Modern.az

Azərbaycanın yeni strateji xətti: Müdafiədən təşəbbüsə

Azərbaycanın yeni strateji xətti: Müdafiədən təşəbbüsə

Aktual

Bu gün, 16:40

Beynəlxalq münasibətlər tarixində elə dövrlər olur ki, dövlətlərin xarici siyasətində baş verən dəyişikliklər təkcə diplomatik fəallığın artması ilə məhdudlaşmır. Belə mərhələlərdə dövlətlər öz geosiyasi davranış modelini yenidən müəyyənləşdirir, regional proseslərə münasibətlərini dəyişir və beynəlxalq sistemdə yeni rol qazanırlar. 

Son bir il ərzində Azərbaycanın xarici siyasətində müşahidə olunan yeniliklər də, hələlik oturuşmayan dünya nuzamının ziddiyyətlərlə dolu çağırışlarına münasibətdə çevik təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasına xidmət edən keyfiyyət dəyişikliklərindən biridir.

Daxili siyasi sabitlik, iqtisadi potensial, hərbi güc, regional təhlükəsizlik mühiti və qlobal geosiyasi proseslər dövlətlərin xarici siyasət prioritetlərinə birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət yalnız diplomatik fəallığın artması ilə deyil, dövlətin beynəlxalq sistemdə funksional rolunun keyfiyyətcə dəyişməsi ilə xarakterizə olunur. Azərbaycanın müasir xarici siyasətinin inkişafını dörd əsas mərhələ üzrə qiymətləndirmək mümkündür.

Birinci mərhələ dövlət müstəqilliyinin möhkəmləndirilməsi və milli dövlət quruculuğu dövrünü əhatə edir. Müstəqilliyin ilk illərində ölkənin qarşısında duran əsas vəzifələr daxili sabitliyin təmin edilməsi, dövlət institutlarının formalaşdırılması və Azərbaycanın beynəlxalq hüququn tamhüquqlu subyekti kimi mövqeyinin möhkəmləndirilməsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi balanslaşdırılmış xarici siyasət kursu məhz bu strateji hədəflərin həyata keçirilməsinə xidmət etdi. Müxtəlif siyasi mərkəzlərlə praqmatik münasibətlərin qurulması, "Əsrin müqaviləsi"nin imzalanması və enerji diplomatiyasının əsasının qoyulması Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasında həlledici rol oynadı.

İkinci mərhələ Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi, hərbi və diplomatik potensialının ardıcıl şəkildə gücləndirilməsi dövrüdür. Bu mərhələdə həyata keçirilən enerji və nəqliyyat layihələri, Bakı–Tbilisi–Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər strateji təşəbbüslər Azərbaycanın geoiqtisadi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. Paralel olaraq müasir Silahlı Qüvvələrin formalaşdırılması dövlətin milli təhlükəsizlik imkanlarını keyfiyyətcə yeni səviyyəyə yüksəltdi və xarici siyasətin dayaq sütunlarını daha da möhkəmləndirdi.

Üçüncü mərhələ 2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin bütün ərazisində konstitusiya quruluşunun tam bərpası ilə başlanır. Bununla Azərbaycan uzun illər qarşısında duran əsas strateji məqsədə – dövlət suverenliyinin tam təmin edilməsinə nail oldu. Yeni siyasi reallıq xarici siyasətin məqsəd və prioritetlərini də dəyişdirdi. Artıq əsas vəzifə yalnız milli maraqların müdafiəsi deyil, formalaşmış yeni geosiyasi reallığın regional əməkdaşlıq modelinə çevrilməsi idi.

Hazırda müşahidə olunan dördüncü mərhələ Azərbaycanın xarici siyasətinin keyfiyyətcə yeni inkişaf mərhələsini ifadə edir. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan mövcud geosiyasi proseslərə uyğunlaşan dövlət kimi deyil, onların istiqamətinə təsir göstərən, yeni əməkdaşlıq platformaları təşəbbüs edən və regional gündəliyin formalaşmasına töhfə verən aktor kimi çıxış edir. Xarici siyasətin əsas məzmunu müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur.

