəhbərliyin zənglərinə cavab verməyib. İkinci işçinin isə övladı qəfil xəstəxanaya yerləşdirilib. O, işəgötürənə məlumat versə də, təsdiqedici sənədləri vaxtında təqdim edə bilməyib. Formal baxımdan hər iki halda işə çıxmamaq faktı var. Amma bu iki hadisənin hüquqi mahiyyəti eyni deyil.
Məhkəmə yalnız işçinin neçə gün işə gəlmədiyinə baxmamalıdır. Hadisənin hansı şəraitdə baş verdiyini, işəgötürənin vaxtında məlumatlandırılıb-məlumatlandırılmadığını və işdən çıxarılmanın pozuntuya mütənasib olub-olmadığını da qiymətləndirməlidir”.
Onun fikrincə, süni intellekt oxşarlıqları müəyyən edə bilsə də, hüquqi baxımdan həlledici olan fərqi yalnız insan görə bilər:
“Süni intellekt iki iş arasındakı oxşarlığı çox sürətlə tapa bilər. Hakim isə həmin oxşarlığın arxasında dayanan fərqi görməlidir. Ədalət çox vaxt məhz bu fərqin düzgün müəyyən edilməsindən asılı olur”.
Hüquqşünas hesab edir ki, süni intellekt məhkəmə işlərinə baxılma müddətinin azaldılmasına da müsbət təsir göstərə bilər:
“Böyük həcmdə materialların daha sürətli sistemləşdirilməsi, hüquqi axtarışın asanlaşdırılması və texniki prosedurların avtomatlaşdırılması vaxt itkisini azalda bilər. Oxşar işlər üzrə qərarların müqayisəsi də məhkəmə təcrübəsində mövcud fərqlərin müəyyən edilməsinə kömək edər”.
Ə.Nuriyev qeyd edib ki, bu texnologiya məhkəmə sistemində şəffaflığın artırılması üçün də imkanlar yaradır:
“İşin hansı mərhələdə olması, prosessual müddətlər və qərarların dərc edilməsi daha sistemli şəkildə təşkil oluna bilər. Amma texnologiyanın tətbiqi öz-özlüyündə şəffaflıq demək deyil. Əgər sistem hansı məlumatlardan istifadə etdiyini və nəticəyə necə gəldiyini açıqlamırsa, mövcud qapalılığın yerini başqa bir qapalılıq tuta bilər”.
O eyni zamanda hesab edir ki, süni intellektin tətbiqində əsas risklərdən biri onun tam obyektiv hesab edilməsidir:
“Risklərdən biri süni intellektin mütləq qərəzsiz olması barədə formalaşan yanlış təsəvvürdür. Onun emosiyası yoxdur, amma bu, həmişə obyektiv olduğu anlamına gəlmir. Sistem hansı məlumatlarla öyrədilibsə, həmin məlumatlardakı səhvləri və köhnə yanaşmaları da təkrarlaya bilər. Əgər keçmiş məhkəmə təcrübəsində yanlış yanaşmalar olubsa, alqoritmlər onları normal təcrübə kimi qəbul edə bilər.
Bununla belə, süni intellektin tətbiqində məsuliyyət məsələsi də əvvəlcədən hüquqi baxımdan müəyyənləşdirilməlidir. Sistem yanlış nəticə hazırlasa və bu nəticə məhkəmə qərarına təsir göstərsə, kim cavabdeh olacaq? Proqramı hazırlayan şirkət, sistemi tətbiq edən qurum, yoxsa həmin nəticədən istifadə edən hakim? Məsuliyyət bölüşdürülə bilər, amma ortada qalmamalıdır”.
Hüquqşünas həmçinin vurğulayıb ki, proses iştirakçıları da süni intellektdən istifadə olunduğunu bilməli və bununla bağlı etiraz hüququna malik olmalıdırlar:
“Konkret iş üzrə süni intellektin hazırladığı nəticə qərara təsir göstəribsə, proses iştirakçıları bundan xəbərdar olmalıdır. Onlar həmin nəticə ilə tanış olmaq və ona etiraz etmək imkanına malik olmalıdırlar. İnsan necə formalaşdığını bilmədiyi nəticəyə qarşı özünü tam müdafiə edə bilməz”.
Ə.Nuriyevin sözlərinə görə, digər ciddi təhlükələrdən biri də hakimin alqoritmin hazırladığı nəticəyə həddindən artıq etibar etməsidir:
“Başqa bir təhlükə hakimin alqoritmin nəticəsinə həddindən artıq etimad göstərməsidir. Son qərarın altında hakimin imzasının olması hələ real insan nəzarəti demək deyil. Hakim sistemin nəticəsini yoxlamaq, qəbul etmək, dəyişmək və lazım gəldikdə ondan istifadə etməmək imkanına malik olmalıdır. Əks halda, süni intellekt qərarı formal olaraq verməsə də, həmin qərarın istiqamətini müəyyənləşdirə bilər”.
Hüquqşünas onu da əlavə edib ki, Azərbaycan üçün ən doğru model süni intellektin məhkəmə sistemində köməkçi və analitik vasitə kimi tətbiq edilməsidir:
“Məncə, Azərbaycan üçün doğru model süni intellektin məhkəmə sistemində köməkçi və analitik vasitə kimi tətbiqidir. O, məlumat yükünü azaldar, məhkəmə təcrübəsinin daha geniş təhlilinə imkan verər və texniki səhvlərin qarşısını almağa kömək edə bilər. Amma insanın azadlığına, ailəsinə, əmlakına və digər əsas hüquqlarına toxunan son qərar yalnız onu hüquqi cəhətdən əsaslandıran və nəticəsinə görə məsuliyyət daşıyan hakim tərəfindən verilməlidir”.
Ə.Nuriyev bildirib ki, məhkəmə sisteminin texnoloji yeniliklərə qapalı qalması doğru deyil, lakin hakimin funksiyasını süni intellektə həvalə etmək də yolverilməzdir:
“Düşünürəm ki, müasir dövrdə məhkəmə qapısını süni intellektin üzünə bağlamaq lazım deyil. Amma hakim kürsüsünü də ona vermək olmaz. Çünki süni intellektin iradəsi yoxdur, emosiyası yoxdur və o, yalnız verilən məlumatlardan nəticə çıxarır. Eyni zamanda onun hüquqi məsuliyyəti də yoxdur. Hakim isə qərar qəbul edir və həmin qərara görə məsuliyyət daşıyır. Ümumiyyətlə, qərar qəbul edən hər kəs bunun məsuliyyətini də daşımalıdır.
O baxımdan hesab edirəm ki, heç bir halda süni intellekt hakimi əvəz etməməlidir və buna yol vermək olmaz. Bunun gələcəkdə çox ciddi fəsadları ola bilər. Çünki süni intellektdə vicdan yoxdur. Hakim isə qərarı hüquq düşüncəsinə, vicdanına və qanuna əsaslanaraq qəbul edir. Bunların heç biri süni intellektə etibar edilə bilməz”.