Braziliyanın Santa-Katarina Federal Universitetinin alimləri araşdırdıqları zolaqlı ton balıqlarının 96 faizində parazitlər aşkar ediblər.
Modern.az xəbər verir ki, tədqiqatın nəticələri Ocean and Coastal Research jurnalında dərc olunub.
Alimlər Braziliya sularında geniş yayılmış və kommersiya baxımından əhəmiyyətli olan Katsuwonus pelamis növünü araşdırıblar. Tədqiq edilən 53 balıqdan 96 faizinin parazitlərlə yoluxduğu müəyyənləşib.

Araşdırma zamanı balıqlarda 1600-dən çox kiçik qurd və onların həyat fəaliyyətinin izləri aşkarlanıb. Parazitlər əsasən bağırsaqlarda, daha sonra əzələ toxuması və mədədə qeydə alınıb. Ürək və böyrəklərdə isə heç bir parazitə rast gəlinməyib.
Mütəxəssislər müəyyən edilən parazitlər arasında Anisakis və Trypanorhyncha cinslərinin nümayəndələrinin olduğunu bildiriblər. Anisakis-in bəzi növləri çiy və ya kifayət qədər bişirilməmiş balıq yeyildikdə insanlarda qarın ağrısı, ürəkbulanma, qusma və ishala səbəb ola bilər.
Bununla belə, alimlər balıqda parazitlərin aşkarlanmasının avtomatik olaraq istehlakçılar üçün təhlükə yaratması demək olmadığını vurğulayırlar. Parazitlərin əksəriyyəti balığın düzgün istilik emalından keçirilməsi zamanı məhv olur.
Tədqiqatçılar təzə balığın düzgün təmizlənməsinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Onların sözlərinə görə, daxili orqanlar mümkün qədər tez çıxarılmalıdır ki, sürfələrin daxili orqanlardan qida üçün istifadə olunan əzələ toxumasına keçməsinin qarşısı alınsın.
Alimlər həmçinin qeyd ediblər ki, araşdırma kiçik miqyasda aparılıb və yalnız bir regionu əhatə edib. Buna görə də bu nəticələrin bütün dünya okeanlarındakı ton balıqlarına aid olduğunu söyləmək hələ mümkün deyil.