Bu yeni yanaşmanın əsas fərqləndirici cəhəti onun çoxşaxəli və balanslaşdırılmış xarakter daşımasıdır. Azərbaycan eyni vaxtda Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirir, ABŞ ilə siyasi dialoqu dərinləşdirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın inkişafına töhfə verir, Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığı möhkəmləndirir, Çinlə Orta Dəhliz üzrə əməkdaşlığı inkişaf etdirir və Körfəz ölkələrinin investisiyalarını cəlb edir. Bu siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan xarici siyasətini geosiyasi qarşıdurma məntiqi üzərində deyil, milli maraqların qorunması, qarşılıqlı fayda, beynəlxalq hüquqa hörmət və çoxtərəfli əməkdaşlıq prinsipləri əsasında qurur.

Beləliklə, Azərbaycanın müasir xarici siyasəti klassik balanslaşdırma siyasətinin davamı olmaqla yanaşı, onun yeni inkişaf mərhələsini də ifadə edir. Dövlət artıq regional proseslərin müşahidəçisi deyil, onların istiqamətinə təsir göstərən, müxtəlif geosiyasi mərkəzlər arasında dialoqu təşviq edən və əməkdaşlıq üçün yeni imkanlar yaradan strateji təşəbbüskar kimi çıxış edir. Məhz bu yeni dövlət davranış modeli son dövrdə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsini və artan geosiyasi rolunu şərtləndirən əsas amillərdən biridir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin geosiyasi mövqeyi artıq yalnız hərbi güc, iqtisadi potensial və ya təbii resurslarla müəyyən edilmir. Qlobal rəqabətin dərinləşdiyi, geosiyasi qeyri-müəyyənliyin artdığı və beynəlxalq etimadın strateji resursa çevrildiyi bir dövrdə dövlətlərin ən mühüm üstünlüklərindən biri onların formalaşdırdığı etibar kapitalıdır. Bu anlayış dövlətin beynəlxalq öhdəliklərinə sadiqliyini, xarici siyasətinin ardıcıllığını, tərəfdaşları üçün proqnozlaşdırılan aktor olmasını və çoxtərəfli əməkdaşlıq mühitində qazandığı siyasi nüfuzu ifadə edir.

Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artmasını da ilk növbədə bu kontekstdə qiymətləndirmək lazımdır. Ölkənin geosiyasi əhəmiyyəti yalnız əlverişli coğrafi mövqeyi və enerji ehtiyatları ilə məhdudlaşmır. Əsas üstünlük uzunmüddətli və ardıcıl dövlət siyasəti nəticəsində formalaşmış etibarlı tərəfdaş imicidir. Məhz bu amil Azərbaycana müxtəlif geosiyasi mərkəzlərlə paralel şəkildə əməkdaşlıq qurmağa, rəqabət aparan aktorlar arasında etimad mühiti yaratmağa və regional təşəbbüslərin fəal iştirakçısı kimi çıxış etməyə imkan vermişdir. Bu etibar ilk növbədə enerji diplomatiyasında formalaşmışdır. "Əsrin müqaviləsi" ilə əsası qoyulan strateji xətt Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP, TAP və bütövlükdə Cənub Qaz Dəhlizi kimi layihələrlə ardıcıl şəkildə inkişaf etdirilmişdir. Azərbaycan mürəkkəb geosiyasi şəraitdə belə üzərinə götürdüyü öhdəlikləri vaxtında və etibarlı şəkildə yerinə yetirməklə beynəlxalq enerji təhlükəsizliyinin vacib tərəfdaşlarından birinə çevrilmişdir. Xüsusilə Avropada enerji təhlükəsizliyinin prioritet məsələyə çevrildiyi dövrdə ölkənin rolu daha da artmış, Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığın dərinləşməsi bunun praktik təsdiqi olmuşdur.

Etibar kapitalının möhkəmlənməsində nəqliyyat və logistika siyasəti də mühüm rol oynayır. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı Azərbaycanın yalnız tranzit imkanlarına malik ölkə deyil, Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin davamlılığını təmin edən etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Bu layihələr ölkənin geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, qlobal təchizat zəncirlərində etibarlı həlqə kimi mövqeyini də möhkəmləndirir.

Azərbaycanın beynəlxalq etimadının mühüm göstəricilərindən biri də COP29-a ev sahibliyidir. 

