Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev şəhid ailələrinin üzvləri – “Biznesin təşkili və idarə edilməsi” ixtisasının tələbəsi Aysu Əmrahova və “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbəsi Nicat Mikayılovla görüşüb.
Modern.az xəbər verir ki, görüşdə onlara BMU tələbəsi adı qazanmaları münasibətilə ən səmimi təbriklərini çatdıran rektor bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması xalqımızın tarixində ən şanlı səhifələrdən biridir. Bu tarixi Zəfər şəhidlərimizin canı və qanı bahasına qazanılıb. Buna görə də şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Qeyd olunub ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının və layiqli həyat şəraitinin təmin olunması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindəndir. Prezidentin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğı bu ailələrin cəmiyyətimizdə xüsusi ehtiramla əhatə olunmasının bariz nümunəsidir.
Rektor vurğulayıb ki, tarixi Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına qayıdışının təmin olunması Azərbaycanın Zəfərdən sonra qarşıya qoyduğu mühüm məqsədlərin ardıcıl şəkildə reallaşdırıldığını göstərir.
Yaqub Piriyev bildirib ki, şəhid ailələrinin üzvü olan tələbələrə hərtərəfli dəstəyin göstərilməsi BMU üçün xüsusi əhəmiyyət daşıyır. Universitet onların keyfiyyətli təhsil alması ilə yanaşı, fərdi inkişafının, sosial rifahının və gələcək karyera imkanlarının dəstəklənməsinə də xüsusi önəm verir.
Görüş zamanı tələbələrin təhsili, sosial vəziyyəti və universitet həyatında qarşılaşdıqları məsələlərlə maraqlanan rektor onların fikir və təkliflərini dinləyib. Eyni zamanda, onların təhsil aldıqları müddətdə qarşılaşa biləcəkləri sosial və digər məsələlərin operativ həlli, universitetdə həyata keçirilən layihə və təşəbbüslərə daha fəal cəlb olunması məqsədilə müvafiq tapşırıqlar verilib. Şəhid ailələrinin üzvü olan tələbələrin təhsil və gələcək karyera məsələlərinin daim diqqətdə saxlanılacağı, onların inkişafı üçün mövcud imkanlardan maksimum yararlanmasına şərait yaradılacağı vurğulanıb.
Qeyd edək ki, Aysu Əmrahova və Nicat Mikayılov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladlarıdır. Aysunun atası, kiçik çavuş Saməddin Əmrahov Murovdağ istiqamətində gedən döyüşlərdə, Nicatın atası, gizir Nahid Mikayılov isə Azərbaycanın bir sıra rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki şəhidin Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib və onlar ölümündən sonra müxtəlif medallarla təltif ediliblər.