Azərbaycanın beynəlxalq dialoq üçün etibarlı platforma kimi qəbul olunduğunu göstərir. Konfrans çərçivəsində qəbul edilmiş qərarlar və əldə olunmuş razılaşmalar ölkənin çoxtərəfli diplomatiya sahəsində artan nüfuzunu bir daha təsdiqləmişdir. Etibar kapitalının digər mühüm mənbəyi Azərbaycanın balanslaşdırılmış xarici siyasətidir. Rəsmi Bakı münasibətlərini geosiyasi qarşıdurma üzərində deyil, qarşılıqlı hörmət, beynəlxalq hüquq və milli maraqların uzlaşdırılması prinsipləri əsasında qurur. Məhz buna görə Azərbaycan eyni vaxtda Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, Avropa İttifaqı ilə strateji əməkdaşlığı genişləndirir, ABŞ ilə siyasi dialoqu dərinləşdirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı təşviq edir, Mərkəzi Asiya dövlətləri ilə tərəfdaşlığı möhkəmləndirir, Çin və Körfəz ölkələri ilə iqtisadi əlaqələrini inkişaf etdirir. Müxtəlif geosiyasi mərkəzlərlə etimada əsaslanan münasibətlər qurmaq müasir beynəlxalq münasibətlər sistemində dövlətin ən mühüm strateji üstünlüklərindən biridir.

Beləliklə, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinin əsas səbəbi yalnız yeni tərəfdaşların sayının artması deyil, etibarlı, məsuliyyətli və proqnozlaşdırılan dövlət kimi formalaşdırdığı siyasi nüfuzdur. Məhz bu etibar kapitalı ölkənin xarici siyasətinin yeni mərhələsinin əsas dayaqlarından birinə çevrilmiş, Azərbaycanın regional təşəbbüslər irəli sürmək, çoxtərəfli əməkdaşlıq platformalarında fəal iştirak etmək və müxtəlif geosiyasi mərkəzlər arasında etibarlı əlaqələndirici rolunu gücləndirmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. 

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər Avrasiya məkanının strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Qlobal ticarət marşrutlarının yenidən formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, təchizat zəncirlərinin şaxələndirilməsi və rəqəmsal bağlantıların genişlənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqazı qlobal geoiqtisadi proseslərin mühüm mərkəzlərindən birinə çevirmişdir. Bu şəraitdə Azərbaycanın Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətin prioritet istiqamətlərindən biri kimi xüsusi strateji məna kəsb edir. Əgər təşkilatın fəaliyyətinin ilk mərhələsində əməkdaşlığın əsasını ortaq tarix, dil və mədəniyyət təşkil edirdisə, hazırda bu əməkdaşlıq iqtisadi inteqrasiya, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, investisiya və yaşıl iqtisadiyyat kimi istiqamətləri əhatə edən çoxşaxəli tərəfdaşlıq modelinə çevrilmişdir. Bu dəyişiklik Türk Dövlətləri Təşkilatının təkcə siyasi dialoq platforması deyil, həm də geoiqtisadi əməkdaşlıq institutu kimi inkişaf etdiyini göstərir.

Azərbaycan bu transformasiyanın əsas təşəbbüskarlarından biridir. Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər təşkilat daxilində praktiki əməkdaşlıq mexanizmlərinin genişlənməsinə mühüm töhfə vermişdir. Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş Bəyannamədə Orta Dəhlizin inkişafı, nəqliyyat əlaqələrinin gücləndirilməsi, Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi, rəqəmsal inteqrasiya və yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi bunun bariz nümunəsidir.

Qəbələ Zirvə Görüşü isə Azərbaycanın türk dünyasının inteqrasiyasında aparıcı rolunu bir daha təsdiqlədi. Zirvə çərçivəsində regional təhlükəsizlik, nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi, iqtisadi inteqrasiya və Türk Dövlətləri Təşkilatının institusional gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edildi ki, bu da Azərbaycanın artan beynəlxalq nüfuzunun və təşəbbüskar diplomatiyasının növbəti təzahürü oldu.

Qəbələ Zirvə Görüşündə qəbul olunan qərarlar Türk Dövlətləri Təşkilatının siyasi və iqtisadi əməkdaşlığını yeni mərhələyə yüksəltməklə yanaşı, Azərbaycanın təşkilat daxilində lider mövqeyini və regional sülhün, təhlükəsizliyin təmin edilməsində artan rolunu bir daha nümayiş etdirdi. Bu siyasətin mərkəzində Orta Dəhliz dayanır. Müasir geosiyasi şəraitdə Orta Dəhliz yalnız alternativ yükdaşıma marşrutu deyil, Avropa ilə Asiya arasında iqtisadi, nəqliyyat və logistika əlaqələrini yeni keyfiyyət mərhələsinə yüksəldən geoiqtisadi platformadır. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu platformanın əsas infrastruktur elementlərini təşkil edir. Bu layihələr Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirməklə yanaşı, ölkəni Avrasiya nəqliyyat sisteminin əsas əlaqələndirici mərkəzlərindən biri kimi mövqeləndirir.

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər də eyni strateji yanaşma əsasında inkişaf edir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla siyasi dialoqun intensivləşməsi, nəqliyyat, enerji, yaşıl iqtisadiyyat, rəqəmsal texnologiyalar və investisiya sahələrində həyata keçirilən birgə layihələr göstərir ki, Azərbaycan bu regionu yalnız ikitərəfli əməkdaşlıq müstəvisi kimi deyil, vahid Avrasiya inteqrasiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir.

Bu kontekstdə Xəzər dənizinin geosiyasi funksiyası da dəyişir. Əvvəllər daha çox coğrafi sərhəd kimi qəbul edilən Xəzər bu gün Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm kommunikasiya və əməkdaşlıq məkanına çevrilmişdir. Azərbaycanın müasir liman infrastrukturu, gəmiçilik potensialı və logistika imkanları bu transformasiyada həlledici rol oynayır.

Beləliklə, Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin ayrıca istiqaməti deyil, onun yeni Avrasiya strategiyasının əsas sütunlarından biridir. Bu strategiya geosiyasi bloklaşmaya deyil, qarşılıqlı faydaya, iqtisadi inteqrasiyaya və davamlı əməkdaşlığa əsaslanır. Məhz bu yanaşma Azərbaycanın Avrasiya məkanında etibarlı tərəfdaş, geoiqtisadi əlaqələndirici və regional əməkdaşlığın təşəbbüskarlarından biri kimi mövqeyini daha da möhkəmləndirir.

Son bir ildə Azərbaycanın xarici siyasətində müşahidə olunan dinamikanın ən mühüm nəticələrindən biri ölkənin beynəlxalq sistemdə funksional rolunun əhəmiyyətli dərəcədə dəyişməsidir. Əgər əvvəlki mərhələlərdə Azərbaycan əsasən enerji istehsalçısı və tranzit ölkə kimi qiymətləndirilirdisə, bu gün o, regional sabitliyin möhkəmləndirilməsinə, geoiqtisadi əməkdaşlığın genişlənməsinə və müxtəlif geosiyasi mərkəzlər arasında dialoqun inkişafına töhfə verən etibarlı strateji tərəfdaş kimi qəbul olunur. Bu dəyişiklik beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar fonunda xüsusi əhəmiyyət kəsb edir. Qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşməsi, enerji və ərzaq təhlükəsizliyinin ön plana çıxması, təchizat zəncirlərinin yenidən qurulması və geosiyasi rəqabətin dərinləşməsi dövlətləri etibarlı tərəfdaşlarla əməkdaşlığa daha çox üstünlük verməyə sövq etmişdir. Azərbaycanın uzun illər ərzində formalaşdırdığı ardıcıl və proqnozlaşdırılan xarici siyasət bu yeni reallıqda onun strateji əhəmiyyətini daha da artırmışdır.

ABŞ ilə siyasi dialoqun intensivləşməsi, Avropa İttifaqı ilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi, Çinlə Orta Dəhliz üzrə əlaqələrin inkişafı, Körfəz ölkələrinin bərpa olunan enerji və logistika layihələrinə artan marağı eyni geosiyasi tendensiyanın müxtəlif istiqamətlərini əks etdirir. Bu münasibətlərin hər biri fərqli siyasi və iqtisadi maraqlara əsaslansa da, onları birləşdirən ortaq məqam Azərbaycanın etibarlı, məsuliyyətli və uzunmüddətli tərəfdaş kimi qəbul edilməsidir.

Xüsusilə Vaşinqtonda keçirilmiş yüksək səviyyəli Azərbaycan–ABŞ–Ermənistan görüşü göstərdi ki, Azərbaycan artıq regional məsələlərin yalnız müzakirə olunduğu ölkə deyil, onların həllində fəal rol oynayan və sülh gündəliyinin formalaşmasına təsir göstərən siyasi aktordur. Eyni zamanda Avropa İttifaqı ilə münasibətlərdə əməkdaşlığın enerji sahəsindən yaşıl enerji, nəqliyyat, rəqəmsal bağlantılar və kritik xammal istiqamətlərinə doğru genişlənməsi tərəfdaşlığın strateji xarakter aldığını nümayiş etdirir.

Çin üçün Azərbaycan Orta Dəhlizin etibarlı həlqəsi, Mərkəzi Asiya dövlətləri üçün Avropa bazarlarına çıxışı təmin edən strateji tərəfdaş, Körfəz ölkələri üçün isə sabit investisiya mühiti və uzunmüddətli iqtisadi əməkdaşlıq platforması kimi çıxış edir. Bu müxtəlif yanaşmaların ortaq məntiqi ondan ibarətdir ki, Azərbaycan müxtəlif geosiyasi maraqları qarşıdurma müstəvisinə deyil, əməkdaşlıq platformasına yönəltməyi bacaran dövlət kimi qəbul edilir.

Beləliklə, son bir ilin diplomatik mənzərəsi göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması ayrı-ayrı siyasi hadisələrin nəticəsi deyil. Bu, ardıcıl dövlət siyasətinə, etibar kapitalına və milli maraqların çoxtərəfli əməkdaşlıq prinsipləri ilə uzlaşdırılmasına əsaslanan strateji inkişaf modelinin məntiqi nəticəsidir. Məhz bu model Azərbaycanın regional aktordan daha geniş geosiyasi məkanın etibarlı tərəfdaşına çevrilməsini təmin etmişdir.

Son bir ilin xarici siyasət hadisələrinin təhlili göstərir ki, Azərbaycanın beynəlxalq mövqeyində baş verən dəyişikliklər ayrı-ayrı diplomatik uğurların və ya situativ təşəbbüslərin məcmusu deyil. Bu proseslər uzunmüddətli dövlət strategiyasının məntiqi davamı olmaqla, ölkənin beynəlxalq sistemdə funksional rolunun keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiq edir. Azərbaycan artıq regional proseslərə uyğunlaşan dövlət kimi deyil, onların formalaşmasına təsir göstərən, əməkdaşlıq təşəbbüsləri irəli sürən və müxtəlif geosiyasi mərkəzlər arasında etimadın möhkəmlənməsinə töhfə verən məsuliyyətli aktor kimi çıxış edir.

Aparılmış təhlil göstərir ki, bu transformasiyanın əsasını dövlət suverenliyinin tam bərpası, ardıcıl və balanslaşdırılmış xarici siyasət, uzun illər ərzində formalaşdırılmış etibar kapitalı və Azərbaycanın Avrasiya məkanında geoiqtisadi əlaqələndirici rolunun güclənməsi təşkil edir. Məhz bu amillərin vəhdəti ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirmiş, onu regional sabitliyin, enerji təhlükəsizliyinin, nəqliyyat-kommunikasiya əlaqələrinin və çoxtərəfli əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirmişdir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin geosiyasi çəkisi artıq yalnız hərbi və iqtisadi resurslarla müəyyən olunmur. Beynəlxalq etimad formalaşdırmaq, öhdəliklərə sadiqlik nümayiş etdirmək, çoxtərəfli əməkdaşlıq platformalarında təşəbbüskar mövqe tutmaq və milli maraqları qlobal dəyişikliklərə çevik şəkildə uyğunlaşdırmaq dövlətlərin strateji üstünlüyünü müəyyən edən əsas meyarlara çevrilmişdir. 

Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasət bu yanaşmanın uğurlu praktik nümunəsidir.

Beləliklə, Azərbaycanın geosiyasi transformasiyası təkcə milli diplomatiyanın yeni inkişaf mərhələsini deyil, həm də dəyişən beynəlxalq münasibətlər sistemində orta güclü dövlətlərin milli maraqları qorumaqla yanaşı, regional və qlobal əməkdaşlığın formalaşmasına təsir göstərə biləcəyini nümayiş etdirən strateji dövlət davranış modelini ifadə edir. 

Bu model Azərbaycanın qarşıdakı dövrdə də Cənubi Qafqazla məhdudlaşmayan, bütövlükdə Avrasiya məkanında etibarlı tərəfdaş, geoiqtisadi əlaqələndirici və konstruktiv diplomatik təşəbbüslərin müəllifi kimi mövqeyini daha da möhkəmləndirəcək.

 

Mehriban Vəliyeva 

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada